Dövlət başçısı işğal olunmuş Azərbaycan torpaqlarında fəaliyyət göstərən Fransa şirkətlərinə xəbərdarlıq etdi
Azərbaycan prezidenti İlham Əliyevin Fransaya səfəri davam edir. Dövlət başçısı səfərin ilk günündə bir sıra mühüm görüşlər keçirib və mühüm açıqlamalarla çıxış edib.
Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşdə Fransa Şirkətlər Hərəkatının vitse-prezidenti xanım Mari-Anj Debon Azərbaycan prezidentini salamlayıb, belə tədbirlərin Azərbaycanla Fransa şirkətləri arasında əlaqələrin inkişafında mühüm rol oynadığını bildirib. O, bu görüşdə onlarla şirkətin nümayəndələrinin təmsil olunduğunu vurğulayıb, tədbirin səmərəli keçəcəyinə əminliyini ifadə edib.
Azərbaycan prezidenti ölkəmizin iqtisadi durumu ilə yanaşı, işğalçı Ermənistan, onun rəhbərliyi barədə də tutarlı fikirlər səsləndirib. Rəsmi məlumata görə, prezident İlham Əliyev çıxışında bildirib ki, bu, onun Fransanın biznes ictimaiyyəti ilə artıq doqquzuncu görüşüdür. "Fransaya səfərimdən öncə əldə etdiyim məlumata görə, 50-dən çox fransız şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir. İqtisadiyyatımıza yatırılan investisiyaların həcmi 2 milyard dollardan çoxdur. Bu sərmayələr əsasən enerji sektoruna qoyulmuşdur, lakin qeyri-neft sektoruna da bəzi sərmayələr yatırılır. Bu isə hazırkı mərhələdə bizim üçün çox mühüm əhəmiyyət kəsb edir” - deyə, dövlət başçısı əlavə edib. Prezident deyib ki, Azərbaycanın hökumət qurumları və fransız şirkətləri tərəfindən imzalanmış müqavilələrin dəyəri 2 milyard dollara yaxındır: "Beləliklə, bu, ilk növbədə ölkəmizin potensialını nümayiş etdirir, bu, fransız biznes dairələrinin Azərbaycandakı fəaliyyətə marağının göstəricisidir. Eyni zamanda bu, Azərbaycanda yerli və əcnəbi biznes qruplarına iş görmək, sərmayə yatırmaq və yaxşı podratçı olmaq üçün çox əlverişli şəraitin yaradıldığına dəlalət edir. Azərbaycanda fəaliyyət göstərən fransız şirkətləri bizə iqtisadiyyatımızın müxtəlif sektorlarını inkişaf etdirməyə kömək göstəriblər. Ölkəmiz üçün ənənəvi sayılan neft və qaz sektorunda bizim çox güclü əlaqələrimiz var. İcra edilməkdə olan layihələr qarşılıqlı faydalara gətirib çıxarır”.
Ölkə başçısı deyib ki, kənd təsərrüfatı sahəsində yaxşı perspektivlər var: "Şadam ki, ötən bir neçə il ərzində iqtisadiyyatımızın bu sektoru da çevik inkişaf etməyə başlamışdır və bu, həmçinin fransız şirkətlərinin iştirakı ilə baş vermişdir. Xüsusilə üzüm bağlarımızın inkişafını qeyd etmək istəyirəm. Kənd təsərrüfatında məhsuldarlığı artırmaq məqsədilə iqlim şəraitimizdən maksimum dərəcədə istifadə olunmuşdur”. Prezident deyib ki, təhsil sahəsində də yaxşı əməkdaşlıq mövcuddur: "Artıq üç ildir ki, fəaliyyət göstərən Fransız Liseyi bu əməkdaşlığın yaxşı nümunəsidir. Bundan sonra isə biz Fransız-Azərbaycan Universitetinin açılışını etdik. Bu, nəinki təkcə bizim təhsil potensialımızı gücləndirir, eyni zamanda həmin təhsil ocaqlarında təhsil alan uşaqlar və gənc nəsil artıq bir sözlə, bu iki ölkənin ictimai səfirlərinə çevrilirlər. Çünki onların həyatı Fransa ilə əməkdaşlığa bağlı olacaqdır”.
Ölkə başçısı Ermənistanın işğalçılıq siyasətindən də bəhs edib və Parisə müəyyən mesajlar verib: "Mən münaqişə barədə danışarkən Azərbaycanın işğal olunmuş ərazilərində, Dağlıq Qarabağ və ətraf ərazilərdə Avropadan, həmçinin təəssüf ki, Fransadan olan bəzi şirkətlərin fəaliyyəti ilə bağlı müəyyən narahatlığımı ifadə etmək istərdim. Çünki təkcə Dağlıq Qarabağ deyil, Dağlıq Qarabağ ətrafındakı 7 rayon da işğal altındadır. Bəzi şirkətlər bu ərazilərdə qanunsuz fəaliyyət göstərir ki, bu da qəbuledilməzdir. Bu, beynəlxalq hüququ, bizim qanunvericiliyimizi pozur və Azərbaycan bu məsələni beynəlxalq müstəvidə qaldırmaq üçün ciddi addımlar atır, həmçinin beynəlxalq məhkəmə institutlarına müraciət edir. Ona görə də mən bu narahatlığı ifadə etmək və torpaqlarımızda qanunsuz fəaliyyət göstərən şirkətləri bu fəaliyyətdən çəkinməyə çağırmaq istərdim. Bu fəaliyyət çoxlu gəlir gətirməyəcək, lakin çoxlu çətinliklər yarada bilər. Bu, ölkələrimiz arasındakı çox yaxşı, dost münasibətlərinə uyğun deyil. Mən başa düşürəm ki, bu şirkətlər bunu öz riskləri hesabına edirlər, lakin mənim borcum, sadəcə, onlara bundan çəkinməklə bağlı xəbərdarlıq etməkdir”.
Dövlət başçısı ardınca deyib: "Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sözümün yekununda, həmçinin bildirmək istərdim ki, bir neçə gün əvvəl Ermənistan prezidentinin MEDEF-də çıxış edərkən investorları öz ölkəsinə investisiya yatırmağa inandırmaq əvəzinə, tamamilə əsassız iddialarla Azərbaycanı, onun iqtisadiyyatını nüfuzdan salmağa çalışdığını mənə deyəndə təəccübləndim. O, innovasiyalar barədə danışırdı, deyirdi ki, Ermənistan innovasiyalar ölkəsidir. Açığını deyim, biz Azərbaycanda buna gülürdük, çünki çox məşhur bir deyim var - əgər bu qədər ağıllısansa, niyə bu qədər kasıbsan. Ermənistanın təbii ehtiyatlara malik olmaması faktı o demək deyil ki, xalq bundan əziyyət çəkməlidir. Fransa da daxil olmaqla, dünyanın əksər inkişaf etmiş ölkələrinin təbii ehtiyatları yoxdur. Lakin onlar düzgün idarəçilik, şəffaflıq, etibarlılıq, standartlar, təhsil, bilik və innovasiya sayəsində öz ölkələrini inkişaf etdirirlər. Ona görə də Ermənistan prezidenti fransız şirkətlərinə nağıl danışmaq əvəzinə, yaxşı olardı ki, diqqəti əhalisinin yarısından çoxu gələcək üçün heç bir perspektivi olmayan, yoxsulluq həddindən də aşağı yaşayan ölkədəki dəhşətli iqtisadi vəziyyətə cəmləsin. Onların rəsmi statistikasına görə, hər il Ermənistanı 60 min insan tərk edir, bizdə olan məlumata görə isə bu rəqəm 100 minə yaxındır. Əgər bu ölkə belə yaxşı və cəlbedici olsaydı, ola bilsin ki, insanlar qalmağı tərk etməkdən üstün tutardılar”.
Azərbaycana gəlincə, prezident deyib: "Əlbəttə, bizim çətinliklərimiz, problemlərimiz var. Biz hələ də islahatların həyata keçirilməsi prosesindəyik. Lakin mən xüsusilə neftdən əldə olunan gəlirlərimizin 3-4 dəfə aşağı düşməsini nəzərə alaraq, Azərbaycanın neft istehsal edən ölkələr arasında ən yaxşı göstəricilərdən birinə malik olduğunu göstərmək üçün bəzi rəqəmləri diqqətinizə çatdırmaq istərdim. Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə dünyada 37-ci yerə layiq görüb. Bu, çox yaxşı reytinqdir. Beləliklə, biz dünyanın 40 ən rəqabətədavamlı ölkəsi sırasındayıq. Bu, ən son reytinqdir. Bu reytinq bizə neftin qiyməti yüksək olanda verilməyib. Davosun başqa bir reytinqində Azərbaycan inkişaf etməkdə olan ölkələrin inkişaf səviyyəsinə görə 1-ci və 2-ci yerləri paylaşır. Bizim xarici borcumuz çox aşağıdır, bu, ümumi daxili məhsulumuzun 20 faizinə bərabərdir. Bizim konvertasiya oluna bilən valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfədən də çoxdur. Başqa sözlə, əgər istəsək, biz xarici borcumuzu bir neçə aya ödəyə bilərik və xarici borcumuz sıfır olar. Biz işsizliyi 5 faizə, yoxsulluğu isə 6 faizdən aşağı endirməyə nail olmuşuq. Azərbaycanda məşğulluğun səviyyəsi əsasən çox əlverişli biznes mühiti və investisiya mühiti sayəsində qalxıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 200 milyard dollardan artıq investisiya yatırılıb”.
Prezident İlham Əliyev Fransa ilə əməkdaşlığa önəm verdiyini bəyan edib: "Mən tez-tez sizin ölkənizdə səfərdə oluram. Mənim rəsmi səfərim güclü əməkdaşlığımızın daha bir göstəricisidir və işgüzar əlaqələr bu əməkdaşlığın ayrılmaz hissəsidir”.
Görüşdə Azərbaycanda dəmir yolu, qlobal nəqliyyat layihələri, metro tikintisi, rabitə texnologiyaları, kosmik sənaye, hava nəqliyyatı, energetika, neft-qaz sənayesi, maliyyə-bank sistemi, şəhər infrastrukturu layihələri, kənd təsərrüfatı, irriqasiya sistemi, turizm, mehmanxana sənayesi, bərpaolunan enerji və digər sahələrdə Azərbaycan ilə çox uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib və bu sahədə əlaqələrin inkişafına dair interaktiv fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev bu sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı suallara ətraflı cavab verib.
Sonda "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə "Thales Air Systems SA” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.