ATƏT-in “tufanqabağı sakitlik” öncəsi yaydığı Qarabağ hesabatı nəyi dəyişəcək

Münaqişənin həlli ilə bağlı "5 qəpiklik” iş görməyən ATƏT-ə 45 408 avroluq yardım etmişik; Ermənistanın təcavüzkar siyasətinə, sülh danışıqlarından imtina etməsinə beynəlxalq qurumdan ciddi reaksiyanın olmaması suallar yaradır; Qarabağın həll prosesi "ölü qurum”dan alınıb BMT-yə həvalə oluna bilərmi?

 Ermənistandakı parlament seçkilərindən sonra Qarabağ danışıqlarında hansısa irəliləyişlərin olacağı barədə bəzi müşahidəçilərin gözləntiləri hələ ki reallaşmayıb. Belə görünür ki, ölkədəki seçki prosesindən bəhanə olaraq yararlanaraq danışıqlardan yayınan İrəvan "status-kvo”nun saxlanması üçün maksimal surətdə əlindən gələni edir.

Əslində Ermənistan parlamentinin müharibə tərəfdarlarından, daha da konkretləşdirsək, Qarabağda separatçılığın yayılmasında, sonrakı mərhələdə başlanan müharibədə törədilən cinayətlərdə iştirak etmiş ünsürlərdən təşkil olunması, Levon Ter-Petrosyanın şəxsində güzəştli sülh tərəfdarlarının kənarda saxlanması birmənalı qarşılanmır. Xüsusilə də 2018-ci ilin aprelində Serj Sərkisyanın səlahiyyətlərinin başa çatacağına işarə edən müşahidəçilər işğalı ölkədə yeni hakimiyyətin formalaşmasının danışıqların daha bir neçə il uzanması fürsəti yaradacağını güman edirlər. Ona görə də hesab olunur ki, Sərkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyasının formalaşdıracağı hökumət Azərbaycana daha çox sərf edir, nəinki yeni hansısa qüvvə. Yəni artıq Sərkisyan hakimiyyəti bütün iç üzünü ortaya qoyub, onunla danışmaq, bu alınmasa, danışıqlardan imtinanı əsas gətirib torpaqların hərb yolu ilə azad olunmasına qərar vermək daha məqbul yol sayılır.


Düzdür, hələ ki Levon Ter-Petrosyan 2 aprel seçkilərinin nəticələri ilə barışmaq niyyətində deyil və Konstitusiya Məhkəməsinə də şikayət etməyi düşünür. Lakin Ermənistanı gecikmədən sülh imzalamağa çağıran eks-prezidentin ölkədə vəziyyəti dəyişmək imkanlarının olmadığını hər kəs gördü. Eks-prezident Robert Köçəryanın dediyi kimi, kasıb erməni seçicisi öz səsini 8 dollara Sərkisyan rejiminə satdı.


Ancaq bu, erməni xalqının problemidir və bundan sonra Qarabağ ətrafında baş verəcək hadisələr Azərbaycanı daha çox maraqlandırır. Hər halda, Bakının prinsipial mövqeyində hər hansı dəyişiklik yoxdur və bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Polşada estoniyalı həmkarı Sven Mikserlə görüşü zamanı dedikləri bir daha təsdiqləyir. "Dağlıq Qarabağ münaqişəsinin həlli və regional əməkdaşlıq mühitinin yaradılması üçün Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır” - nazir bəyan edib. E.Məmmədyarov qeyd edib ki, Avropa İttifaqı tərəfindən dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət məsələsində vahid yanaşmanın tətbiq edilməsi vacibdir. Ermənistanın davranışları isə ondan xəbər verir ki, işğalçı geri çəkilmək niyyətində deyil. 
Bu arada Avropa Parlamentinin sabiq prezidenti və alman sosial-demokratların lideri, qarşıdakı Bundestaq seçkilərində indiki kansler Angela Merkelin əsas rəqibi sayılan Martin Şultsun Qarabağ məsələsinin həllinə də ciddi təsir edə biləcək ideyası diqqəti özünə cəlb edib. "Mən hesab edirəm ki, alman xarici siyasəti Avropa Birliyinin siyasəti çərçivəsində böhranların önlənməsinə, inkişaf sahəsində daha sıx əməkdaşlığa və beynəlxalq institutların güclənməsinə stavka eləməlidir. Bu xüsusda bizim prinsipimiz ondan ibarətdir ki, bütün beynəlxalq konfliktlər BMT rəhbərliyinə qaytarılmalıdır”, - deyə alman siyasətçi vurğulayıb. Uzun illərdir "ölü quruma” çevrilən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətsizliyi, prosesin sonsuzluğa qədər uzadılması fonunda səsləndirilən BMT ideyası çox cəlbedicidir.

Image result for Elxan Şahinoğlu


Politoloq Elxan Şahinoğlu "Yeni Müsavat”a aşıqlamasında dedi ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin BMT çərçivəsində müzakirəsi Azərbaycanın maraqlarına cavab verir: "Çünki bu təşkilatın torpaqlarımızın azad olunması ilə bağlı 4 qətnaməsi var və onlar yerinə yetirilmir. BMT-də müzakirələr başlayarsa və ya münaqişənin həllinə bu təşkilat məsul olarsa, Azərbaycanın haqqını tələb etmək imkanı yaranacaq. Ancaq təəssüf ki, müzakirələrin ATƏT müstəvisindən BMT müstəvisinə keçməsi mümkün deyil. Bunun iki səbəbi var. Birinci səbəb odur ki, Minsk Qrupu ATƏT-ə bağlıdır və bu formatı bir başqasıyla əvəz etmək çətindir. İkincisi, BMT-nin özü Dağlıq Qarabağla məşğul olmaq istəmir, topu ATƏT-ə atır. Ermənistanda Qarabağ müzakirələri genişlənib. Bu bizim xeyrimizədir. Bu müzakirələrin başlanmasında aprel döyüşlərinin və işğalçı ölkənin verdiyi çoxsaylı itkilərin də təsiri var. Çünki Ermənistan vətəndaşları ölkə hüdudlarından kənarda nə xidmət etmək, nə də ölüm təhlükəsi ilə üzləşmək istəyir. Ona görə də Ermənistanın siyasi dairələrində və cəmiyyətində Qarabağla bağlı diskussiyalar genişlənir. Anlamağa başlayıblar ki, Azərbaycan və Türkiyə ilə əbədiyyətə qədər düşmənçilik Ermənistanı uçuruma aparır. Nə qədər Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmayıb, bu ölkənin səfalətdən qurtulması mümkün deyil. Doğrudur, hakimiyyət hələ ki bu diskussiyaların genişlənməsində maraqlı deyil. Ancaq bu mövzunu başqaları qaldırır və hakimiyyət reaksiya vermək məcburiyyətindədir”.


Bu arada ATƏT növbəti, 2016-cı il üçün illik hesabatında Qarabağ məsələsinə yer ayırıb və mövqeyində ənənəvilikdən irəli gedə bilməyib. "Ötən il Dağlıq Qarabağda cəbhə xəttindəki gərginliyə və ümumilikdə danışıqlar prosesində irəliləyişin az olmasına baxmayaraq, ATƏT münaqişələrin sülh yolu ilə davamlı həllinə səy göstərməkdə davam edir” - sənəddə deyilir. Hesabatda həmçinin bildirilir ki, 2016-cı ildə Azərbaycanın ATƏT-ə yardımı 45 408 avro təşkil edib. 
Əslində Azərbaycan quruma, sadəcə, artıq pul verib. Çünki bu təşkilat münaqişənin həlli naminə 5 qəpiklik belə iş görə bilməyib, yaxud görməyib. Keçən ilin hesabatında Ermənistanın işğalçı siyasəti, təxribatları, Şuşada saxlanılan girov vətəndaşlarımız, mülki əhalinin hədəfə alınması və digər faktlar əksini tapmayıb, işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoyulub. Belə çıxır ki, bu qurum, sadəcə, öz varlığının nümayişi üçün çalışır və ənənəvi bəyanatı, hesabatı, bölgəyə səfərləri də yalnız buna xidmət edir.


Politoloq E.Şahinoğlu da hesab edir ki, ATƏT-in Minsk Qrupu tükənib. "Poblemi həll etmək üçün fəaliyyət göstərmir, yeganə dərdi atəşkəsin uzanması və nə vaxtsa münaqişənin həllinə nail olmaqdır. Bu isə bizim maraqlarla daban-dabana ziddir” - ekpert bildirdi.

Image result for Elçin Mirzəbəyli


Politoloq Elçin Mirzəbəyli isə qəzetimizə dedi ki, Ermənistanda keçirilən seçkilərin Qarabağ məsələsinə təsir edəcəyi barədə hər hansı bir gözləntisi olmayıb: "Seçkidən öncə bunu sizinlə söhbətimizdə də qeyd etmişdim və bildirmişdim ki, Ermənistan yaranmış vəziyyətdən danışıqlar prosesinin uzadılması və mövcud status-kvonun qorunub-saxlanılması üçün istifadə edəcək. Ermənistanda konfliktin həlli müstəvisində üzə çıxan ziddiyyətləri isə iki aspektdən dəyərləndirmək olar: bunlardan biri süni şəkildə yaradılmış ziddiyyətlərdir ki, Sərkisyan və onun peyk partiyaları və təşkilatları tərəfindən həyata keçirilir. Bu həm ölkə daxilində mövcud olan real ziddiyyətlərin kölgədə qalmasına və real təşəbbüsə çevrilməsinin qarşısının alınmasına xidmət edir, həm də Ermənistan hakimiyyətinə ictimai rəyə istinad etməklə manipulyativ davranışlar sərgiləməyə imkan yaradır”.


Siyasi şərhçinin sözlərinə görə, Dağlıq Qarabağ məsələsində Ermənistan hakimiyyəti ilə gerçəkdən fikirləri haçalanan və əks mövqedən çıxış edən qüvvələr isə real güc sahibləri deyillər: "Diqqət yetirsəniz, seçkiyə ”Yaxın qonşuluq və sülh" şüarı ilə qatılan yeganə siyasi qüvvə - Erməni Milli Konqresi və onun lideri Levon Ter-Petrosyan seçki zamanı baş verən saxtakarlıqlara demək olar ki, heç bir reaksiya vermədi. Hətta hakim partiyadan başqa parlamentə düşən digər siyasi partiyalar seçkilərin total şəkildə saxtalaşdırıldığını bəyan etdilər, amma Ter-Petrosyan yeni seçilən parlamentin üzvlərini təbrik etməklə kifayətləndi və dolayısıyla məğlubiyyətini etiraf etdi. Bu həm də "Yaxın qonşuluq və sülh” şüarının iflasa uğradığının etirafı kimi də dəyərləndirilə bilər. Ehtimal oluna bilər ki, bu, öncədən və məqsədyönlü şəkildə düşünülmüş bir strategiya olub. İndi bu barədə dəqiq fikir söyləmək çox çətindir. Problem ondadır ki, işğal prosesinə son qoyulmasının və sülhün tərəfində olanlar real siyasi gücə malik deyillər. Amma məsələnin digər tərəfi də var: bir müddət öncə Ermənistanda torpaqların Azərbaycana qaytarılmasından danışmaq belə mümkün deyildi. Bu barədə danışanlara ən yaxşı halda "xəyanətkar” damğası vurulurdu. Amma Ter-Petrosyan başda olmaqla, Erməni Milli Konqresi bu barədə danışdı və linç olunmadı. Bu isə öz növbəsində Ermənistanda mövcud olan və rejimin sərt ideoloji təbliğatı əsasında formalaşmış tabuları sıradan çıxardı".


E.Mirzəbəyli mövcud vəziyyətdə düşmən ölkədəki durumun aşağıdakından ibarət olduğunu vurğuladı: "Deməli, bundan sonra Ermənistanda sülhdən və işğala son qoyulmasından danışılması üçün maneə qalmayıb və rejimin öz rəqiblərini ləkələmək üçün istifadə etdiyi ən kəskin silahı kəsərdən düşüb. Ermənistanda baş verən proseslərin içərisində bizim maraqlarımıza, qlobal anlamda isə həm də erməni xalqının maraqlarına uyğun gələn yeganə məqam budur”.


Politoloq əmindir ki, Sərkisyanın səlahiyyətlərinin bitməsi və davam etməsi heç nəyi dəyişməyəcək: "İndi real hakimiyyət parlamentdədir. Parlamentdə isə üstünlüyü Sərkisyanın Respublika Partiyası təşkil edir. Qaqik Çarukyanın ”Çiçəklənən Ermənistan" Partiyası isə 27 deputatla parlamentdə 2-ci sıradadır. Çarukyan eyni zamanda sabiq prezident Robert Köçəryanla birlikdə Rusiya ilə sıx biznes əlaqələri olan iş adamıdır. Bu isə o deməkdir ki, Respublika Partiyası kimi Çarukyan bloku və "Çiçəklənən Ermənistan” Partiyası da Kreml texnoloqlarının işarələrinə uyğun hərəkət edəcəklər".


Bu ərəfədə "Zərbə KH” pilotsuz uçuş aparatı barədə müdafiə sənayesi naziri Yavər Camalovun açıqlaması Ermənistanda ciddi qorxu yaradıb. İstiPress-in məlumatına görə, erməni hərbi ekspertlər bu açıqlamalara dərhal cavab verərək qorxuya düşmüş erməni ictimaiyyətini sakitləşdirməyə çalışıblar. Y.Camalov hökumətin son iclasında "Zərbə KH” (kumulyativ başlıqlı) pilotsuz uçuş aparatının düşmənin canlı qüvvəsini, hərbi texnikasını və hərbi obyektlərini 100 kilometr məsafədə tam müəyyən etmək və məhv etmək iqtidarında olduğunu bildirmişdi. İşğalçı həm qorxur, hay-küy qaldırır, həm də sülh danışıqlarına qayıtmamaq üçün süni bəhanələr uydurur. Hər halda, şübhə yox ki, sükut çox çəkməyəcək.


Adətən "tufanqabağı sakitlik” olur və ardınca heç kəsin proqnozlaşdırmadığı fəlakətlər yaşanır. Keçən ilin aprel döyüşlərindən qabaq da təmas xəttində bir müddət sakitlik hökm sürmüşdü...




[email protected]