23 ildə konfliktin həllində dönüşə nail olmayan Minsk Qrupu həmsədrləri sərt tənqidə tuş gəldilər; rusiyalı tanınmış politoloq: "Niyə görə pul alırsınız, yerinizi boşaldın”
Qarabağda sülh gecikir. Şəksiz ki, ən əvvəl vasitəçilik institutunun dişsiz fəaliyyəti nəticəsində gecikir. Bunun - yəni nəticəsizliyin əsas səbəbi də əslində qaranlıq deyil: həmsədrlər hələ də işğalçı ilə işğala məruz qalan tərəfi öz adı ilə adlandırmağa cürət eləmir, münaqişə tərəflərinə, demək olar, eyni gözlə baxırlar. Bu da əlbəttə ki, təcavüzkar Ermənistanın özünü daha arxayın və cəzasız hiss etməsinə şərait yaradır, BMT başda olmaqla, nüfuzlu beynəlxalq təşkilatların Qarabağa dair qəbul etdikləri qərar-qətnamələri arxa plana sürüşdürür, yekun etibarilə sülh anlaşmasını əlçatmaz edir.
*****
Bəs belə "pat vəziyyəti” daha neçə il sürə bilər? Vasitəçilər nəhayət, məsuliyyət hiss edib hərəkətə keçəcəkmi, yoxsa mövcud status-kvo davam edəcək?
"Əgər ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağa dair nə isə edə bilmirsə, o zaman onlar, ümumiyyətlə, nə işlə məşğuldurlar? Öz yerlərinizi boşaldın, biz daha gözləməyəcəyik”. Musavat.com-un məlumatına görə, bu barədə Bakıdakı mətbuat konfransında tanınmış rusiyalı ekspert Qriqori Trofimçuk deyib.
"Minsk Qrupunun faydalı iş əmsalını müəyyən eləmək çox sadədir. Qrupun fəaliyyəti dövründə ”aprel müharibəsi" baş veribsə, bu yaxınlarda isə təmas xəttində fevral kəskinləşməsi yaşanıbsa, bu, o deməkdir ki, situasiyaya rəsmi nəzarət üçün təyin edilmiş strukturlar bacarıqzsızdır", - deyə politoloq qeyd edib.
Onun sözlərinə görə, vasitəçilər nə Vyana sammitindəki plan üzrə, nə də Sankt-Peterburqda analoji qərarlar üzrə öhdəliklərini yerinə yetirməyiblər. "Mənə təəccüblü gəlir ki, bu adamlar (həmsədrlər-red.) hələ də işləyir və buna görə pul alırlar. Bu vaxt isə yeni-yeni qurbanlar peyda olur. Faktların konstatasiyası və formal bəyanatlarla isə burda artıq keçinmək olmaz. Minsk Qrupunun öz məsuliyyət məsələsinə daha ciddi yanaşmasının vaxtı çatıb. Bu kollektivin faydalı iş əmsalı sıfrdır - əgər onun münaqişə zonasında az qala hər gün qeydə alınan qurbanlara görə böyük məsuliyyəti haqda danışmasaq”, - deyə politoloq əlavə edib.
*****
Digər rusiyalı tanınmış ekspert, Rusiya XİN yanında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ekspert Aleksey Fanenko hesab edir ki, Dağlıq Qarabağ məsələsində heç də hər şey birmənalı deyil: "Ermənistan Minsk Qrupu çərçivəsində iki həmsədr dövlətlə - ABŞ və xüsusən də Fransa ilə əməkdaşlıq edir. Rusiya isə öz tərəfindən həmişə Azərbaycanla Ermənistan arasında dialoq formatını saxlamağa çalışıb. Danışıqlar prosesi hər dəfə böhrana girəndə Moskva körpülər yaratmağa səy edib”.
Politoloq bu arada 2008-ci ilin Mayendorf bəyannaməsini və 2011-ci ildə Kazanda Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilmiş sammiti yada salır: "Maraqlı bir epizod 2012-ci ilin yayında, Qarabağdakı qarşı duran qüvvələrin təmas xəttində baş vermiş kəskinləşmə zamanı yaşanıb. O zaman İrəvan, mənə məlum olan qədər, Moskvadan Bakının hərəkətinin sərt şəkildə qınanmasını gözləyirdi. Ancaq Moskva yumşaq şəkildə bu addımdan yayındı. Əlbəttə ki, Rusiya KTMT öhdəlikləri çərçivəsində Ermənistanı müdafiə edəcək. Ancaq 2012-ci ilin təcrübəsi göstərdi ki, Moskva əlindən gələni edəcək ki, belə seçimdən yayınsın”.
Ekspertin sözlərinə görə, Rusiyanın qarşısında iki hədəf durur: "Minimum hədəf - sübut eləmək ki, Qarabağa dair dinc dialoq prosesi hələ canlıdır. Daha mürəkkəbi isə ikinci - maksimum hədəflə bağlıdır. Sual ortaya çıxır. Rusiya münaqişə tərəflərinə hansı pozitiv gündəlik təklif edə bilər? Ermənistan radikal ssenari variantında KTMT-nin avtomatik onu dəstəkləyəcəyinə şübhə edir. Azərbaycanda isə Qarabağ ətrafında lokal və ya genişmiqyaslı toqquşma halında bu təşkilatın mövqeyi ilə bağlı əminlik yoxdur. Məhdud güc nümayişi problem ətrafında siyasi prosesə transformasiya olunub. Bundan artığına getməyə isə tərəflər hazır deyil”, - deyə sonda politoloq əlavə edib.
*****
Qarabağ nizamlanması yönündə, beləcə, nə bütövlükdə həmsədrlər səviyyəsində, nə də konkret olaraq, Rusiya tərəfindən ciddi təşəbbüskarlıq yoxdur. "Nə hərb, nə də sülh” durumu isə daha çox barıt qoxusu verir, nəinki sülh. Əsas sualı da budur ki, sükutu kim pozacaq - Azərbaycan əsgəri, yoxsa vasitəçilər?..