Politoloq: "ABŞ Rusiyaya seçim etməyi məsləhət görür: ya Əsəd, İran və ”Hizbullah"; ya da ABŞ və müasir dünya ilə əməkdaşlıq"
ABŞ dövlət katibi Reks Tillersonun Moskva səfərinin kritik keçəcəyi barədə təxminlər özünü tam doğrultdu. Vaşinqtonun Suriya məsələsində "güzəştlərə son” mövqeyindən çıxış etməsini həzm edə bilməyən Rusiya özü də bu səfərə çox ciddi hazırlaşmışdı.
Ancaq nə Rusiya xarici işlər naziri Sergey Lavrovla beş saat çəkən söhbətdə, nə də əvvəlcədən səfər proqramından çıxarılan, sonra isə bərpa olunan prezident Vladimir Putinlə gərgin danışıqlarda anlaşma əldə olunmaması Tramp administrasiyasının geri çəkilmək niyyətində olmadığını bir daha isbatladı.
Politoloq Şahin Cəfərli bunu Moskva görüşünü "Yeni Müsavat”a şərh edərkən söylədi. Onun sözlərinə görə, hələ ki ixtilaflar güclənir və dərinləşir: "Bunun iki səbəbi var. Birinci səbəb ABŞ daxili siyasətində baş verənlərlə bağlıdır. Konqresdə, dövlət aparatında, mediada güclü anti-Rusiya əhval-ruhiyyəsi mövcuddur. Konqresdə hər iki partiya hesab edir ki, Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi, Moskvanın Əsəd rejiminə və İrana dəstək verməsi, eləcə də Ukrayna məsələsi ilə əlaqədar Rusiyaya qarşı daha sərt mövqe ortaya qoyulmalıdır. Prezident Tramp Vaşinqtonda hökm sürən bu əhval-ruhiyyəni gözardı edə bilməz, xüsusən nəzərə alsaq ki, onun öz partiyadaşları - respublikaçılar Rusiya məsələsində kifayət qədər aqressivdir. Digər tərəfdən, bilirsiniz ki, ABŞ-dakı seçkilərdən sonra Tramp komandasının Rusiya ilə gizli əlaqələrinə dair başlayan qalmaqal hələ də səngimir. ABŞ Federal Təhqiqatlar Bürosunun bununla bağlı təhqiqatı genişləndirməsi məsələnin ciddiliyindən xəbər verir”.
Ş.Cəfərli qeyd etdi ki, belə bir vəziyyətdə Tramp həm Rusiya ilə hər hansı gizli əlaqəsinin olmadığını nümayiş etdirmək, həm də Konqresdən dəstək almaq üçün Rusiyaya qarşı mövqeyini sərtləşdirməyə məcbur görünür: "Başqa bir məqam ondan ibarətdir ki, Trampın müdafiə-təhlükəsizlk-kəşfiyyat blokunun başına gətirdiyi şəxslər ənənəvi dövlət xəttinin təmsilçiləridir və hazırda prezident komandası daxilində məhz onların mövqeyi ağırlıq qazanıb. ABŞ-Rusiya gərginliyinin artmasının ikinci səbəbi isə Suriyada baş verən son hadisələrlə əlaqədardır. Tramp administrasiyasının Rusiya ilə məsləhətləşmədən Suriya ərazisinə raket zərbələri endirməyə qərar verməsi, İdlibdəki kimyəvi hücum hadisəsində birmənalı olaraq Bəşər Əsədi ittiham etməsi və bu məsələdə Obama dövründəki siyasətə qayıdaraq Əsədin iqtidardan uzaqlaşdırılmasını tələb etməsi Moskvada ciddi narahatlıqla qarşılanıb. Tillerson Moskvaya səfərindən bir neçə saat əvvəl Rusiyanın qarşısında çox konkret tələb qoydu, hətta ABŞ və Rusiya mediası bunu ultimatum kimi qiymətləndirdilər”.
Politoloqun sözlərinə görə, ABŞ Rusiyaya seçim etməyi məsləhət görür: ya Əsəd, İran və "Hizbullah”; ya da ABŞ və müasir dünya ilə əməkdaşlıq: "Bu məsələ, eləcə də iki ölkə arasında problem yaradan digər mövzular Tillersonun həm Lavrov, həm də Putinlə görüşündə müzakirə olunub. Təbii ki, gizli görüşlərdə nələrin müzakirə olunduğunu bilmirik, amma mən görüşdən sonra Lavrov və Tillersonun keçirdiyi mətbuat konfransını diqqətlə izlədim. Açıq görünürdü ki, tərəflər hələ ki anlaşmaqdan çox uzaqdır. Lakin Lavrov ”biz hər hansı şəxsi dəstəkləmirik" deməklə Əsədin taleyi ilə bağlı sövdələşmələrə açıq olduqlarının mesajını verdi. Ümumiyyətlə, Lavrov iki ölkə arasında münasibətlərin pisləşməsinin günahını Obamanın boynuna qoymaqla və ABŞ-la Rusiyanın ortaq maraq nöqtələrini, məsələn, beynəlxalq terrorizmə qarşı mübarizə məsələlərini vurğulamaqla atmosferi yumşaltmağa çalışırdı. Lakin Tillerson kifayət qədər sərt danışdı. O, Rusiyanı ABŞ seçkilərinə müdaxilə etməkdə, Ukraynada və Suriyada destruktiv rol oynamaqda ittiham etməkdən çəkinmədi. Xüsusən Ukrayna ilə bağlı konkret mövqe mənim diqqətimi çəkdi. Tillerson bəyan etdi ki, Ukrayna məsələsi həll olunmadan ABŞ-Rusiya münasibətlərinin yaxşılaşması mümkün deyi".
Siyasi ekspert xatırlatdı ki, Rusiya və ABŞ arasındakı problemlər təkcə Suriya və Ukrayna ilə məhdudlaşmır: "Ən azı bu problemlər qədər ciddi olan başqa ixtilaf mövzuları da var. Məsələn, 2010-cu ildə imzalanmış Strateji Hücum Silahlarının İxtisarına dair Müqavilənin müddəti 2021-ci ildə bitir. Rusiya bu sənədin müddətinin uzadılmasını istəsə də, ABŞ tərəfi hələ ki buna isti yanaşmır. Tramp hələ Putinlə ilk telefon danışığında ona bildirmişdi ki, Obamanın imzaladığı bu müqavilə ABŞ-ın maraqlarına cavab vermir. Növbəti problem ABŞ-ın Rusiyanı 1987-ci ildə imzalanmış kiçik və orta mənzilli raketlərin ləğvi barədə müqaviləni pozmaqda ittiham etməsidir. Artıq Konqres üzvləri Tramp hökumətindən bu məsələ ilə bağlı çox sərt addımlar atılmasını tələb edirlər. Daha bir məsələ isə ABŞ-ın qlobal raket hücumundan müdafiə sistemi quruculuğunu davam etdirməsidir. Bu, uzun müddətdir ki, Rusiyanı ciddi narahat edir, lakin ABŞ tərəfi kiçik Buş dövründə startı verilən bu layihədən imtina etmək fikrində deyil. Bütün bu sadalananlar ABŞ və Rusiya arasında problemlərin nə qədər dərin olduğunu göstərir”.