Rusiyanın Xəzərdə "əzələ nümayişi”nə başladığı gündə bu ölkənin baş xəfiyyəsi Bakıya gəldi; Patruşev getməmiş Türküyə admiralı paytaxtımıza varid oldu – bölgədə nə baş verir?..
Azərbaycan yenidən regional geosiyasi proseslərin episentrində yer alıb. ABŞ və Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəislərinin Bakı görüşündən sonra bu, növbəti analoji gəlişmə hesab oluna bilər. Belə təəssürat yaranır ki, ölkəmiz ətrafında hansısa mühüm bir proses başlayıb və bu prosesdə Azərbaycana da strateji coğrafi məkan olaraq, özünəməxsus yer ayrılıb.
Son bir həftədə Bakıya xüsusən də şimaldan emissar axınının artması diqqət çəkir. O sırada ilk öncə Rusiyanın əsas təbliğat ruporlarından olan araşdırmaçı-jurnalist, teleaparıcı Vladimir Solovyovun Bakı səfəri və səfər çərçivəsində prezident İlham Əliyevlə görüşünü qeyd eləmək lazım gəlir. Ardınca Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycana gəldi və prezident İlham Əliyevlə görüşdü. Dünən isə Patruşev Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə bir araya gəlib.
Rəsmi məlumatlara görə, bu təmaslar zamanı ölkələr arasında ikitərəfli münasibətlər, beynəlxalq və regional təhlükəsizlik məsələlərini, o cümlədən Yaxın Şərq, Suriya məsələlərini müzakirə ediblər. "Nikolay Patruşev və Ramiz Mehdiyev Azərbaycan və Rusiya arasındakı əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını, ikitərəfli dialoqun həmişə etimadlılıq və konstruktivliklə fərqləndiyini qeyd ediblər”. Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin press-relizində belə deyilib. Tərəflər həmçinin təhlükəsizlik sahəsində Rusiya-Azərbaycan əməkdaşlıq məsələlərini də müzakirə ediblər.
*****
Dünən isə Türkiyə Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Bülənd Bostanoğlu Azərbaycana 3 günlük rəsmi səfərə gəlib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır. Admiral B.Bostanoğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycanın Hərbi Dəniz Qüvvələri Komandanlığı, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə tanışlığı da nəzərdə tutulub.
Maraqlıdır ki, türk admiralın səfəri Patruşevn Bakını tərk etdiyi günə və Xəzərdə Rusiya hərbi gəmilərinin döyüş hazırlığı vəziyyətinə gətirilməsindən cəmi bir gün sonraya təsadüf edir. Bu olaylar arasında birbaşa bağlılıq olmasa da, əslində məntiqi əlaqə yox deyil. Hər necə olmasa, Rusiyanın Xəzərdə növbətin "əzələ nümayişi”ndən həmişəki kimi, Azərbaycana da pay düşür. Patuşevin Bakı səfərinin həm də Xəzər dənizində belə bir "güc nümayişi” fonunda reallaşması diqqətdən yayına bilməz.
Belə olan surətdə Türkiyə Hərbi Dəniz Qüvvələri komandanının Bakıda gəlişi müəyyən mənada yerinə düşür və 1 nömrəli təbii müttəfiqimizin Azərbaycana müdafiə xarakterli mesajı kimi dəyərləndirilə bilər. Suriya rejiminə ABŞ-ın məlum raket zərbəsindən dərhal sonra gərginləşən ABŞ-Rusiya, həmçinin Ankaranın bu hücumu dəstəkləməsinin ardınca sərinləşən Rusiya-Türkiyə münasibətləri Azərbaycan üçün də yeni situasiya yaradıb.
İstisna deyil ki, Bakı səfərləri həm də mövcud situasiyada Azərbaycanın mövqeyini və yerini dəqiqləşdirmək niyyəti güdür. Yəni bir növ Bakı da seçimlə üz-üzə qoyulmuş kimidir. Bu seçim son günlər gündəmi zəbt eləmiş Rusiya-ABŞ (NATO) hərbi qarşıdurması fonunda xüsusilə aktual görünür.
*****
Bəs iki fövqəlgüc Suriyaya görə toqquşa bilərmi və o halda bu toqquşma Azərbaycanın maraqlarına hansı təsirləri göstərə bilər?
"İstənilən halda Rusiya NATO ilə birbaşa hərbi toqquşmaya getməyəcək”.
Bu sözləri axar.az-a açıqlamasında ABŞ-ın Suriya hökumət qüvvələrinin bazalarına endirdiyi zərbələrdən sonra ABŞ-Rusiya gərginliyinin artması ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, ABŞ Rusiyaya qarşı hərbi strateji tədbirləri daha da sərtləşdirəcək.
"Söhbət Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən gedir. Artıq Konqresdə embarqoların siyahısı dəqiqləşdirilir. Bundan sonra Rusiya üçün ağır günlər başlayacaq. Vaxtilə Rusiyanın Suriya hadisələrində bataqlığa batdığını deyəndə bəziləri bunu istehza ilə qarşılayırdı. Ancaq bu gün aydın olur ki, Rusiya Suriyada çox ciddi problemlə üzləşib. Rusiyanın Suriyadakı hərbi hava zərbələri Moskvanın bu ölkəyə ciddi köməyi anlamına gəlmir. Yaxın vaxtlarda biz ABŞ-ın NATO ilə birlikdə Suriyada irimiqyaslı hərbi əməliyyatlarının şahidi olacağıq. Suriyada Əsədin devrilməsi də bu əməliyyatların tərkib hissəsidir. Bəziləri hesab edir ki, bu, Rusiya-ABŞ toqquşmasına gətirib çıxaracaq. Ancaq Rusiya NATO ilə birbaşa hərbi toqquşmaya getməyəcək. Çünki hərbi qüvvələr nisbəti kəskin şəkildə NATO-nun xeyrinədir. Üstəlik, Rusiyada iqtisadi vəziyyət ürəkaçan deyil. Rusiyanın arxa cəbhəsi ön cəbhəni təchiz etmək qüdrətinə malik deyil. Ancaq Alyans ölkələri texnoloji cəhətdən inkşaf etmiş silah ehtiyatlarına malikdirlər və tez bir zamanda Rusiyanı lokallaşdıra bilərlər. Zənnimcə, Rusiya bundan sonra əvvəlki tək aqressiv olmayacaq və mənasız qarşıdurmalara getməyəcək. Moskva məsələləri kompromislər yolu ilə çözməyə çalışacaq. Əks təqdirdə, Rusiya tarixdə ən böyük məğlubiyyətini yaşaya bilər”, - deyə politoloq qeyd edib.
*****
Politoloqun söylədikləri rus emissarların Bakı səfərlərinin pərdər arxasına başqa yandan güclü işıq salır. Belə qənaət hasil olur ki, ABŞ-ın (NATO-nun) Yaxın Şərq, Suriya böhranı ilə bağlı hansısa gizli "yol xəritəsi” var və bu "xəritə” özündə hərbi faktoru da ehtiva edir. Başqa sözlə, Qərbin yeni hərəkət planı Rusiya və Türkiyənin Suriya ilə bağlı maraqlarına da toxunur və böyük bir region təzədən şəkillənmə ərəfəsindədir. Demək, bölgə ilə həmsərhəd ölkə kimi Azərbaycandan böyük güclərin də umacaqları var.