Şahin Cəfərli: "Müdafiə nazirinin səfəri iki ölkə arasında hərtərəfli münasibətlərin inkişafı kontekstində dəyərləndirilməlidir”
Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov krallığın vəliəhdinin varisi, Nazirlər Şurası sədrinin müavini, müdafiə naziri şahzadə Məhəmməd bin Salmanla görüşüb.
Müdafiə Nazirliyindən bildirilib ki, görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Müdafiə naziri Səudiyyə Ərəbistanına səfəri çərçivəsində bu ölkədə fəaliyyət göstərən İslam Hərbi Koalisiyası Mərkəzində də olub.
Azərbaycan nümayəndə heyəti qlobal terrorizmə qarşı mübarizəni əlaqələndirən mərkəzlə tanış olub və qurumun fəaliyyəti barədə ətraflı məlumatlandırılıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı işğalçı Ermənistanla diplomatik əlaqə qurmayan dörd müsəlman (digər üç ölkə Türkiyə, Pakistan və Özbəkistandır) ölkəsindən biridir. Böyük investisiya imkanları və geostrateji mövqeyi ilə seçilən Səudiyyə Ərəbistanı Ərəbistan yarımadasının ən inkişaf etmiş və ən güclü ölkələrindən biridir. Bu ölkənin coğrafi mövqeyi strateji baxımdan üç qitənin-Avropa, Afrika və Asiyanın kəsişməsində yerləşdiyi üçün çox böyük əhəmiyyət daşıyır. Səudiyyə Ərəbistanı dedikdə böyük maliyyə imkanlarına sahib olan ölkə yada düşür. Lakin onlar texnologiya və digər bu kimi sahələr üzrə heç də zəngin deyillər. Orta Şərqdə üç əhəmiyyətli güc mərkəzi vardırsa, onlardan biri Səudiyyə Ərəbistanıdır. Xüsusilə İslam üzərindən aparılan debatlarda və ya münaqişələrdə bu ölkəni lider saymaq olar.
Eyni zamanda nüfuzlu regional dövlət kimi onun siyasəti, demək olar ki, bütün ətraf qonşuların və körfəz ölkələrinin siyasətinə xeyli dərəcədə təsir göstərir. Azərbaycanla münasibətlərə Səudiyyədə xüsusi əhəmiyyət verilir.
Bəs Səudiyyə Ərəbistanının Azərbaycan üçün hansı siyasi, hərbi əhəmiyyəti var? Bu ölkənin müdafiə-sənayesi və hərbi qüdrəti Azərbaycan üçün əhəmiyyət kəsb edəcək səviyyədə yüksəkdirmi?
Ekspert Şahin Cəfərli "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, müdafiə naziri Zakir Həsənovun səfərini sırf hərbi nöqteyi-nəzərdən qiymətləndirmək doğru olmaz: "Məncə, sırf hərbi əməkdaşlıq sahəsində tərəflərin əldə edə biləcəyi faydalar o qədər də çox deyil. Amma hərbi-texniki əməkdaşlıq sahəsində əlaqələrin inkişafının müəyyən perspektivləri var. Səudiyyə Ərəbistanında hərbi sənaye inkişaf etməyib, bu ölkə dünyada əsas silah idxalatçılarından biridir. Azərbaycanda isə müdafiə sənayesi yeni qurulur və artıq müəyyən məhsullar istehsal olunur. Həmin məhsullardan bəzilərinin Səudiyyə Ərəbistanına satışı mümkündür. Məsələn, qonşu Gürcüstan bu sahədə bizdən irəlidədir və Səudiyyə tərəfinə hərbi avtomobillər satır. Mənim bildiyimə görə, Azərbaycan hərbi müəssisələrinin də analoji maşınlar istehsal etmək imkanı var və artıq bu istiqamətdə real addımlar da atılır. Əgər Gürcüstan bu cür avtomobil texnikası istehsal edib sata bilirsə, bunu biz niyə etməyək? Eyni zamanda Azərbaycanın müdafiə sənayesi kapital qoyuluşlarına ehtiyac duyur. Bu sahəyə Səudiyyə Ərəbistanından kapital cəlb edilməsi, birgə layihələrin həyata keçirilməsi prinsipcə mümkündür, təbii ki, qarşı tərəfi maraqlandıracaq ciddi innovasion layihələr ortaya qoyularsa.
Fikrimcə, nazirin bu səfəri iki ölkə arasında hərtərəfli münasibətlərin inkişafı kontekstində dəyərləndirilməlidir. Səudiyyə Ərəbistanı ilə ilk növbədə siyasi səviyyədə münasibətlərin inkişafı çox vacibdir. Çünki Səudiyyə Ərəbistanı islam dünyasının lider dövlətlərindən biridir. İstər islam ölkələrinin yaratdığı müxtəlif təşkilatlarda, istərsə də beynəlxalq səviyyəli qurumlarda bu ölkənin siyasi dəstəyinə Azərbaycanın ehtiyacı var. Məsələn, Səudiyyə Ərəbistanının dəstəyi olmasa, İslam Əməkdaşlıq Təşkilatında Azərbaycanın irəli sürdüyü qətnamələrin qəbulu çətin olar. Ötən müddətdə bu qurumda Dağlıq Qarabağ münaqişəsi barədə Azərbaycanın mövqeyini əks etdirən və erməni işğalını qınayan çoxlu sayda sənəd qəbul olunub. İƏT mühüm siyasi platformadır və Azərbaycan Səudiyyə Ərəbistanı kimi ciddi ağırlığı olan tərəfdaşın sayəsində bu təşkilatın birmənalı dəstəyinə malikdir".
Ş.Cəfərlinin sözlərinə görə, BMT çərçivəsində keçirilən səsvermələrdə Səudiyyə Ərəbistanı və onun təsir dairəsinə daxil olan ərəb dövlətlərinin dəstəyi çox əhəmiyyətlidir. İndiyədək BMT Baş Assambleyasında Azərbaycanın müəllifliyi ilə təqdim olunan sənədlərin qəbulunda Səudiyyə Ərəbistanı önəmli rol oynayıb. Bu dəstəyin davam etməsi üçün Ər-Riyadla siyasi əlaqələri yaxşı səviyyədə saxlamaq və inkişaf etdirmək lazımlıdır: "Unutmaq olmaz ki, Səudiyyə Ərəbistanı Dağlıq Qarabağ münaqişəsinə görə hələ də Ermənistanla diplomatik əlaqələr yaratmayıb və bu, çox dəyərli mövqedir.
Digər tərəfdən, Səudiyyə Ərəbistanı dövlətinin regional siyasətdə rolu da vacibdir. Regionda İranın təsirinin genişlənməsi bizi maraqlarımıza uyğun deyil. İranın təsirini Səudiyyə Ərəbistanı ilə əlaqələri genişləndirməklə müəyyən qədər neytrallaşdırmaq mümkündür".
Ekspert onu da vurğuladı ki, Səudiyyə Ərəbistanı ilə əlaqələrin inkişafı heç də Azərbaycanın qapılarını bu ölkə üçün taybatay açmaq mənasına gəlməməlidir: "Sirr deyil ki, bu ölkədəki müəyyən fondlar və qurumlar vəhhabiliyin yayılmasına çalışır və bu sahəyə maliyyə də ayırır. Ona görə də münasibətlərin genişlənməsi neqativ təsirlərin ölkəmizə ayaq açmasına səbəb olmamalıdır”.