Binəli Yıldırım Niderlandın bayrağının endirilməsini təxribat adlandırdı

Türkiyənin baş naziri Binəli Yıldırım Niderlandın İstanbuldakı konsulluğu üzərindəki bayrağının endirilməsinə, onun türk bayrağı ilə əvəzlənməsinə münasibət bildirib.

Binəli Yıldırım Niderlandın bayrağının endirilməsini təxribat adlandırdı

"İctimaifikir.az"  report-a istinadən xəbər verir ki, o, "Habertürk" qəzetinə müsahibəsində baş verənləri pisləyib.
"Bunu kim, niyə, nədən edər? Bu, bir təxribatdır, bunlardan uzaq durmaq lazımdır", - baş nazir vurğulayıb.

Qeyd edək ki, Türkiyədə nümayişçilər Niderlandın İstanbuldakı konsulluğu üzərindəki bayrağı endirərək onu türk bayrağı ilə əvəzləyiblər. Aksiya iştirakçıları bu şəkildə Niderland hökumətinin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, həmçinin ailə və sosial siyasət naziri Fatma Bətul Sayan Kayaya qarşı sərgilədikləri münasibətə etirazlarını bildiriblər.
Yarım saatdan sonra polis Niderland bayrağını konsulluğun üzərinə geri qaytarıb.

Binəli Yıldırım Niderlandla münasibətlərin bir müddət sonra yenidən normallaşacağına inamını ifadə edib. Baş nazir bununla yanaşı, qarşı tərəfə xəbərdarlığını da səsləndirib. "Ölkələr arasında daimi dostluq, düşmənçilik olmaz. Münasibətlər zaman-zaman gərilər, düzələr. Sonu nə olursa-olsun, Türkiyəni, milləti təhqir, cəmiyyəti narahat edəcək heç bir hərəkətə boyun əymərik, qarşılığını ən sərt şəkildə verərik", - Binəli Yıldırım qeyd edib.

Baş nazir Avropa Birliyinin bir sıra ölkələrinin Türkiyədəki dəyişikliklərə müsbət yanaşmadıqlarını vurğulayaraq bu məsələdə terror təşkilatlarının da müəyyən rolu olduğunu diqqətə çatdırıb.




[email protected]