Azərbaycan müxalifəti xaricdə fəallaşır - səbəb

Yadigar Sadıqov: "Ölkəmizdə mühit yaranan kimi aksiyalara başlayacağıq”

Azərbaycan müxalifəti xaricdə fəallaşır - səbəb

Son zamanlar Azərbaycan müxalifətinin ölkə daxilindən daha çox, xaricdə təşkilatlanmağa, güclənməyə meylli olduğu görünür. Bunu onların Avropanın müxtəlif ölkələrində keçirdikləri aksiyalardan görmək mümkündür. Demokratik düşərgə Azərbaycanda aksiya, fləşmob və piketlər keçirmir, amma bunların hər birini demək olar ki, hər həftə xaricdə təşkil edir.


Sanki bu düşərgə iqtidarı ölkədə deyil, xaricdə axtarır. Özü də xaricdə keçirilən aksiyalarda iştirakçıların sayının müxalifətin Azərbaycanda aylar öncə keçirdikləri mitinqlərdən getdikcə çox olduğu görünür. Son bir ayda bu istiqamətdə Müsavat Partiyası daha fəaldır. Qurumun Almaniyada yaratdığı Avropa Koordinasiya Mərkəzi (AKM) fevralın ortalarından başlayaraq ciddi fəallıq nümayiş etdirir. Almaniya şəhərlərində, eləcə də dünyanın müxtəlif ölkələrində Azərbaycandakı insan haqları, siyasi məhbuslarla bağlı aksiyalar keçirilir. Təkcə martın 12-də AKM 5 aksiya təşkil edib. Almaniyanın Düsseldorf, Mainz, Nürnberq, Fransanın Laval və İsveçin Stokholm şəhərlərində Mehman Hüseynova və digər siyasi məhbuslara azadlıq tələbi ilə aksiyalar keçirilib.


Təşkil olunan aksiyalarla bağlı ən müxtəlif iddialar var. Bəziləri hesab edir ki, bu tipli aksiyalar xaricdə oturum ala bilməyən insanların bu hüquqları əldə etmələri üçün keçirilir. Aksiya iştirakçılarının tərkibi ilə bağlı təzadlı fikirlər çoxluq təşkil edir. Fotolara baxanda çoxlarının Azərbaycandakı siyasi partiyalardan hansının üzvü olduğunu müəyyən etmək olduqca çətin görünür. Amma aksiyada iştirak edən hər bir şəxsin partiya bağlılığı olduğuna şübhə yoxdur. Belə fikirlər də var ki, Azərbaycanda təzyiq və digər bu kimi amillər səbəbindən ölkə müxalifəti xaricdən hakimiyyətə təzyiq etmək, hakimiyyətlə mübarizə aparmaq taktikası yürüdür.


Müsavat başqanının müavini, Divan üzvü Yadigar Sadıqov "Yeni Müsavat”a açıqlamasında AKM-ə Müsavatın xaricdə təşkilatlanması gözü ilə baxmağın doğru olmadığını bildirdi:"AKM vaxtilə Azərbaycanda olarkən Müsavatın üzvü olan insanların yaratdıqları qurumdur. Bu qurumun Müsavat Partiyası ilə yalnız ideya bağlılığı var. Biz ölkə daxilində də təşkilatlanmağa çalışırıq və təşkilatlanırıq. Zona müşavirələri keçiririk, yeni üzvlər qəbul edirik. İstədiyimiz qədər olmasa da, hər gün partiyaya üzv olan yeni insanlar var. Azərbaycanda siyasi müstəvi çox məhduddur. Aksiyalar keçirmək yalnız ”Məhsul" stadionu ilə məhdudlaşıb. Bölgələrdə aksiya keçirmək üçün ümumiyyətlə, imkan yoxdur. Digər tərəfdən, aksiyalarda iştirak edənlərə qarşı repressiyalar həyata keçirilir. Ötən ilin sentyabrındakı mitinqlərdə biz bunu yaxşı gördük. Bu da aksiyaların kütləvi şəkildə alınmasının qarşısını alır. Partiya üzvləri iştirak etsələr də, narazılığın pik həddə olduğuna baxmayaraq, geniş kütlələr iştirak etməyə çəkinirlər. Özlərinə problem yaratmamağa çalışırlar. Buna görə də, xaricdə olan demokratik mühitdən istifadə etməyə çalışırıq. Amma bu o demək deyil ki, biz yalnız onunla kifayətlənəcəyik. Yəqin ki, yaxın zamanlarda da ölkə daxilində aksiyalar təşkil etmə məsələsi müzakirə olunan məsələlər sırasında olacaq. İstənilən fəaliyyət səmərəli olur. Bunun az və ya çox olması müzakirə edilə bilər. Ən azından heç bir şey etməməkdən daha yaxşıdır. Belə bir misal var ki, fəaliyyət göstərənlər hökmən deyil qalib gəlsinlər, amma fəaliyyət göstərməyən əvvəldən məğlubdur. Bunun nə qədər effektli olacağını gələcəkdə görəcəyik. Biz o fikirdə deyilik ki, xaricdəki aksiyalarla buradakı vəziyyəti dəyişə bilərik. Onlar yardımçı aksiyalardır. Əsas proseslər Azərbaycanda cərəyan etməlidir və yəqin ki, edəcək. Müxalifətin iqtidarı guya ölkədə unudub, xaricdə axtarması kimi fikirlər tamamilə gülüncdür. Bir şeyi nəzərə almaq lazımdır ki, xaricdə rahat şəkildə aksiyalar təşkil etmək olur, orada repressiyalar yoxdur. Düzdür, onların buradakı yaxınlarına qarşı təzyiqlər olur. Amma hər halda, xaricdə aksiyaların keçirilməsi oradakı demokratik mühitlə bağlıdır. Azərbaycanda həlledici məqamlar ölkənin daxilində baş verəcək. Ölkəmizdə mühit yaranan kimi aksiyalara başlayacağıq. Cəmiyyəti gözləyirik. Cəmiyyətin hər şeyə hazır olduğunu, həbslərə baxmayaraq, mübarizə apardığını görəndə öndə gedəcəyik".


Y.Sadıqov xaricdə keçirilən aksiyalarda iştirak edənlərin kimliyi barədə səslənən iddialara da münasibət bildirdi: "Aksiyanı təşkil edənlər və aksiyada iştirak edənlərin böyük əksəriyyəti uzun illərdir Avropada məskunlaşmış insanlardır. Xüsusilə Müsavat AKM-ni yaradan insanlar uzun illərdir orada yaşayırlar. Qurumun sədri İlham Həsəni qeyd etməyim kifayət edir. Orada müəyyən insanlar ola bilər ki, o məqsədi güdsünlər. İstənilən halda müəyyən proseslər gedəndə ondan istifadə etməyə çalışan şəxslər olub və olacaq. Buna görə aksiyalarımızı dayandıra bilmərik. Amma iştirak edənlərin böyük əksəriyyəti Müsavat, Müsavat ideologiyasına bağlı olan insanlardır. Onlar Azərbaycanda demokratiyanın qələbəsini ürəkdən istəyirlər”.




[email protected]