Vaşinqton-Moskva qarşıdurmasında Bakı neytral qalmalıdır

Dünyanın iki nəhənginin arasındakı gərginliklər Dağlıq Qarabağ probleminin həllini çətinləşdirəcək, yoxsa yeni fürsət yaradacaq; politoloq: "Bu halda Rusiyanın Ermənistana yardımı və müdafiəsi də zəifləyəcək”

 


Bir sıra müşahidəçilər hesab edir ki, Suriya ətrafında yaşanan gərginliklər növbəti, daha təhlükəli fazaya keçərsə, bu, dünya düzəninin dəyişməsinə qədər davam edə bilər. İndiki situasiyada Vaşinqton və Moskva arasında başlanmış "söz dueli”nin nə ilə nəticələnəcəyini heç kim proqznozlaşdıra bilmir. Aprelin 12-də Moskvaya səfəri nəzərdə tutulan ABŞ dövlət katibi Reks Tillersonun aparacağı danışıqlardan da çox şey asılı olacaq.


İki nəhəngin arasındakı problemlərin dinc yolla çözümü Azərbaycanın da ciddi maraq dairəsindədir. Bakı balanslı siyasət yürütdüyü üçün hər iki paytaxtla normal münasibətlərini sürdürməyə qərarlıdır, nəinki seçim etməyə, yaxud tərəf tutmağa. Lakin Azərbaycanın iradəsindən kənar hadisələr də baş verə bilər.


Suriya ətrafında baş verənlərin Qarabağ üçün nələr vəd etdiyi də günün suallarındandir. Rusiya Suriyanı tərk edib Qafqazlarda yerləşə, Ermənistanda növbəti bazalar qura, yaxud Gürcüstandakı separatçı bölgələrdə bazalarını genişləndirə bilərmi? Ola bilərmi ki, Suriya anlaşması postsovet məkanının Rusiyanın tam tabeliyinə keçməsini şərtləndirsin? Yoxsa Tramp bu alverə getməz? Qarabağın azadlığı üçün şans yaranır, ya əksinə?


ABŞ-Rusiya gərginliyi Azərbaycan üçün nə vəd edir? Bundan əvvəl iki ölkənin ordu generalının görüş yeri Bakı olmuşdu. İndi artıq vəziyyət kritikdir və az qala müharibə həddindədir. Deməli, ölkəmiz də təhdidlərlə üz-üzə qala bilər. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin məhz bu ərəfədə Bakıya səfəri, Xəzərdə başlanan irimiqyaslı hərbi təlimlər ölkəmizin savaş nöqtəsindən çox da uzaq olmadığını deməyə imkan verir.


Rusiyalı politoloq Qriqori Trofimçuk təhlükəli xəbərdarlıq edib. O deyib ki, Amerika müxtəlif vasitələrlə regionda öz təsirini genişləndirəcək. "Vaşinqton Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da öz yanaşmasını təqdim edəcək və bu yanaşma əvvəlkindən daha kəskin olacaq. ABŞ Rusiyanı Qarabağ münaqişəsinin nizama salınmasından uzaqlaşdırmağa çalışacaq. Xüsusilə Vaşinqton Suriya məsələsində öz mövqeyini irəli çəkməyi bacaracaqsa, Qarabağ üzərində də Rusiyanın mövqelərinə hücum edəcək. Ümumiyyətlə, Suriyada çox şey aşkar olacaq. Biz Rusiyanın ya bütün istiqamətlər üzrə zəifləməsini, ya da möhkəmlənməsini görəcəyik” deyə, rusiyalı politoloq qeyd edib. (publika.az) Hər halda, iki həmsədr ölkənin üz-üzə dayanması Qarabağın taleyinə təsirsiz ötüşməyəcək.


Politoloq Hikmət Hacızadə deyir ki, Vaşinqton-Moskva münasibətlərindəki gərginləşmə davam edərsə, Azərbaycan baş qoşmamalıdır: "Amma Amerika Rusiyanı sakitləşdirsə, bu, bizə ancaq xeyir verəcək. Xüsusilə də Qarabağ məsələsində. Bu halda Rusiyanın Ermənistana yardımı və müdafiəsi də zəifləyəcək. Onda Ermənistanla biz özümüz bacaracağıq”.


"ABŞ və Rusiya arasında gərginliyin baş verə biləcəyi gözlənilən idi. Trampın seçkiöncəsi verdiyi bəyanatlara və Rusiya siyasətçilərinin vaxtından tez sevinmələrinə rəğmən, Birləşmiş Ştatların öz strateji maraqlarından geri çəkiləcəyini gözləmək sadəlövhlük olardı. Buna ABŞ-ın siyasi sistemi yol verməzdi və vermədi də”. Politoloq Elçin Mirzəbəyli bunu mövcud situasiyanı şərh edərkən söylədi.


Onun dediyinə görə, Trampın Rusiya ilə bağlı seçkiöncəsi açıqlamaları və bu açıqlamalara qarşı sərt reaksiyalar əks-effekt verdi: "Bəlkə də öncədən hesablanmış bir texnologiya özünü doğrultdu. Tramp Rusiyaya qarşı son 10 ilin ən sərt davranışını sərgilədi və Amerika siyasətinin üzünü, eyni zamanda öz xarakterini göstərdi. Son hadisələr, Bəşər Əsədin Rusiya hərbi kontingentinin açıq dəstəyi ilə dinc əhaliyə divan tutması və buna qarşı ABŞ-ın sərt cavabı tamamilə yeni bir reallıq yaradıb. Rusiya bunu gözləmirdi. Bu hadisə Rusiyanın nüfuzuna ciddi və sarsıdıcı zərbə vurub. Kremlin çaşqınlığı öz elçilərini tələm-tələsik müxtəlif ölkələrə göndərməsindən, telefon zənglərindən də açıq-aşkar hiss olunur. Bu hadisədən sonra ABŞ və təbii ki, prezident Tramp geri çəkilməyəcək”. E.Mirzəbəyli hesab edir ki, hər şey Rusiyanın bundan sonrakı davranışlarından asılıdır: "Əgər Rusiya cavab addımları atmağa səy göstərəcəksə, o zaman daha sərt reaksiyalarla qarşı-qarşıya qalacaq. Tramp üçün geriyə yol yoxdur. O, nəyin bahasına olursa-olsun ”rusiyapərəst" yarlığından qurtulmağa və prezidentliyinin ilk dövrlərində verdiyi uğursuz qərarları kompensasiya etməyə çalışacaq. Obamanın uğursuz prezidentliyi dönəmi sübuta yetirdi ki, Rusiyaya beynəlxalq arenada geniş manevr imkanlarının verilməsi Moskvanın iştahasını daha da artırır. Bu isə öz növbəsində daha çox region ölkələri üçün müəyyən problemlər qaradır. Birqütblü dünya bu qütbün kim tərəfindən idarə olunmasından asılı olmayaraq, təhlükəlidir. Bu qütb Rusiya kimi beynəlxalq öhdəliklərə məhəl qoymamaq kimi tarixi "ənənələri” olan aqressiv bir ölkə olanda vəziyyət daha kritik olur".


Rəsmi Bakının tutmalı olduğu mövqeyə gəldikdə, politoloq dedi ki, qüvvələr balansının qorunub-saxlanılması təkcə Azərbaycanın deyil, əksər dövlətlərin marağındadır: "Proseslərin gedişi haqda öncədən fikir söyləmək çox vacibdir. Yaranmış vəziyyətin bizim üçün həm mənfi, həm də müsbət tərəfləri var. Zənnimcə, indi proseslərdə imkan daxilində müşahidəçi mövqeyində dayanmaq daha əlverişlidir”. Rusiyanın bölgədə aktivliyinə gəldikdə isə E.Mirzəbəyli qeyd etdi ki, bu fəallıq Obamanın hakimiyyətinin ilk illərindən artmağa başlayıb və özünün maksimal həddinə çatıb: "Bu baxımdan, hesab edirəm ki, artıq ABŞ Avropaya da Rusiya təhlükəsinin real olduğunu başa sala bilib. Düşünürəm ki, indi diqqət daha çox Rusiyanın Şərqi Avropaya təsir imkanlarının azaldılmasına yönələcək. Ola bilsin ki, bu, Şərqi Avropada, Baltik və Qara dəniz hövzəsində müəyyən gərginliyin yaranmasına da səbəb olsun. Suriyada da eyni proseslərin davam edəcəyini gözləyirəm. O ki qaldı ABŞ-Rusiya və bu ikitərəfli əlaqələrin maksimum təsir dairəsində olan Türkiyə-Rusiya münasibətlərinin yaxşı və ya pis olmasına və bu münasibətlərin Azərbaycana təsirinə, biz təcrübəmizdə bunun hər iki tərəfini görmüşük. Dövlətləri də insanlar idarə edirlər və bu baxımdan dövlətlərin təbiəti də insanlardan fərqlənmir. Böyük güclər anlaşanda kiçikləri unudurlar”.




[email protected]