Сenevrədə Azərbaycanla bağlı sərt müzakirələrə Bakıdan reaksiyalar

Bəxtiyar Sadıqov: "Sizinlə niyə hesablaşmalıyıq?”; Mirvari Qəhrəmanlı: "Hökumətin səhv siyasəti nəticəsində...”

Сenevrədə Azərbaycanla bağlı sərt müzakirələrə Bakıdan reaksiyalar
Bu ilin əvvəllərindən başlayaraq, beynəlxalq qurumların Azərbaycan iqtidarına qarşı təzyiqlərinin artdığı müşahidə olunur. Bu, həmin qurumların hazırladıqları son hesabatlarda və ölkəmizdə insan haqlarının son durumu ilə əlaqədar verdikləri bəyanatlarda da aşkar görünür.


Son olaraq, martın 7-də Cenevrədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının sessiyasında Azərbaycandakı vəziyyət müzakirə olunub.


Tədbirdə BMT-nin hüquq müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forst, dinc toplaşmaq azadlığı hüququ məsələsi üzrə xüsusi məruzəçisi Mayna May, Azərbaycandan gənc fəal Nəcmin Kamil, hüquq müdafiəçisi Emin Hüseynov, jurnalist Xədicə İsmayılova (skayp vasitəsilə) və Azərbaycanın bu qurumdakı nümayəndəsi Vaqif Sadıqov çıxış ediblər. M.Forst deyib ki, ötən ilin sentyabrında Azərbaycanda olub və fundamental azadlıqların vəziyyətinin pisləşdiyinin, ölkənin avtoritarizmə doğru sürükləndiyinin şahidi olub. O özü fikirləri ilə əlaqədar hökumətin hücumlarına məruz qaldığını qeyd edib.


Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri insan hüquqları sahəsində vəziyyətin pisləşməsi, vətəndaşların siyasi motivlərlə təqib edilməsi, siyasi məhbus sayılan şəxslərin sayının 150-ni keçməsi haqqında danışıblar. Müzakirələrin gedişi ilə bağlı Nəcmin Kamil məlumat verib.


Azərbaycanda blogger Mehman Hüseynovun bu günlərdə polisə böhtan atmaq ittihamı ilə 2 il həbs edilməsinə də diqqət yetirilib. Nəcmin Kamilin dediyinə görə, Vaqif Sadıqov tənqidi çıxışlarda səslənən fikirləri təkzib etməyə çalışıb. İşgəncələr haqqında verilən məlumatı "nağıl” adlandırıb. Öz növbəsində, vətəndaş cəmiyyətinin nümayəndələri BMT qurumlarını Azərbaycanda insan hüquqları ilə bağlı problemlərə diqqəti artırmağa səsləyib.(contac.az)


"Azərbaycan” qəzetinin baş redaktoru, YAP-çı deputat Bəxtiyar Sadıqov bildirdi ki, BMT-nin İnsan Hüquqları Şurasının tənqidləri ona qəribə gəlir: "BMT artıq 30 ilə yaxındır ki, Azərbaycanda insanların hüquqlarının pozulması ilə bağlı qəbul etdiyi 4 qətnaməni yerinə yetirmir. Əgər onlar üçün insan haqları bu qədər önəmlidirsə, o zaman bir milyona yaxın məcburi köçkünümüzün hüquqlarının bərpasına çalışsınlar. Niyə öz sənədini yerinə yetirmədiyinə görə özünü tənqid etmir? Amma Azərbaycanda elə hesab edirlər ki, 1-2 nəfərin hüququ pozulub və dərhal onu müzakirəyə çıxarırlar. Bir dəfə özlərini müzakirə çıxarsalar çox yaxşı olar. Bunun səbəbini Azərbaycanın müstəqil siyasət yürütməsində, siyasətində öz milli maraqlarını öndə tutmasında görürəm. BMT son vaxtlar ikili standartlardan çıxış etməyə başlayıb. Ərəb ölkələrində onlar baş verənləri yaxşı görürlər. İstəmirlər ki, İslam aləmində həmrəylik, birlik, əməkdaşlıq olsun. Azərbaycan Dağlıq Qarabağ problemini öz ərazi bütövlüyü çərçivəsində həll edəcəyini bəyan edir.

Image result for Bəxtiyar Sadıqov

Gördülər ki, Azərbaycan ötən ilin aprelindəki döyüşlərdə öz gücünü necə göstərdi. Ölkəmiz heç vaxt işğal olunan ərazilərindən əl çəkməyəcək. Bu ərazilərin işğalında çıxış edənlər isə Ermənistan ərazisini genişləndirmək istəyirlər. Azərbaycan bunun qarşısında əzmlə dayanıb və ona təsir edə bilmirlər. Ona görə də beynəlxalq təşkilatlar bu cür variantlara əl atırlar. Onların müdafiə etdikləri insanlar konkret cinayət əməlinə görə həbs ediliblər. Onlarla bağlı məhkəmə qərarları var. Əgər insan taleyi sizin üçün bu qədər əzizdirsə, o zaman gəlin milyonların taleyini düşünək. Niyə onları kənara qoymusunuz? Deməli, sizin üçün barmaq sayı qədər əziz olan insan var, amma kütləvi şəkildə hüququ pozulan, Xocalıda soyqırıma məruz qalan, bu gün də hüquqları bərpa edilməyən insanlar var. Niyə onları müdafiə etmirsiniz? Niyə özünüz öz sənədinizə hörmət etmirsiniz? Əgər siz özünüzə hörmət etmirsinizsə, o zaman sizinlə niyə hesablaşmalıyıq? Bütün işlər standart olmalıdır, insan haqları ilə bağlı da, insanlara münasibətdə də”.

Image result for Mirvari Qəhrəmanlı


Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı hesab edir ki, bu cür təzyiqlərin Qərbdən gəlməsində hökumət daxilində olan bəzi qüvvələrin də rolu var: "Hökumətdə bir qrup var ki, digər qrupları qızışdırmaq üçün əfv öncəsi planlı siyasət yürüdür, ya əfvin qabağını almaq, ya da azsaylı şəxslərin əfvə düşməsi üçün. Mehman Hüseynovun tutulması nə demək idi? Bəyəm o təhlükə mənbəyidir? Bloggerdir, nə çəkibsə, çəksin də... Hökumət bu dəqiqə Avropaya yaxınlaşmaq siyasəti aparır. Bir faktı deyim ki, son illərdə beynəlxalq təşkilatlar özlərindən heç nə yazmırlar. Əvvəllər həmin qurumlar ölkəmizdə olub, olanları yazırdılar. Diqqət yetirəndə görürük ki, əvvəlki illərlə son illərdəki hesabatlar arasında ciddi fərqlər var. Hökumətin səhv siyasəti nəticəsində bu qurumlar ölkədən çıxarıldı. İndi həmin qurumlar ölkədən göndərilən hesabatlara əsaslanırlar. Çünki ölkəmizdə deyillər, hadisələrlə yaxından tanış ola bilmirlər, məhkəmələrin monitorinqini aparmırlar. Nəticədə buradan göndərilən hesabatları əsas götürürlər. Qarşıdan əfv sərəncamı gəlir və böyük siyahının olacağı deyilir. Düşünürəm ki, bu ərəfədə gələn təzyiqlərə görə beynəlxalq təşkilatları deyil, özümüzü qınamalıyıq. Beynəlxalq təşkilatların ölkəmizdən çıxarılmasında rol oynayan qurumları qınamaq lazımdır”.




[email protected]