6 il əvvəl başlayan “ərəb baharı” Azərbaycanda da olsaydı...

Siyasi ekspertdən maraqlı açıqlamalar: "Azərbaycan vətəndaşları sabitliyi və təhlükəsizliyi hər şeydən üstün tutur”

6 il əvvəl başlayan “ərəb baharı” Azərbaycanda da olsaydı...

2011-ci ilin mart ayının bu günləri "Ərəb baharı” adlanan inqilabların tüğyan etdiyi günlər idi. Misirdə, Liviyada, Tunisdə məhz bu zamanlar məlum inqilablar baş verdi. Həmin dövrlərdə Azərbaycanda da "ərəb baharı”ndan ilhamlananlar var idi. Müəyyən cəhdlər olsa da Azərbaycanda bu, alınmadı. İnqilabların baş verdiyi ölkələrin isə sonrakı taleyi məlumdur. Bu ölkələrin bəziləri silahlı qruplar arasında bölünüb, sabitlik yox, iqtisadiyyat çöküb, ölkədə silahlı qruplar meydan sulayır, saysız-hesabsız insan ölümü baş verib və bu proses hələ də davam edir. Əgər Azərbaycanda da "ərəb baharı” dalğasında inqilab baş versəydi, indi bizim ölkənin durumu necə olardı?


Politoloq Elçin Mirzəbəyli bildirdi ki, həmin dövrdə "ərəb baharı” Yaxın Şərqin, Aralıq dənizi hövzəsinin enerji resurslarına və strateji nəqliyyat dəhlizlərinə sahiblənmək üçün həyata keçirilən bir ssenari idi: "Bunu hələ o zamanlar mənim kimi bir çox ekspertlər də vurğulayırdılar. Azərbaycanda ”ərəb baharı"ndan ilhamlanan bir qrup insan isə uzun illər boyu siyasətdə olduqlarına baxmayaraq, elementar təhlil imkanları olmayanlar idi. Onlar Gürcüstanda, Qırğızıstanda, Ukraynada baş verən hadisələr zamanı da vəcdə gəlmişdilər və nəticədə xəyal qırıqlığına uğradılar. Azərbaycanda "ərəb baharı” ssenarisinin gerçəkləşməsi üçün heç bir fundamental əsas yox idi. Bizim bəzi müxalifət nümayəndələrinin problemi ondadır ki, mövcud iqtidara qarşı irəli sürdükləri ittihamları həddindən artıq, bəzən isə ifrat dərəcədə şişirdilmiş çatışmazlıqlar üzərindən dilə gətirirlər. Digər problemləri isə ondadır ki, sonradan iqtidara qarşı apardıqları təbliğatda istifadə etdikləri mübaliğəli, bir az yalan, bir az böhtan qarışıq məsələlərə özləri də inanmağa başlayırlar. Yəni özləri öz təbliğat kampaniyalarının subyektinə çevrilirlər. Beləliklə, reallıq hissi itir və nəticədə növbəti xəyal qırıqlığı, siyasi depressiyalar başlayır".

Image result for Elçin Mirzəbəyli


Ekspert vurğuladı ki, "ərəb baharı”nın gerçəkləşməsi üçün Azərbaycanda münbit şərait yox idi. Bunun isə ciddi səbəbləri var idi: "Çünki siyasi hakimiyyət güclü idi, Azərbaycan vətəndaşları sabitliyi və təhlükəsizliyi hər şeydən üstün tuturdular, xalqın mədəni və intellektual səviyyəsi ərəb ölkələrində baş verənlərdən nəticə çıxarmağa imkan verirdi, Azərbaycanda həyat səviyyəsi ”ərəb baharı"nın gerçəkləşdiyi ölkələrdən müqayisəolunmaz dərəcədə üstün idi, regiondakı geosiyasi amillər ölkə daxilindəki proseslərə açıq və kobud şəkildə müdaxilə olunmasına imkan vermirdi və s.


Bu reallıqlar indi dəyişməyib. Əgər "ərəb baharı” ssenarisi olaraq inqilab Azərbaycanda baş versəydi, bu, hətta ölkənin müstəqilliyinin də şübhə altına düşməsinə imkan yarada bilərdi. Yaranmış vəziyyətdən bütün kənar düşmən qüvvələr, o cümlədən Ermənistan yararlanmağa çalışardı. Amma şübhəsiz ki, bütün bunlar Azərbaycan reallığına uyğun gəlməyən fantastik fərziyyələrdir. Azərbaycan oturuşmuş dövlətdir, həmçinin xalqın dövlətçilik şüuru da yüksək səviyyədədir. Bu baxımdan, belə ssenarilərin nə bu gün, nə də sabah gerçəkləşə biləcəyini düşünmürəm. Lakin bu o demək deyil ki, başımızı yastığa qoymalı, real təhlükələrə və çağırışlara hazır olmamalıyıq".




[email protected]