Arzu Nağıyev: "Avropa və Türkiyə arasında yaranan gərginlikdən ABŞ məharətlə istifadə etməyə çalışacaq”; Qabil Hüseynli: "Bütövlükdə Türkiyənin gələcəyi və nicatı onun Qərblə münasibətlərindən asılıdır”
Türkiyə-ABŞ münasibətlərinin yaxın zamanda istiləşəcəyi gözlənilir. Belə ki, ABŞ-ın dövlət katibi Reks Tillerson Ərdoğanla danışıqlara başlamaq üçün Türkiyəyə səfər edəcək. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. O, qeyd edib ki, ABŞ rəsmisinin səfəri martın 30-da baş tutacaq. Vaşinqtonun diplomatik rəsmiləri hələlik bu məlumatla bağlı hər hansı açıqlama verməyiblər.
Türkiyə XİN rəhbəri isə müsahibəsində təklifin Reks Tillerson tərəfindən gəldiyini deyib: "ABŞ-ın dövlət katibi martın 30-da Türkiyəyə gəlmək istədiyini söylədi və mən də bunun uyğun vaxt olduğunu dedim. Əgər həmin gün baş nazirimiz Ankarada olsa, ABŞ-ın dövlət katibini qəbul edəcək”.
Vaşinqtonun diplomatik rəsmiləri hələlik bu məlumatla bağlı hər hansı açıqlama verməyiblər. Yalnız ABŞ-ın "Al Monitor” saytı da R.Tillersonun Türkiyəyə səfər edəcəyini bildirib. Saytın məlumatına görə, Reks Tillerson Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanla, habelə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə görüşəcək.
Ekspertlər də iki ölkə arasındakı münasibətlərin yaxşılaşacağına ümid edirlər.
Politoloq Arzu Nağıyev "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, iki ölkə arasındakı münasibətlərin gərginləşməsində elə də əsaslı səbəblər yox idi: "Türkiyə və ABŞ münasibətləri heç vaxt elə gərgin də olmamışdı. Sadəcə olaraq müəyyən vaxt kəsimində anlaşılmazlıq yarananda siyasətçilər bəyanatlarla çıxışlar etmişdilər. Bu əsasən FETO məsələsi ilə ,daha doğrusu Fətulla Gülənin Türkiyəyə ekstradisiyası ilə bağlı məsələ idi. Digər problemli məqam Türkiyənin Rusiya ilə bir koalisiyada təmsil edilməsi idi, bu da əsasən Suriyada birgə əməliyyatlar zamanı yarandı, lakin artıq bu əməliyyatlarla bağlı müəyyən narazılıqlar da var. Üçüncü məqam Rusiya vasitəsilə İranın da bu koalisiyaya qoşulması istəyi idi, lakin sonradan bunun ABŞ -a xoş getməyəcəyi və gələcəkdə problemə çevriləcəyi anlamına gəlindi. Hazırda isə Avropa və Türkiyə arasında yaranan gərginlikdən ABŞ məharətlə istifadə etməyə çalışacaqdır. Türkiyə NATO-nun üzvüdür, ABŞ-ın regionda bir nömrəli tərəfdaşıdır, yəni Türkiyə bu gün ABŞ üçün çox vacib tərəfdaşdır və referendum öncəsi bunu bir daha təsdiq etməyə çalışacaq. Eyni zamanda ABŞ da Türkiyə üçün önəm kəsb edir və Amerika qitəsinə çıxış üçün bütün istiqamətlərdə ən əlverişli tərəfdaşdır. Yaxın Şərqdə Türkiyənin İsrail, Səudiyyə Ərəbistanı və digər ABŞ-ın tərəfdaşları ilə normal münasibətləri var. Yəni bütün bu amillər hər iki dövlət arasında gələcək perspektivlərin müsbət bir tendensiya üzərində qurulacağından xəbər verir”.
Politoloq Qabil Hüseynli isə "Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, ABŞ-la münasibətlərin yaxşı olması Türkiyənin xeyrinədir: "Amerika- Türkiyə münasibətləri həmişə yüksək səviyyədə olub. Bu ikili münasibətlərin yaxşı olmasından hər iki tərəf yararlanıb. Ancaq hesab edirəm ki, münasibətlərin yaxşı olması Türkiyə üçün daha əhəmiyyətlidir. Çünki vaxtilə SSRİ tərəfindən İkinci Dünya Müharibəsindən sonra Türkiyə Sovetlərin şantaj və təhdidlərinə məruz qaldığı zaman onun köməyinə çatan ilk ölkə ABŞ və ABŞ-ın köməyi ilə Türkiyənin NATO-ya qəbul olunması olmuşdu. Son vaxtlar bu iki ölkənin münasibətlərində yaranan gərginlik bir qədər süni xarakter daşıyırdı. Çünki Türkiyədəki siyasi qüvvələr 15 iyul FETO-çuların dövlət çevrilişə cəhdində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əli olduğunu iddia edirdilər, ABŞ əleyhinə mətbuatda müxtəlif bəyanatlar dərc edilirdi. Fətullah Gülənin Türkiyəyə verilməsini də təkidlə tələb edirdilər. Ancaq Fətullah Gülənin Türkiyəyə verilməsini tələb etməkdə də Türkiyə müəyyən yanlışlıqlara yol vermişdi”.
Politoloqun sözlərinə görə, ABŞ-da belə işləri prezidentlər deyil, müstəqil məhkəmələr həyata keçirir:"Məhkəmələr də bu qərarı qəbul etmək üçün yetərli dəlil-sübutlar tələb edirlər. Türkiyə isə bunu təqdim edə bilmədi. Türkiyənin Rusiyaya meyllənməsi, bu ölkə ilə münasibətlərini düzəltməyə çalışması da bu məsələdə rol oynadı. Jirinovski də mətbuata şayiə xarakterli açıqlama verdi ki, guya Ərdoğan ona deyib ki, Türkiyə mütləq şəkildə NATO-dan çıxacaq. Bundan sonra isə Rusiya ilə strateji əməkdaşlıq daha da güclənəcək. Türkiyənin normal və ənənəvi inkişafını mən hər zaman NATO ölkələri, Avropa, ABŞ ilə münasibətlərin yaxşı olmasında görmüşəm. Mən arzu edərdim ki, Türkiyə siyasi liderləri pafoslu bəyanatlar verməyə çox da meyllənməsinlər. Özlərini Qərb dünyanın bir hissəsi kimi hiss etsinlər. O ölkədə belə bir meyl var ki, biz üzümüzü İslam dünyasına da çevirə bilərik. Lakin Türkiyə Avropa ölkəsidir, orada Qərb dəyərləri bərqərar olub. Doğrudur, son zamanlar bu xətdən sapmalar var. Amma bütövlükdə Türkiyənin gələcəyi və nicatı onun Qərblə münasibətlərindən asılıdır”.