"Prezident istəsə, vitse-prezident təyin etməyə də bilər”
Prezident İlham Əliyevin "2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş ”Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması barədə" sərəncamının icra edilməsi üçün qoyulan son müddət bu gün başa çatır.
Sərəncam 12 oktyabr 2016-cı ildə verilib və icra müddətinin 6 ay olduğu xüsusi qeyd edilib. Qeyd edək ki, sərəncamda Nazirlər Kabinetinə altı ay vaxt verilirdi ki, hüquqi-aktların konstitusiya dəyişikliyinə uyğunlaşdırılmasını təmin etsin və dəyişikliklərdən irəli gələn müvafiq hüquqi aktların layihələrini hazırlayıb prezidentə təqdim etsin. Bu müddətin bitməsi üçün 2017-ci il 12 aprel son tarixdir. Nazirlər Kabinetinin sərəncamda nəzərdə tutulan məsələləri nə dərəcədə, tamamilə həyata keçirib-keçirmədiyi barədə hələ ki rəsmi açıqlama verilməyib. Bir sıra siyasilər və hüquqşünaslar isə iddia edir ki, aprelin 12-dək vitse-prezidentlərin təyinatı olmalı idi, bu müddət son tarix sayılır. Birinci vitse-prezident təyinatı artıq həyata keçirilib, lakin vitse-prezidentlərin təyinatı da mütləq aprelin 12-nə qədər reallaşdırılmalıydı.
İxtisasca hüquqşünas olan deputat Fazil Mustafa isə "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hansısa hüquqşünas və ya siyasətçinin bu cür fikirlər bildirməsi təəccüblüdür. Görünür, belə şəxslər konstitusiyada həyata keçirilən dəyişikliyi dəqiq oxumayıblar.
Oktyabrın 12-də qüvvəyə minmiş Referendum Aktına əsasən, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir, növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətləri birinci vitse-prezidentə keçir: "Prezident vitse-prezident təyinatını edə də bilər, etməyə də bilər. Çünki edib-etməmək məsələsində konstitusiyada imperativ bir göstəriş yoxdur. Prezident istəsə, heç vitse-prezident təyin etməyə bilər. Bu, birbaşa onun səlahiyyətindədir. Qanunda imperativ tələb olmadığı üçün buna müstəsna səlahiyyət kimi baxılmalıdır. Aprelin 12-nə qədər olan müddət vitse-prezidentlik institutunun müəyyən hüquqi mexanizmlərini, fəaliyyət sferasını, vəzifə və səlahiyyətlərinin bütün detallarının müəyyənləşməsi baxımından sərəncamla nəzərdə tutulan müddətdir. Bu müddət heç də vitse-prezidentlərin təyinatı üçün qoyulmuş müddət deyil. 12 aprel müddətinin vitse-prezidentlərin təyin olunub-olunmamasına aidiyyəti yoxdur. Məsələləri bir-biri ilə qarışdırmaq doğru deyil. Nazirlər Kabineti ola bilsin ki, sabah açıqlayar ki, mexanizm hazırdır. Müəyyən əsasnamələrin hazırlanması, vitse-prezident vəzifələrində olan şəxslərin müəyyən statuslarının dəqiqləşdirilməsi, sənədləşdirilməsi vaxt aparan işlərdir. Çünki dəqiq səlahiyyətlər bölgüsü aparılmalıdır ki, məsələn, bilinsin ki, baş nazirin səlahiyyətləri nədir, vitse-prezidentlərin səlahiyyətləri nədir. Səlahiyyət bölgüsü aparılmasa, müəyyən prosedur və idarəetmə problemləri yarada bilər. Bu məsələlər həllini tapandan sonra prezident istənilən vaxt vitse-prezident təyin eləyə bilər. Qanunda konkret tələb qoyulmayıb ki, dəqiq filan vaxtda və ya filan vaxta qədər bu təyinatlar həyata keçirilməlidir. Prezidentin səlahiyyətindədir ki, istədiyi vaxt təyinat həyata keçirsin.
Tapşırığın icrası üçün son müddətdən söhbət gedirsə, Nazirlər Kabineti bir açıqlama verməlidir. Amma vitse-prezidentin təyinatı məsələsinin müddətə bağlanması yanlışdır".
Deputat konstitusiyada vitse-prezidentin konkret neçə nəfər olmasının da qeyd edilmədiyini vurğuladı: "Say göstərilmir. Amma anlaşılan budur ki, 1-ci vitse-prezident varsa, minimum bir vitse-prezidentin olması qanunun mahiyyətindən doğur. Qanunda 1-ci vitse-prezident ifadəsi varsa, deməli, vitse-prezident də olmalıdır”.
Onu da bildirək ki, konstitusiyaya görə, artıq ölkədə hakimiyyət iyerarxiyasında ikinci rəsmi şəxs baş nazir yox, birinci vitse-prezidentdir. Vitse-prezidentlərin isə sayının iki olacağı deyilir.