Ekspert: "Təşkilatın bunun üçün əsas şərti odur ki...”
Gürcüstanla Avropa Birliyi ölkələri arasında viza rejiminin ləğvindən sonra Azərbaycanda bu məsələnin aktiv müzakirəsi başlanıb. Milli Məclisin aprelin 7-də keçirilən iclasında çıxışı zamanı deputat Zahid Oruc da bu məsələyə toxunub.
O bildirib ki, Avropa Birliyi Azərbaycan vətəndaşlarına da vizasız səyahət imkanı yaratmalıdır: "Azərbaycan ötən illər ərzində Avropanın ən yaxın siyasi, hüquqi tərəfdaşı olub. Amma bunun əvəzində Azərbaycan vətəndaşları Şengen ərazisinə daxil olmaq üçün çox sərt rejimdən keçməli olur. Qərb təşkilatlarının, Avropa Birliyinin istəyi varsa ki, Azərbaycan vətəndaşları ona tərəf üz çevirsin, o zaman öz qapılarını bu insanların üzünə açmalıdır. Yəni Avropa Birliyi Azərbaycan vətəndaşlarına da vizasız səyahət imkanı yaratmalıdır”.
Bəs, görəsən Azərbaycanın şansları necə qiymətləndirilir, Azərbaycan minimum nələri etməlidir? Sualları cavablandıran "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Azərbaycanla Avropa Birliyi arasında vizasız rejimi tətbiq olunması ilə bağlı ümidlər doğrula bilər: "Lakin çox təəssüf ki, Azərbaycan Avropa Birliyi ilə assosiativ anlaşma imzalamadı. Gürcüstan və Moldova isə belə bir anlaşmanı imzaladılar. Azərbaycan tərəfinin əsas arqumenti bu oldu ki, bu sənəddə Qarabağla bağlı birmənalı fikir yoxdur. Burada başqa bir məqam isə odur ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv deyil. Avropa Birliyinin vizasız rejimi tətbiqi etməkdə əsas şərti həmin dövlətin ÜTT-yə üzv olmasıdır. Biz bu prosesdə geridə qaldıq. Artıq görürük ki, Gürcüstan və Ukrayna Azərbaycanın başı üzərindən Avropa Birliyi ölkələrinə vizasız gediş-gəliş imkanı qazandılar”.
Politoloqun sözlərinə görə, Avropa Birliyi ilə Azərbaycan arasında strateji sənəd hazırlanır:"Fevralın 6-da Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə rəsmi səfəri oldu. Bu görüşlərdə ilk dəfə açıqlandı ki, artıq Avropa İttifaqı ilə Azərbaycan arasında strateji sənəd üzərində iş gedir. İndi işçi qruplar yaradılıb və bu prosesi sürətləndirmək lazımdır. Təbii ki, Avropa Birliyi rəhbərliyinin özünün şərtləri olacaq, Azərbaycan hökumətinin də öz şərtləri olacaq. Ən yaxşı halda ilin sonuna qədər bu sənəddəki şərtlərə uyğunlaşmaq tələb olunur. Avropa Birliyi ölkələri ilə Azərbaycan arasında enerji əməkdaşlığından hər hansı problem yoxdur, ticarət tərəfdaşlığını artırmaq olar. Yəqin ki, Avropa İttifaqının Azərbaycandan siyasi islahatların dərinləşdirilməsi və Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı şərtləri olacaq. Bu şərtlərə əməl olunarsa, Azərbaycan vətəndaşları da Avropa ölkələrinə vizasız gedib-gələ bilərlər. Bu sənəd imzalanmadan, Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədən bu mümkün deyil. Biz ÜTT-yə üzv olmadan yaxın vaxtlarda vizasız rejimin aktivləşməsi mümkün deyil”.
Politoloq Hikmət Hacızadənin bu məsələ ilə bağlı fikirləri heç də nikbin deyil. Onun sözlərinə görə, Avropa Birliyi ilə ölkəmiz arasında viza rejiminin ləğvini ilk növbədə Azərbaycan hökuməti istəməlidir: "Bizim hökumət bunu istəmir. Bizim hökumət Avropaya inteqrasiya siyasətini bir kənara qoyub. Rəsmi olaraq bildiriblər ki, Avropaya inteqrasiya bizə lazım deyil. Azərbaycan təxminən 120 qayda-qanun qəbul etməlidir. Bunun üçün də siyasi iradə lazımdır