Trampın iki ayı-dünya siyasətində nələr dəyişdi?

Elçin Mirzəbəyli: "Bu 2 ay sübuta yetirdi ki, onun və komandasının xarici siyasətinin prioritetləri barədə aydın təsəvvürləri yoxdur”

Trampın iki ayı-dünya siyasətində nələr dəyişdi?

Amerikanın dövlət başçısı Donald Trampın rəsmi şəkildə prezidentlik kürsüsünə əyləşməsindən iki ay ötdü. Bu müddət ərzində dünya siyasətində dəngələrin getdikcə dəyişdiyi müşahidə olunur. Doğrudur, D.Tramp ənənəvi ABŞ siyasətindən kənara çıxa bilmədi, amma Birləşmiş Ştatların digər ölkələrlə bağlı siyasətində dəyişikliklər sezilir. 
Ağ Evin yeni sahibinin iki aylıq prezidentlik müddətində Amerika demokratiyasına ciddi təhlükələrin yarandığı da üzə çıxdı. Bunu mediaya olan hücumlar və Trampın prezidentliyinə qarşı çıxan ABŞ vətəndaşlarına qarşı zorakılığın olması sübut edir. Son iki ayda əvvəlki prezident Barak Obamanın dövründəki Rusiya ilə bağlı siyasətdə də yumşalmanın olduğunu demək mümkündür. Doğrudur, şimal qonşumuz hələ də sanksiyalar altında inildəyir, amma ən azından Amerika rəhbərliyi səviyyəsində Kremllə bağlı tənqidi fikirlərin azaldığı görünür. Qardaş ölkə olan Türkiyə ilə bağlı rəsmi Vaşinqtonun əvvəlki siyasətinə əl gəzdirdiyini sezməmək mümkün deyil.


Ekspertlər Azərbaycan üçün də Tramp hakimiyyətinin önəmli olduğunu vurğulayırlar.


Politoloq Elçin Mirzəbəyli hesab edir ki, yeni ABŞ prezidenti hələ də ölkənin idarəçilik sisteminin içərisinə daxil ola bilməyib: "Trampın prezident kürsüsünə sahibləndiyi bu iki ayı kifayət qədər ziddiyyətli bir dövr kimi dəyərləndirmək daha doğru olardı. Bu 2 ay sübuta yetirdi ki, Donald Tramp və komandasının ölkənin xarici siyasətinin prioritetləri barədə aydın təsəvvürləri və proqramları yoxdur. Trampın nə etmək istədiyi və yaxud edəcəyi aydın deyil. Ortalıqda seçki kampaniyasından qalma dağınıq mülahizələr, icrası mümkünsüz görünən tezislər var. Görünən odur ki, Tramp ABŞ-ın idarəçilik sisteminin içərisinə daxil olmayıb və bu istiqamətdə cəhdləri də ciddi müqavimətlə qarşılanır. Mənə elə gəlir ki, Tramp üçün kreslonun laxlayıb-laxlamadığının heç bir əhəmiyyəti yoxdur. O, biznesdə olduğu kimi siyasətdə də riskləri sevir. Lakin biznesdən fərqli olaraq siyasətdə müstəqil addım atmaq çox çətindir. Çünki qərarlar icra olunmalıdır. İcraçılar isə bunu etməyə, yaxud sabotaj edə də bilərlər”.


Politoloq ABŞ-Rusiya münasibətlərinə toxundu: "Ötən 2 ay ərzində ABŞ-Rusiya münasibətlərində ciddi irəliləyiş baş verməyib. Qeyri-müəyyənlik davam edir. Amma bu qeyri-müəyyənliyin özü belə Rusiyanin maraqlarına uyğun gəlir. Trampın İranla bağlı bəyanatları istisna olmaqla, ABŞ-ın qlobal siyasətdəki ənənəvi rolu son zamanlar qabarıq şəkildə nəzərə çarpmır. Ola bilsin ki, bunun özü də bir taktikadır. Rusiyaya gedə biləcəyi yerə qədər getmək imkanı yaradırlar. Rusiyanın mövcud idarəçilik sistemi, iqtisadi və hərbi potensialı ona dünya gücü olmaq imkanı tanımır. Lakin ABŞ-ın susqunluğu nəticəsində yaranmış boşluq Moskvanın iştahını daha da artırır və o, öz potensialından daha irəli atılmağa çalışır. Nəticədə isə olan-qalan resurslarını da xərcləyir və gücdən düşür. SSRİ-yə qarşı da oxşar taktika tətbiq olunmuşdu.

Trampın İrana qarşı sərt bəyanatları da Rusiyanın maraqlarına xidmət edir. İranın Suriyada və bütövlükdə regionda zəifləməsi Rusiyanın maraqlarına uyğundur. ABŞ İranı sıxdıqca, o, Rusiyaya sığınmağa və təbii ki onun şərtləri ilə razılaşmağa məcbur olur. Şübhəsiz ki, bütün bunlar ehtimallardır. Tramp isə belə qısa müddət ərzində ABŞ-ın ənənəvi siyasətindən kənara çıxa bilməz. Həm də bu, təkcə ABŞ-dan asılı olan məsələ deyil. Xüsusilə də xarici siyasət və təhlükəsizlik məsələlərində Tramp ABŞ-ın ənənəvi müttəfiqlərinin maraqlarını nəzərə almaq məcburiyyətindədir. Birləşmiş Ştatların gücü onun NATO-dakı dominant rolu ilə, müttəfiqlərinə təsir etmək imkanı ilə bağlıdır. Bu rolun və imkanın sıradan çıxması Birləşmiş Ştatların qlobal geosiyasi və geoiqtisadi təsir vasitələrinin sıradan çıxması deməkdir. Buna isə ABŞ-ın mövcud siyasi sistemi imkan verməz”.


E.Mirzəbəyli Trampın Türkiyə siyasəti ilə bağlı gəldiyi qənaətləri bu cür bölüşdü: "Hazırda bu suala birmənalı cavab vermək çox çətindir. İndiki halda Tramp administrasiyasının Türkiyədə keçirilməsi nəzərdə tutulan referenduma loyal yanaşmasının şahidi oluruq. Bu isə prezident Ərdoğanı və komandasını tamamilə qane edir. Türkiyənin milli maraqlarına gəldikdə isə düşünürəm ki, bu suala konkret cavab vermək üçün gözləmək lazım gələcək. Daha doğrusu, ilk öncə müəyyənləşdirmək lazımdır ki, Türkiyənin siyasi hakimiyyəti nə istəyir. Qonşularla ”0" problem... alınmadı, əvəzində çoxsaylı problemlər yaşandı. Separatçıların siyasiləşdirilməsi yolu ilə onların sivil siyasi müstəviyə çəkilməsi layihəsi də baş tutmadı, əksinə, siyasiləşmiş separatçılar Türkiyənin siyasi sisteminə də maneə yaratmağa çalışdılar. Bu baxımdan, Türkiyənin də yer aldığı mövcud siyasi və geosiyasi mənzərədə labirintdən başqa bir şey görünmür. Türkiyə-Avropa İttifaqı-ABŞ münasibətlərinin bütün vektorlarını görmək üçün isə Türkiyədə keçiriləcək referendumun, Fransada keçiriləcək prezident, Almaniyada keçiriləcək parlament seçkilərinin nəticələrini gözləmək lazım gələcək. Çünki hazırda nəzərə çarpan bəzi ziddiyyətlər daha çox seçkiqabağı texnologiyaların elementlərini xatırladır. ABŞ-ın xarici siyasətindəki durğunluq Vaşinqton-Bakı münasibətlərində də nəzərə çarpır. Hazırda Cənubi Qafqazda Avropa İttifaqının mövcudluğu daha aydın görünür, nəinki ABŞ-ın. ABŞ-ın regionda təsir imkanlarını qoruyub saxlaması həm Azərbaycanın, həm də Gürcüstanın maraqlarına xidmət edir. Təbii ki, güclər arasında balansın pozulması manevr imkanlarını məhdudlaşdırır, daha çevik və dinamik siyasət yürüdülməsini tələb edir. Hesab edirəm ki, Tramp administrasiyasının Rusiya ilə bağlı siyasətinə tam aydınlıq gəldikdən sonra müəyyən dəyərləndirmələr aparmaq mümkün olacaq. Ola bilsin ki, proses hələ bir müddət bu cür də davam etsin. Trampın seçki dövründə verdiyi vədlərin əhəmiyyətli hissəsini, xüsusilə xarici siyasətlə bağlı tezisləri onun səlahiyyət dövrü ərzində yerinə yetirmək mümkün deyil. Əgər bu, ABŞ-ın yeni dövrü üçün nəzərdə tutulmuş strategiyasıdırsa, ola bilsin ki, 5-10 il ərzində təməl olaraq gerçəkləşdirilməsi mümkün olsun. Yox əgər bu, Trampın şəxsi istəklərindən qaynaqlanırsa, şübhəsiz ki, yerinə yetirilməsi mümkün olmayacaq".




[email protected]