Elxan Şahinoğlu: "Sərkisyanı kimsə qətlə yetirsə belə, Moskva çalışacaq hakimiyyətdə yenə onun kimisi yer alsın”
Aprelin 2-də Ermənistanda parlament seçkiləri olacaq. Bu səbəbdən işğalçı ölkədə siyasi hərarət özünün pik həddinə çatmaqdadır. Prezidenti Serj Sərkisyanın rəhbərlik etdiyi diktatura rejimi ilə ona müxalifətdə olan çoxsaylı qüvvələrin qarşıdurmasının müharibə həddinə çatdığı da yayılan xəbərlər sırasındadır. Uzun illər Sərkisyanın komandasında olmuş keçmiş müdafiə naziri Seyran Ohanyan və onun vəzifədən çıxarılmasından sonra vurulub kənara atılmış yüksək rütbəli keçmiş hərbçilərin müxalif mövqeyə keçməsi qarşıdurmanın silahlı müstəviyə keçəcəyi ehtimalını artırır. Artıq keçmiş hərbçilərdən bəziləri Sərkisyanı silaha əl atacaqları ilə hədələyirlər.
Bəzi siyasi ekspertlər, o cümlədən deputatlar iddia edir ki, hakimiyyətə terrorla yiyələnən Serj Sərkisyanın özünün sonu faciəli ola bilər. Sərkisyan sui-qəsdin bir addımlığındadır və fiziki cəhətdən aradan götürülməsinə az vaxt qalıb.
Bəs əgər proqnozlar reallaşsa, Serj Sərkisyan öldürülsə, bundan Azərbaycanın qazancı nə ola bilər? Sərkisyanın yoxluğunun Dağlıq Qarabağ probleminin həllinə hansısa şəkildə təsiri ola bilərmi?
Politoloq Elxan Şahinoğlu "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Serj Sərkisyan yaxşı qorunur, mühafizəsi son zamanlar bir qədər də gücləndirilib. 1990-cı illərin sonunda Ermənistanda parlamentdəki gülləbəran hadisəsindən və spikerlə baş nazir qətlə yetirildikdən sonra onlardan sonra gələn rəsmilər təhlükəsizliklərinə diqqət yetirirlər. Ona görə də daxili qüvvələr üçün Serj Sərkisyanı qətlə yetirmək elə də asan iş deyil. Ancaq belə bir hadisə baş versə belə, buna ümid edərək Dağlıq Qarabağ münaqişəsinin özlüyündən həll olunacağını düşünmək yanlışdır: "Ermənistanda dövlətin başında istər Serj Sərkisyan olsun, istər bir başqası, işğal davam etdikcə İrəvan Azərbaycan ordusunun təzyiqini hiss etməlidir. Biz bu münaqişənin həllini yalnız təzyiqi artırmaqla yaxınlaşdıra bilərik. Ancaq əlbəttə, əgər Ermənistanda hakimiyyətdə Levon Ter-Petrosyan kimi Serj Sərkisyandan fərqli bir prezident olsa, bəlkə də münaqişəni sülh yolu ilə daha tez həll etmək mümkündür. Lakin Ermənistanın başı üzərində Rusiya xofu var, Kreml Serj Sərkisyanın yerində liberal düşüncəli və Azərbaycanla barışmaq istəyən lideri görmək istəmir. Yəni Serj Sərkisyanı kimsə qətlə yetirsə belə, Moskva çalışacaq hakimiyyətdə yenə Serj Sərkisyan kimi birisi yer alsın ki, Kremlin bütün əmrlərini yerinə yetirsin”.