Amerikada Tramp qovğası bitdimi...

Kürəkənini Ağ Evə gətirən prezidentin ölkəsində sular yenə bulanıqdır

Amerika prezidenti Donald Trampın hakimiyyətə gəlişindən sonra dünyada sanki fırtına qopub. Yeni prezidentin bir-birinin ardınca verdiyi radikal qərarlar və onun doğurduğu ajiotaj medianın da diqqətindən yayınmadı. Bəs son durum necədir? İlk baxışda elə təəssürat yaranır ki, Tramp eyforiyası artıq yekunlaşıb. Bu, doğrudurmu?

Amerikada Tramp qovğası bitdimi...
ABŞ prezidenti Donald Tramp bazar ertəsi Ağ Evdə geniş səlahiyyətlərə malik yeni idarənin yaradılmasını elan etməyi planlaşdırır. "Trend"in xəbərinə görə, "Washington Post” həmin idarənin rəhbəri vəzifəsinə Trampın müşaviri və kürəkəni Cared Kuşnerin təyin ediləcəyi barədə yazıb. Yeni yaradılan idarənin vəzifələrinə federal bürokratik sistemin işinə nəzarət edilməsi və Trampın seçkiöncəsi verdiyi əsas vədlərin yerinə yetirilməsi üzrə işlərin aparılması aid olacaq.


İdarənin işçi ştatına gəlincə, məlumata görə, sabiq kommersiya rəhbərləri burada çalışacaqlar. Onların bir nömrəli vəzifəsi isə hökumətin işini yeni ideyalarla zənginləşdirmək olacaq.


Amma Tramp miqrantlarla bağlı mövqeyində hər hansı gerilməyə yol vermir. O, bu, günlərdə özünün tvitter səhifəsində bildirib ki, ABŞ-a qeyri-qanuni miqrant axını azalıb.


"Daxili təhlükəsizlik naziri Con Kelli sərhəddə böyük işlər görür. Miqrantların sayı olduqca azalıb. Bir çoxları sərhədi keçməyə cəhd belə etmir”, D.Tramp yazıb.


Bundan əvvəl ABŞ-ın daxili təhlükəsizlik nazirliyi miqrant axınına qarşı sərhəd nəzarətini gücləndirib.


Bu arada Roma katolik kilsəsinin Meksika üzrə baş yepiskopu Norberto Rivera Carrera bildirib ki, əgər Meksika şirkətləri ABŞ prezidenti Donald Trampın planlaşdırdığı sərhəd divarının inşasına kömək etsələr, bu halda vətənə xəyanət etmiş olacaqlar. Xatırladaq ki, Meksikada bəzi şirkətlər Trampın inşa etməyi planlaşdırdığı sərhəd divarının hazırlanmasında müəyyən funksiyaları öz üzərinə götürməyi planlaşdırır. Bu isə ölkədə ciddi qarşıdurma və müzakirələrə səbəb olub.


Daha bir xəbər isə ondan ibarətdir ki, D.Tramp səhiyyə qanunu ilə bağlı etdiyi dəyişiklikləri Konqresdən geri çəkib. Bu isə iqtisadiyyatı dəstəkləyən siyasətlərin gələcəyi ilə bağlı vəziyyəti qeyri-müəyyən duruma salıb. Son nəticədə dollar dünya bazarında ucuzlaşıb.


Amma bütün bu gəlişmələrlə yanaşı, prezident Tramp tərəfdarları ilə əleyhdarları arasındakı münasibətlər gərginləşib. İki gün öncə hər iki cəbhənin nümayəndələri Amerikanın Kaliforniya ştatındakı Huntington çimərliyində bir araya gələrkən toqquşma yaşanıb və son nəticədə Amerika bayrağı yandırılıb.


Ümumən Donald Trampın ABŞ prezidenti seçildiyi gündən bəri davam edən küçə aksiyaları hər gün daha da şiddətlənir. Tərəflər bir-birini yumruqlayıblar. Bir nəfərin yaralanması ilə bitən hadisədə ciddi vəhşiliklər yaşanıb. Aksiya iştirakçıları bir-birini yumruqlayıblar. "Los Angeles Times”ın məlumatına görə, 200-dən çox insan ABŞ prezidentini dəstəkləmək üçün aksiya keçirib. Nümayiş zamanı naməlum şəxs təşkilatçılardan biri olan qadının gözünə bibər qazı vurub. Dava məhz bundan sonra başlayıb. Hüquq-mühafizə orqanları dava iştirakçılarını qovmaq məcburiyyətində qalıblar. Bir neçə nəfər həbs olunub.
Amma amerikanlarda şok yaradan detal aksiyada Amerika bayrağının yandırılması olub. Çünki bu, onlar üçün qəbuledilməz olaydır və ölkədə ciddi etirazlar yaradıb.


ABŞ prezidenti bugünlərdə Angela Merkellə Ağ Evdə görüşü zamanı Almaniya kanslerinə 375 milyard dollar məbləğində hesabat təqdim edib. "Trend"in verdiyi məlumata görə, bu, NATO-nun Almaniyanın müdafiəsinə xərclədiyi vəsaitə dair Berlinin NATO qarşısındakı borcudur. Almaniya hökumətindəki mənbə borc tələbinin olduğu faktını təsdiq edib, lakin bunun "qəbuledilməz” olduğunu bildirib.


Məlumata görə, Merkelin Vaşinqtona səfərləri zamanı amerikalı lider sənədi şəxsən ona təqdim edib. "Bu cür tələblər niyyəti başqa ölkəni qorxutmaqdır, lakin kansler bunu sakit qarşılayıb və bu təxribata cavab verməyəcək”, - adı açıqlanmayan alman naziri qeyd edib.


Quinnipiac Universitetində aparılan araşdırmanın nəticəsinə görə, amerikanların 66 faizi prezident Donald Trampın Rusiya ilə əlaqələrinin müstəqil bir şəkildə araşdırılmasını tələb edir. Rəyi soruşulanların 29 faizi isə buna qarşı çıxıb. Bundan başqa, amerikanların 65 faizi də bildirib ki, Rusiyanın seçkilərdən öncə kampaniyalara qarışması ABŞ üçün olduqca önəmli olub.


Hazırda ABŞ Konqresində Tramp komandası üzvlərinin Rusiya ilə əlaqələri araşdırılır. Rəy sorğusu 16-21 mart tarixləri arasında 1056 amerikalı arasında keçirilib.


ABŞ Milli Təhlükəsizlik İdarəsinin (NSA) keçmiş əməkdaşı Con Schindler prezident Donald Trampın kabinetindəki yüksək vəzifəli şəxslərin Rusiya ilə əlaqələri səbəbindən vəzifəsindən uzaqlaşdırıla biləcəyini deyib.


Avropa.info xəbər verir ki, hazırda təhlükəsizlik mütəxəssisi kimi fəaliyyət göstərən Schindler CBC radiosuna açıqlamasında prezident Trampa qarşı istintaq açıla biləcəyini iddia edib.


"Trampın seçki kampaniyası qrupunun prezident seçkilərinə müdaxilə etmək üçün Rusiya ilə gizli əlaqə qurması iddiaları səbəbilə istintaq başlansa, bu, Trampın sonu ola bilər. Yalnız ətrafındakı insanlar deyil, prezidentin özü də istintaqa cəlb edilsə, vəziyyət başqa cür ola bilər. İstintaq açılması səbəbilə Tramp istəsə də, istəməsə də vəzifəsindən uzaqlaşdırılacaq” - deyə, təhlükəsizlik mütəxəssisi bildirib.


Schindler müstəqil istintaq aparılacağı təqdirdə Tramp və kabinetinin Rusiya ilə iddia edilən əlaqələrinin ortaya çıxarılacağını deyib.




[email protected]