"AB Azərbaycan insanının Avropa dəyərlərinə yaxın olmasını istəyirsə, vizanı ləğv etsin”
Avropa Birliyinin (AB) Gürcüstan kimi Azərbaycanla da viza rejimini ləğv edə biləcəyi haqda məlumatlar yayılıb. Lakin bildirilir ki, bundan ötrü AB-nin Azərbaycana həm demokratiya, həm qanunvericilik bazasının yaradılması üçün şərtləri var. Qurum Azərbaycanda siyasi islahatların dərinləşdirilməsini və ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzvlüyünü istəyir. Azərbaycanla bağlı prosesin gedişi və hansı sonucların gözlənildiyi barədə ortaya çıxan suallarımızı deputat Zahid Oruc cavablandırdı.
Onun sözlərinə görə, təşkilatla Azərbaycan arasında əməkdaşlıq ölkəmizin müstəqilliyi dövründə bütün dönəmlərdə olub: "2013-cü ildən Ukrayna ətrafında məlum hadisələr AB ilə yaxın qonşuluq layihəsi çərçivəsində yer alan ölkələr arasında münasibətləri dəyişdirdi. Çünki bu dövlətlərin özünün xarici siyasət istiqamətləri bir-birindən kəskin şəkildə fərqlənməyə başladı. Hətta GUAM çərçivəsində qeyd etdiyimiz siyasətin vahidliyini qorumaq mümkün olmadı. Çünki ona qədər Ukrayna ərazisinin bir hissəsi işğal olunmamışdı. Yerdə qalanlarının isə vəziyyəti bəllidir. Belə olan təqdirdə Azərbaycan regional şəraiti dəyərləndirərək AB ilə münasibətləri strateji əməkdaşlıq formatına keçirmək üçün fərqli müqavilə imzalanmasını təklif etdi. Bu, artıq Brüssel tərəfindən anlayışla qarşılandı və bu istiqamətdə yaxın günlərdə yeni sənədin imzalanması gerçəkləşəcək”.
Deputat düşünür ki, artıq AB-nin Gürcüstan və Ukrayna ilə bağlı viza rejiminin ləğvi qərarından sonra bu yöndə Azərbaycanla da addımlarını qətiləşdirməyə ehtiyac var:"Doğrudur, bəziləri Azərbaycanın buna hazır olmadığını iddia edir. Hesab edirəm ki, bu, çox yanlış müşahidədir. Birincisi, ona görə ki, Azərbaycan AB-nin ən etibarlı iqtisadi tərəfdaşıdır. Bizim xarici ticarət dövriyyəmizdə bu ölkələrin nə qədər mühüm yer tutduğunu rəsmi statistik göstəricilərlə sübuta yetirmək mümkündür. İkincisi, biz AB ilə münasibətlərimizin mühüm bir hüquqi və siyasi dövrünü arxada qoymuşuq. Lakin bölgədə həssas şəraiti də qətiyyən inkar etmək mümkün deyil. Açıq şəkildə demək lazımdır ki, bu münasibətlər bölgədə bir sıra dövlətləri ciddi şəkildə narahat etməkdədir. Həm də onlar bunu praqmatik iqtisadi maraqlarla izah edirlər. Məsələn, Rusiya bəyan edir ki, Ukraynanın AB ilə iqtisadi əlaqələri onların məhsullarının gömrük rüsumu olmadan Rusiya məkanına daxil olması kimi bir vəziyyət yaradır ki, bu, onlar üçün milyardlarla dollar itki deməkdir. Hesab edirəm ki, AB bu illər ərzində Azərbaycanın etibarlı enerji, iqtisadi tərafdaşlığına, qət edilmiş siyasi yolun böyük bir hissəsinə rəğmən, Azərbaycan vətəndaşlarına da viza rejiminin ləğvi qərarını verməlidir. Gerçəkdən onlar istəyirlərsə ki, Azərbaycan insanı Avropa dəyərlərinə daha yaxından qovuşsun, Avropanın hüquqi və siyasi arealında özünü yaxşı hiss etsin, digər məkanlar və dəyərlər fərqini müqayisəli bir şəkildə öz həyatında yaşasın, viza rejiminin ləğvinə getməlidirlər. İndi Azərbaycan vətəndaşları Şengen vizası almaq üçün xeyli sərt prosedurlardan keçməli olurlar. Hər bir vətəndaş öz bank hesabına 3 min dollardan yuxarı vəsait qoymalıdır. Bir sıra hallarda Azərbaycan vətəndaşları həmin vizanın alınması üçün rüşvət tələbi ilə də üz-üzə qalırlar”.
Viza rejiminin ləğvi üçün Azərbaycana qoyulan öhdəliklər və şərtlərə gəlincə, Z.Oruc qeyd etdi ki, bu şərtlərin qəbulunun Azərbaycandakı siyasi, hüquqi, iqtisadi proseslərin AB-nin inhisarına keçəcəyi barədə düşüncələr məsələyə səthi yanaşmadır. Narahatlığa əsas yoxdur: Azərbaycanla AB arasında viza rejiminin ləğvinin Azərbaycanın AB-yə inteqrasiyasına ciddi yol açacağından Rusiyanın narahatlığına və Moskvanın bu prosesə mane ola biləcəyinə gəlincə, deputat dedi ki, bu məsələləri Rusiya hakimiyyəti ilə anlayışla müzakirə etmək mümkündür: "Azərbaycan bu illər ərazində Rusiyadan özünə təhlükə gözləmədiyi kimi, biz də anti-Moskva bloklarında yer almamışıq, Qərb dövlətlərinin Kreml əleyhinə sanksiyalarını müdafiə etməmişik. Əksinə, bir sıra hallarda Avropa Şurasında o mövqeni sərgiləmişik ki, konfrontasiya regional gərginliyi artırır və təhlükəsizliyə zərbə vurur. Zamanında İranla da bağlı mövqelərimizi bu şəkildə göstərmişik. Rusiyanın öz vətəndaşlarının investisiya qoyma və digər iqtisadi əlaqələrində AB-yə üz tutma çox ciddi şəkildə müşahidə edilir. Bizim üçün də AB ilə əməkdaşlıqda sırf iqtisadi, hüquqi, siyasi əlaqələr önəmlidir. Azərbaycan AB ölkələrinin hərbi bazalarını gətirib Kürdəmirdə, Nasosnıda yerləşdirməyi təklif eləmir. Viza rejiminin ləğvi bunu nəzərdə tutmur. Biz AB ilə əməkdaşlığı ABŞ tanklarının gəlib sərhədimizdə keşik çəkməsi müstəvisində nəzərdə tutmuruq. Azərbaycanın AB ilə əməkdaşlığı Rusiya əleyhinə koridorun qurulmasında iştirak kimi nəzərdə tutulmr.
Azərbaycan belə bir xarici siyasət doktrinasına malik deyil. Azərbaycan ərazisində bu cür xarici hərbi bazaların yerləşdirilməsinə qarşı Hərbi Doktrinada, Milli Təhlükəsizlik Konsepsiyasında müddəa var. AB arealında Azərbaycanın tam hüquqlu üzvlüyü şübhəsiz ki, bu bölgənin arxitekturasına təsir edər, ancaq proses artıq bizim iradəmizdən kənarda getməkdədir. Bu bölgənin dövlətləri dəqiq seçimlərini edirlər. Biz də üzərimizə başqa xarakterli öhdəliklər götürmədən, sırf iqtisadi, siyasi, vətəndaşlarımızın gediş-gəlişini asanlaşdıran münasibətlərə gedəcəyimiz halda bundan heç bir tərəf itirməyəcək. Çox ümidvaram ki, AB tərəfindən müsbət qərar veriləcək”.