ABŞ tankları Moskva sərhədlərində - Rusiya-Amerika müharibəsi başlayırmı...

Elçin Mirzəbəyli: "Tərəflər hərdən bir-birilərinin nəbzini yoxlayırlar”

 Amerika və Rusiya arasında son illərdə yaranan və inkişaf edən soyuq münasibətlərin artıq savaş elementləri görünməyə başlayıb. Rəsmi Vaşinqton yavaş-yavaş Kreml sərhədlərinə doğru yan alır. Bir ay öncə 8 min NATO əsgərinin Rusiya sərhədinə yaxın 160-300 kilometr məsafədəki Finnmark bölgəsində təlimlərə başlaması və təlimlərdə 700 ABŞ və ingilis əsgərinin iştirakı bir çox mətləblərdən xəbər verdi. O zaman ABŞ Quru Qoşunları, ABŞ Donanması və İngilis Kral Donanmasının iştirak etdiyi təlimlər Rusiya hakim dairələrinin qəzəbinə tuş gəlmişdi.


Son olaraq da ABŞ tanklarının Moskvanın 700 kilometrliyində məsafə tutmaları barədə xəbərlər yayılıb. Bu, Amerika tarixində ilkdir ki, ABŞ tankları bu qədər şimal qonşumuza yaxınlaşıblar.


Ekspertlər həyəcan təbili çalır. Proseslər bu şəkildə davam edərsə, Vladimir Putin hakimiyyətinin hərəkətə keçəcəyi və sonunda iki supergücün üz-üzə gələcəyi ehtimalları getdikcə artmaqdadır. Müharibə olarsa, bunun üçüncü dünya müharibəsi olacağına indidən kimsədə şübhə qalmayıb.


Azərbaycanlı ekspertlər ölkəmiz acısından da proseslərin çox təhlükəli hala gəldiyini qeyd edirlər. Cənubi Qafqazda sabitliyin əsas qarantiyası olan Rusiyanın savaşa girəcəyi təqdirdə, bütün regionda təhlükəsizliyin pozulacağını təxmin etmək elə də çətin deyil.

Image result for Elçin Mirzəbəyli


Politoloq Elçin Mirzəbəyli hesab edir ki, ABŞ tanklarının bu qədər Rusiya sərhədlərinə yaxınlaşmalarında qeyri-adi heç nə yoxdur: "ABŞ tanklarının Moskvadan 700 km, Belarus sərhədindən 420 km məsafədə Estoniyada yerləşdirilməsində qeyri-adi heç bir şey yoxdur. Bu, NATO-nun şərq sərhədlərinin möhkəmləndirilməsi ilə bağlı artıq uzun illərdir ki, həyata keçirilən tədbirlərin tərkib hissəsidir. ABŞ tankları Estoniyaya NATO qoşunlarının tərkib hissəsi kimi daxil olub. Estoniya NATO ölkəsidir. Rusiya KİV-nin, yumşaq desək, ənənəvi ”saçyoldu" kampaniyasına da bir o qədər önəm vermək lazım deyil. Rusiya NATO ölkələrinin sərhədlərinin bir neçə kilometrliyində hərbi təlimlər keçirə bilər, hətta Alyans üzvü olan ölkələrin hava sərhədini poza bilər, amma NATO keçirə bilməz? Rusiyanın Ermənistanda NATO üzvü olan Türkiyənin sərhədlərinin yaxınlığında hərbi bazası var və bu ərazidə də tez-tez hərbi təlimlər keçirir. Rus mətbuatının hay-küyündən belə anlaşılır ki, Rusiyaya olar, amma başqalarına olmaz. Əslində bu, dolayısı ilə narahatlığın, qorxunun etiraf olunmasıdır. NATO ölkələri şərq sərhədlərinin möhkəmləndirilməsinə 3-4 milyard dollar civarında vəsait xərcləməyi nəzərdə tutublar. Rusiya isə bu prosesin qarşısını ala bilməyəcək. Atılacaq aqressiv addımlar isə daha sərt reaksiyalarla müşayiət oluna bilər. Bu prosesin ABŞ-Rusiya qarşıdurmasının yeni mərhələsi kimi qəbul edilməsinin də tərəfdarı deyiləm. Çünki NATO-nun Şərq sərhədlərinin möhkəmləndirilməsi prosesi xeyli öncə, Polşa və Rumıniyada raket əleyhinə müdafiə sistemlərinin qorunması barədə razılığın əldə olunmasından sonra başlayıb. Baltik dənizi hövzəsinin təhlükəsizliyinin təmin olunması Avropa İttifaqı və quruma üzv olan ölkələrin NATO üzrə tərəfdaşları üçün həyati əhəmiyyət kəsb edir. Baltik və Qara dəniz hövzələrinin təhlükəsizliyi Avropanın enerji və nəqliyyat dəhlizlərinin təhlükəsizliyi deməkdir. Qərb öz qan damarlarını Rusiyanın təhdidi altında qoya bilməz və çox güman ki, Moskva da baş verənlərin fərqindədir".


Politoloq savaş üçün heç bir əsasların olmadığını düşünür: "ABŞ-la Rusiyanın toqquşması üçün heç bir fundamental əsas yoxdur. Münasibətlər toqquşma, qarşıdurma həddinə çatmayıb. Tərəflər arabir bir-birilərinin nəbzini yoxlayırlar. Hər nəbz yoxlanışından sonra isə danışıqlar üçün yeni geosiyasi məqamlar ortaya çıxır və təbii ki, tərəflər maraqlarının uzlaşdırılması üçün müvafiq addımlar atırlar. İndiki şəraitdə qarşıdurma nə ABŞ-ın, nə də Rusiyanın maraqlarına uyğun deyil. Bu baxımdan da prosesin hər hansı bir şəkildə Azərbaycanla əlaqələndirilməsini doğru saymıram. Bizim üçün önəmli olan regionda qüvvələr balansının qorunub saxlanılmasıdır. Belə bir savaş olmayacaq. Bu gün dünyada silahlardan daha effektiv olan təsir vasitələri var. İndi şərtləri iqtisadi güclər diktə edir. Rusiya 2016-cı ilin göstəricilərinə görə iqtisadiyyatı ən çox zərər görən 4 ölkədən biridir. Ötən il Rusiyanın dünya ümumdaxili məhsulun reytinqindəki payı 1-1,2% azalıb. NATO ölkələri ilə Rusiya iqtisadiyyatını isə müqayisə etmək mümkün deyil. Bu və digər səbəblərdən Rusiya-ABŞ münasibətlərinin açıq savaş müstəvisinə keçəcəyi barədə irəli sürülən ehtimallar rus təbliğat maşınının diqqətin ölkədaxili problemlərdən yayındırılaraq xarici düşmən amili üzərində köklənməsinə xidmət edən siyasi fantaziyalardan başqa bir şey deyil”.





[email protected]