Mübariz Əhmədoğlu: "Erməni xalqının seçkidə rəğbəti Levon Ter-Petrosyana idi”
Ermənistanda 2 apreldə keçirilən parlament seçkilərində prezident Serj Sərkisyanın Respublika Partiyası 50 faizə yaxın səslə qalib elan edildi. Beləliklə, işğalçı ölkədə Qarabağ probleminin həllində maraqlı olmadığını hər addımda ortaya qoyan siyasi qüvvə hakimiyyətdə qaldı. Bəs belə bir nəticənin meydana gəlməsini bütünlükdə erməni xalqının mövqeyi, müharibə yolunu seçməsi saymaq olarmı?
Politoloq Mübariz Əhmədoğlu bildirdi ki, bu seçkinin nəticələrində Rusiyanın rolu var, Serj Sərkisyanın Avropa İttifaqı və Qərblə müəyyən kombinasiyalarının təsiri var, seçki saxtakarlığı var, amma bütövlükdə erməni xalqı yoxdur: "Seçkilərin saxtalaşdırıldığı səsvermənin gedişində artıq bəlli idi. Serj Sərkisyanın, Levon Ter-Petrosyanın, Vardan Oskanyanın sənədinin seçki məntəqəsində xüsusi aparat tərəfindən tanınmaması halı əksər sadə seçicilərlə bağlı yaşanıb. Günortaya qədər vebkameralar işləməyib. Serj Sərkisyan seçkini bu dəfə daha çox Avropa İttifaqının iştirakı ilə saxtalaşdırdı. Rusiya ilə da razılıq əldə etdiyi üçün rahat şəkildə saxtakarlığa getdi. Parlamentə düşən deputatların erməni xalqının maraqlarını müdafiə etməsi demək olar ki, olmayacaq. Parlamentə daxil edilən şəxslərin yarısı rusiyapərəstlərdir, yarısı isə qərbpərəstlərdir. Sərkisyana bağlı olan 3-4 deputat var. Həmin deputatların vasitəsilə Serj Sərkisyan parlamenti istədiyi istiqamətə yönəltməyə çalışacaq. Ermənistanın yeni parlamentində erməni xalqının rolu, seçimi demək olar ki, yoxdur. Erməni xalqı, belə demək mümkündürsə, deputatsızdır. Parlamenti xalq seçmədiyi üçün iddia etmək istəmirəm ki, bütün erməni xalqı sülhü yox, müharibəni seçmiş oldu. Erməni xalqının seçkidə rəğbəti Levon Ter-Petrosyana və onun təşkilatına idi. Ermənistanda ən çoxminli seçki mitinqi məhz Levon Ter-Petrosyanın mitinqi olmuşdu. Əhalinin ona rəğbətində Qarabağ məsələsinin sülh yolu ilə həllinin vacibliyi barədə verdiyi məlum bəyanatlar da öz təsirini göstərmişdi. Lakin Serj Sərkisyan xalqın seçiminə məhəl qoymadı”.
Politoloq qeyd etdi ki, baş nazir Karen Karapetyanın reytinqi yuxarıdır. Lakin Serj Sərkisyan çox güman çalışacaq ki, baş nazir indiki müdafiə naziri Vigen Sərkisyan olsun. Çünki Vigen Sarkisyan Serj Sərkisyanın kuklasıdır: "Serj Sərkisyanın indiki baş nazir Karen Karapetyandan ehtiyatlandığı sezilir. Çünki Karen Karapetyan Rusiya tərəfindən dəstəklənən fiqurdur və Viqen Sərkisyan qədər kukla deyil. Serj Sərkisyan isə kukla kimi idarə etdiyi adamın baş nazir olmasını istəyir. Rusiya isə çalışacaq ki, baş nazir kimi Karen Karapetyan qalsın. Rusiya Ermənistanda baş nazir postunu əldən verməyəcək. 2018-ci ilin mayında isə Ermənistanın prezidentini artıq xalq yox, parlament seçəcək. O vaxta qədər Serj Sərkisyan çalışacaq ki, hətta terror yolu ilə olsa da özünə təhlükə ola biləcək və Rusiyadan ciddi dəstək alma ehtimalı olan adamları sıradan çıxarsın”.
Seçkilərin nəticəsinin Dağlıq Qarabağ məsələsinə hansı şəkildə təsir edəcəyinə gəlincə, M.Əhmədoğlu dedi ki, Qarabağ məsələsində təsir rıçağı Ermənistan parlamentinin əlində deyil, Rusiyanın əlindədir.