Vaşinqtondan separatçılara və işğala qarşı ayrı-seçkilik: səbəb nədir?

Gürcüstanın ərazi bütövlüyünü tanıdığını bəyan edən, separatçıların "ağzından vuran” ABŞ Dövlət Departamenti Azərbaycan ərazisindəki separatçıların xətrinə dəymək istəmir; Politoloq: "ABŞ separatçılar arasında fərq qoymaqla, Amerikadakı erməni lobbisi və onun Konqresdəki dəstəkçiləri ilə tərs düşmək istəmir”

 Gürcüstanın işğal olunmuş Cənubi Osetiya bölgəsində aprelin 9-da keçirilmiş qanunsuz referendumun ilkin nəticələri açıqlanıb. Məlumata görə, "referendum”da seçicilərin 78%-nin qanunsuz "Cənubi Osetiya Respublikası”nın eyni zamanda "Alaniya dövləti” adlanmasına tərəfdar çıxdığı bəyan olunub.

Referendumla eyni vaxtda separatçılar "prezident seçkisi” də keçirib. Novator.az-ın məlumatına görə, namizədlərdən heç biri ilk turda qələbə qazana bilməyib. Göründüyü kimi, separatçılar "demokratiya” görüntüsü yaratmaqla diqqəti daha çox özlərinə cəlb etmək istəyirlər. "Prezident seçkiləri”nin ikinci turu da şoularla müşayiət olunacaq. Bu şouda digər separatçı qurumların, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki qanunsuz rejimin "nümayəndə heyəti” də "müşahidəçi” qismində çıxış edirdi. Bundan əvvəl qarşılıqlı səfərlər həyata keçirən tanınmamış separatçı qurumlar bu minvalla özlərini beynəlxalq birliyə sırımağa çalışırlar. Qeyd edək ki, Cənubi Osetiya Gürcüstanın tərkibində muxtar vilayət olub. Bu vilayət, eləcə də Abxaziya bölgəsi 1990-cı illərdən özünü "müstəqil dövlət” elan etmiş rejimlərin əlindədir. 2008-ci ildəki müharibə zamanı isə Rusiya Abxaziya və Cənubi Osetiyanı hərbi təcavüzlə işğal edərək onları "müstəqil dövlət” kimi tanıyıb. Beynəlxalq birliyin çağırışlarına baxmayaraq, işğala son verməyən Rusiya, üstəlik, hər iki bölgədə özünün hərbi bazalarını qurub. Vaxtaşırı Cənubi Osetiyanın Rusiyanın Şimali Osetiya Respublikasına (Alaniya) birləşdirilməsi təklifləri də səslənib.


Görünür, Suriya böhranının içərisində olan Rusiya Krımı ilhaqın ardınca dünya birliyini qıcıqlandıracaq növbəti addımdansa, daha zərərsiz addıma getməyə qərar verib. Ümumiyyətlə, separatçıların "adqoyma” prosesi başlayıb. Bundan əvvəl, bu ilin 20 fevralında işğal altındakı Azərbaycan ərazilərində keçirilmiş qanunsuz "konstitusiya referendumu”nda Dağlıq Qarabağ bölgəsinin də adı "dəyişdirilib”, separatçı rejim "Artsax respublikası” adını əsas ad olaraq seçib.


Cənubi Osetiyadakı "referendum”, gözlənildiyi kimi, separatçılar və Rusiya istisna olmaqla, tanınmadı. Separatçılıqdan və işğaldan əziyyət çəkən Azərbaycan da Cənubi Osetiyanın müstəqilliyini və nəticə etibarilə, 9 aprel 2017-ci ildə Cənubi Osetiyada keçirilmiş qondarma seçkiləri və referendumun nəticələrini tanımadığını bəyan etdi. Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.


Ancaq Gürcüstan ərazilərindəki qanunsuzluğa ABŞ-dan verilən fərqli reaksiya Azərbaycanda geniş diskussiyalara səbəb oldu. Belə ki, Dağlıq Qarabağdakı 20 fevral "referendumu”na səfirlik səviyyəsində ənənəvi, sıradan reaksiya verən Vaşinqton qonşu ölkəyə münasibətdə tamam fərqli davrandı. ABŞ Dövlət Departamenti aprelin 9-da Gürcüstanın separatçı Cənubi Osetiya regionunda keçiriləcək "prezident seçkiləri” və addəyişmə "referendumu” barədə xüsusi bəyanat yaydı. Bəyanatda bildirildi ki, ABŞ bu "seçkiləri”, eləcə də martın 12-də Gürcüstanın digər işğal olunmuş bölgəsi - Abxaziyada keçirilmiş "parlament seçkiləri”ni tanımır: "Qanunsuz seçki və referendum Gürcüstan ərazisində ölkə hökumətinin icazəsi olmadan keçiriləcək. ABŞ Gürcüstanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini tam dəstəkləyir. Bizim Cənubi Osetiya və Abxaziya ilə bağlı mövqeyimiz aydın və daimidir. Bu regionlar Gürcüstanın ayrılmaz tərkib hissəsidir”.


Diqqət edildisə, ABŞ "Gürcüstanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini tam dəstəkləyir”, - deyə, sorğu-suala yer qoymur. Ancaq Qarabağ separatçılarına münasibətdə biz tamam fərqli mövqenin şahidi oluruq. Düzdür, Vaşinqtonun postsovet məkanındakı separatçı ocaqlara fərqli yanaşmasının əvvəllər də şahidi olmuşuq. Hətta rəsmi şəxslər səviyyəsində iddia olunub ki, Dağlıq Qarabağ məsələsi digər münaqişələrdən fərqlənir. Ancaq bu fərqin nədən ibarət olmasını aydınlaşdıra bilməyiblər.


ABŞ Konqresinin Qarabağ separatçılarına müzakirələrində tribuna tanıması, separatçılara, həmçinin işğalçı Ermənistana on illər boyunca maliyyə yardımlarının ayrılması, Amerikada"Qarabağa yardım” adı altında keçirilən ianətoplama prosesinə yaşıl işıq yandırılması və s. faktlar Azərbaycanda hər zaman etirazla qarşılanıb. Xüsusilə ona görə ki, Vaşinqton heç zaman digər separatçı qurumların təmsilçilərinə bu cür humanist davranmış sərgiləməyib. BMT Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməyən üç həmsədrdən biri də təəssüf ki, ABŞ olmuşdu. Hansı ki, Gürcüstanla bağlı ərazi bütövlüyünü birmənalı şəkildə prioritet hesab edir. Nə baş verir, münaqişələrə, separatçılığa fərqli münasibətin kökündə nə dayanır: ikili standartlarmı, xristian təəssübkeşliyimi, yoxsa...


"Cənubi Osetiyada 9 apreldə keçirilən ”prezident" seçkisi və "referendum” Moskvanın ssenarisinin tərkib hissəsi idi".

Bu fikirlər "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur. Ekspert "Yeni Müsavat”a bildirdi ki, Kreml bu bölgəyə tam nəzarət edir: "Şübhə etmirəm ki, ”referendum" yolu ilə bölgənin adının dəyişdirilməsi də Kremlin ideyasıdır. Bu yolla gələcəkdə Cənubi Osetiyanın Gürcüstana birləşdirilməsini daha da mürəkkəbləşdirirlər".


E.Şahinoğlu da təsdiqləyir ki, ABŞ Dövlət Departamentinin Cənubi Osetiyadakı "seçkiyə” və "referenduma” münasibəti kəskin oldu: "Elə Azərbaycan Xarici İşlər Nazirliyi Cənubi Osetiyada keçirilmiş qondarma seçkilər və referendumla əlaqədar kəskin bəyanat yaydı. Azərbaycan Cənubi Osetiyada keçirilmiş qondarma seçkiləri və referendumun nəticələrini tanımır. Gürcüstan da Dağlıq Qarabağda keçirilən ”seçkilərə" hər zaman sərt reaksiya verir. Yəni bu məsələdə Gürcüstan və Azərbaycan bir-birinə dəstəklərini əsirgəmirlər. Buna baxmayaraq, Azərbaycanın siyasi dairələrində Vaşinqtonun bu cür "seçkilərə” verdiyi reaksiyalara fərqlilik müzakirə olunur. Azərbaycan cəmiyyəti istəyirdi ki, Dövlət Departamenti Dağlıq Qarabağda keçirilən "referenduma” da eyni sərt münasibət bəsləsin. Məsələn, Dövlət Departamentinin Cənubi Osetiyadakı "seçki” və "referendum”la bağlı bəyanatında bu cümlələr yer alıb: "ABŞ bu ”seçkiləri", eləcə də martın 12-də Gürcüstanın digər işğal olunmuş bölgəsi - Abxaziyada keçirilmiş "parlament seçkiləri”ni tanımır. Qanunsuz seçki və referendum Gürcüstan ərazisində ölkə hökumətinin icazəsi olmadan keçiriləcək. ABŞ Gürcüstanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini tam dəstəkləyir. Bizim Cənubi Osetiya və Abxaziya ilə bağlı mövqeyimiz aydın və daimidir. Bu regionlar Gürcüstanın ayrılmaz tərkib hissəsidir". Fevralın 20-də də Dağlıq Qarabağda "referendum” keçirildi. Təəssüf ki, Dövlət Departamenti həmin "referendum”a kəskin münasibət bildirmədi, Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyi qədər Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edən bəyanat yayınlamadı. Sadəcə, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta jurnalistlərin Dağlıq Qarabağda "referendumla” bağlı çoxsaylı suallarına cavab olaraq dedi ki, ABŞ digər dövlətlər kimi, Dağlıq Qarabağın müstəqilliyini tanımır".


Politoloq bir məqamı da vurğuladı ki, R.Sekuta o zaman "referendumun” mahiyyətinə də münasibət bildirmədi: "Amerikalı diplomatlar qeyri-rəsmi söhbətlərdə Dağlıq Qarabağdakı müxtəlif ”seçkilərə" adətən belə münasibət bildirirlər: "Dağlıq Qarabağ Azərbaycan ərazisi saysaq da, orda hansısa formada idarəetmə mövcud olmalıdır. Ona görə də Dağlıq Qarabağda prezident, parlament və bələdiyyə seçkilərini pisləməyi lazım bilmirik”. Bu arqumenti o zaman qəbul etmək olar ki, Dövlət Departamenti oxşar "seçkilərə” də eyni münasibət bəsləsin".


E.Şahinoğlunun sözlərinə görə, ona qalsa, Cənubi Osetiyada da "prezident seçkisi” keçirilirdi. Məntiqlə Cənubi Osetiya əhalisi də ona görə "prezidentini” seçir ki, bölgədə normal idarəetmə olunsun: "Buna baxmayaraq, Dövlət Departamenti haqlı olaraq son bəyanatıyla bu cür ”idarəetmənin" əleyhinə olduğunu vurğulayır. Bəs onda Dağlıq Qarabağdakı eyni "idarəetməyə” niyə göz yumulur?"


Politoloqun sözlərinə görə, Dövlət Departamentinin oxşar hadisələrə iki fərqli münasibəti ikili standartlardan irəli gəlmir. Sadəcə, Vaşinqton Cənubi Qafqaz ölkələri arasında Gürcüstanı özünə daha yaxın sayır: "Gürcüstan hakimiyyətinin özü də Qərb institutlarına inteqrasiya olunmaq üçün fəal siyasət həyata keçirir, Avropa İttifaqı və NATO ilə əməkdaşlığını genişləndirir. Bu siyasət isə Vaşinqtonda rəğbət doğurur. Digər tərəfdən, Dövlət Departamenti Dağlıq Qarabağ separatçıları ilə Cənubi Osetiya separatçılarına fərq qoymaqla Amerikadakı erməni lobbisinin və onun Konqresdəki dəstəkçiləri ilə tərs düşmək istəmir. Təsadüfi deyil ki, Konqresdə erməni lobbisi ilə sıx əlaqədar olan bir qrup konqresmen yenidən Dağlıq Qarabağa maliyyə dəstəyi mövzusunu gündəmə gətiriblər. Bunun nəticəsidir ki, 2015-ci ilin may ayında Dağlıq Qarabağda keçirilən ”parlament" seçkisinə münasibətdə Dövlət Departamenti "Dağlıq Qarabağ xalqı” ifadəsini işlətmişdi. Bu ifadə rəsmi Bakının narazılığına səbəb olmuşdu. Bununla əlaqədar olaraq Azərbaycan XİN-in açıqlamasında bildirilirdi ki, "Dağlıq Qarabağ xalqı” anlayışı mövcud deyil. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi var və bu əhali erməni və azərbaycanlı icmalarından ibarətdir. Bu fakt aydın şəkildə ifadə olunmalı və təsbit edilməlidir".


Ekspert qeyd etdi ki, Dağlıq Qarabağdakı "referenduma” Rusiyanın münasibəti ABŞ-ın münasibətindən heç də fərqlənmədi: "Azərbaycan jurnalistləri Robert Sekutaya ”referendumla" bağlı israrlı sual verməklə yanaşı, həmin günlərdə rusiyalı rəsmilərdən də məsələyə münasibət almaq istədilər. Rusiyalı rəsmilər Dağlıq Qarabağdakı "referenduma” heç bir münasibət bildirmədi. Yalnız Rusiya XİN-in informasiya və mətbuat departamentindən belə bir bəyanat yayıldı ki, "Rusiya referendumun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən asılı olmadığını bildirir”. Faktiki bu o demək idi ki, Dağlıq Qarabağ separatçılarının "referendum” keçirmək hüququ var".


E.Şahinoğlu onu da qeyd etdi ki, həmin günlərdə birmənalı açıqlama İranın Azərbaycandakı səfirliyindən gəldi: "İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məmmədrza Nəcəfi Dağlıq Qarabağdakı ”referendum"la bağlı dedi ki, İran "Dağlıq Qarabağ”ı müstəqil bir respublika olaraq tanımır, buna görə də həmin ərazidə keçirilən "referendum”u, sülh və təhlükəsizliyi təhdid edə biləcək hər hansı bir addımı doğru saymırıq".


Məsələyə rəsmi Bakının da münasibəti çox maraqlı olardı. Lakin təəssüf ki, Azərbaycan XİN-dən ABŞ-ın separatçılarla bağlı sərgilədiyi fərqli kursa reaksiya öyrənə bilmədik. Hər halda, bu, ilk olmadığı kimi, sonuncu fakt da olmayacaq. Yeri gəlmişkən, bundan əvvəl ABŞ-ın ölkəmizdəki səfiri diplomatik korpusun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfərindən də kənarda qalmışdı.




[email protected]