Hökumətin də ciddi tənqid edildiyi sənəddə Azərbaycanda ən ciddi hüquq pozuntusu kimi Ermənistanın dəstəyi ilə separatçıların Dağlıq Qarabağ və Azərbaycanın digər yeddi rayonuna nəzarət etməsi faktı qeyd olunub
ABŞ Dövlət Departamenti dünyada insan hüquqlarının vəziyyətinə dair ənənəvi illik hesabatını açıqlayıb. (contact.az) Azərbaycana dair bölmədə (29-cu səhifə) vətəndaşların hüquq və azadlıqlarının ciddi şəkildə pozulması faktlarından, siyasi həbslər, korrupsiya və s. danışılır.
Hüquq pozuntuları arasında birinci yerdə "Ermənistanın dəstəyi ilə separatçıların Dağlıq Qarabağ və Azərbaycanın digər yeddi rayonuna nəzarət etməsi” faktı qeyd olunur.
Hərbi Əsirlər üzrə Dövlət Komissiyası Qarabağ münaqişəsi zamanı 3,866 vətəndaşın itkin düşdüyünü bildirib.
Hesabata görə, 2016-cı ildə Azərbaycanda çox ciddi işgəncə iddiaları araşdırılmayıb, ölkədə siyasi və dini fəalların həbsi, azad medianın boğulmasına aid məlumatların ardı-arası kəsilməyib.
Hesabatda qeyd edilir ki, əsas insan haqları problemlərinin xarakteri əvvəlki illərdən çox da fərqlənməyib, lakin bu pozuntuların miqyası bir qədər də genişlənib. "Hökumət əsas azadlıqların məhudlaşdırılmasını davam etdirib” - deyə sənəddə vurğulanır.
O da əlavə olunur ki, azadlıqlar üzərinə hücumlara 2006-cı ilədək müstəqil olmuş yeganə yarımmüstəqil telekanalın bağlanması da daxildir. Bu müddətdə bir qəzetin də bağlanmasına səbəb olmuş hərəkətlər hesabatda qeyd edilib.
"Azərbaycan hökuməti fərqli düşüncəni cəzalandırmaq üçün ədliyyə sistemindən istifadə edib, siyasi fəallar məhkəməyə qədərki dövrdə uzun müddətdə həbsxanada saxlanılıb, qanunvericiliyin tələbləri pozulmaqla mühakimələr aparılıb. Bundan başqa, hakimiyyət belə hallarda vəkillik etmək istəyən və buna qadir olan hüququşünasların sayını azaldıb.
Hakimiyyət əsas azadlıqlarından istifadəyə görə həbs edildikləri düşünülən 17 nəfəri həbsxanadan azad etsə də, bundan daha çox adamı həbs edib. Vətəndaşlara öz hökumətlərini demokratik yolla seçmək imkanı hələ də verilmir", - hesabatda bildirilir.
Sənəddə qeyd olunur ki, aşağı səviyyələrdə rüşvətxorluğun qarşısının alınması üçün davamlı tədbirlər həyata keçirilsə də, hakimiyyətin bütün səviyyələrində sistematik korrupsiyanın mövcudluğuna dair iddialar qalır.
Hakimiyyət insan haqları pozuntuları törətmiş rəsmiləri cəzalandırmayıb.
Hesabatda siyasi məhbuslardan da söz açılır. Qeyd edilir ki, geniş miqyasda siyasi məhbus olduqları düşünülən 14 nəfərdən başqa jurnalistlər Rauf Mirqədirov və Xədicə İsmayılova, eləcə də insan haqları müdafiəçisi İntiqam Əliyev də azad ediliblər. Bu 17 nəfərin azad olunmasına baxmayaraq, QHT-lər bildirirlər ki, ölkədə siyasi məhbusların sayı 119-160 arasında olaraq qalır.
ABŞ Dövlət Departamentinin hesabatı Azərbaycanda birmənalı qarşılanmayıb.
Milli Məclisin deputatı Zahid Oruc "Yeni Müsavat”a açıqlamasında bildirib ki, bu hesabatlar Amerikanın öz maraqlarını həyata keçirmək üçün istifadə etdikləri təsir vasitələrindən biridir: "Departamentin hər il yayılan hesabatlarında özünü açıq göstərən bir neçə xətt və istiqamət var və onları 2016-cı ilə dair hesabatda da ortaya qoyublar. Birinci növbədə insan haqları məsələsi yalnız bir neçə şəxsin, hakimiyyət dairələrinin kontekstində qiymətləndirilib. Bu, ümumazərbaycan xarakteri daşımır. Həmin hesabatın ümumi ruhuna görə ölkə haqqında təsəvvür formalaşdırmaq yanlış olardı. Mümkündür ki, konkret halda hansısa media təmsilçisi və ya siyasi fəalla bağlı mövqelərdə hüquqa zidd hallara yol verilə bilər. Bunu kimsə inkar etmir. Ancaq ölkədə ümumilikdə insan haqları ilə bağlı vəziyyətin yaxşılaşdırılması üçün aparılan tədbirləri də qətiyyən danmaq olmaz. Ancaq bunlar ümumiləşdirilmiş vəziyyətdə verilsəydi, Azərbaycan hökuməti tərəfindən Amerika ilə, onun departamenti ilə normal şəkildə danışıqlar aparıla bilərdi. Bu məsələdə bizim kimi düşünənlər daha çoxdur ki, bu hesabatlar dünyada insan haqlarının müdafiəsi məramından daha çox özünün iqtisadi, siyasi, ümumən geopolitik maraqlarını həyata keçirmək vasitəsinə çevrilib”.
Zahid Orucun sözlərinə görə, ABŞ-da dövlət qurumları və medianın qərəzsiz olmadığını yeni seçilən prezident də dəfələrlə səsləndirib: "ABŞ-ın yeni prezidenti Donald Tramp da vurğuladı ki, Amerikanın özünün daxili problemləri kifayət qədər çoxdur. Onun sözlərinə görə, bu, media orqanlarının kəşfiyyat orqanlarının əlində olmasından tutmuş, müxtəlif qüvvələrə qarşı aparılan mübarizələrdə açıq özünü göstərir. Məsələn, Tramp hələ seçki kampaniyasında olduğu, prezident seçilib, fəaliyyətə başlamadığı vaxtlarda Obama administrasiyası tərəfindən izlənməsinə dair iddialar irəli sürüb və Uotergeyt qalmaqalına bənzər vəziyyət olduğunu ifadə edib”.
Zahid Oruc vurğulayıb ki, insan haqları məsələsi beynəlxalq münasibətlərin predmeti kimi götürülürsə, xarici maraqların alətinə çevrilməməlidir: "İkincisi, bu səviyyədə hökumətlə aparılan danışıqları dəyərləndirmək lazımdır və o yöndə qiymətləndirmə aparmaq lazımdır. Sanki onlar düşünürlər ki, ölkədə xüsusi toxunulmaz şəxslər var. Məsələn, rusiyayönümlü bir ictimai fəalın hansısa problemi olursa, bu önəmli deyil. Ancaq bu qərbpərəstdirsə, ona qarşı tədbirlər xüsusi foksda götürülür və belə dəyərləndirilir”.
Ümid Partiyasının sədri İqbal Ağazadə isə hesab edir ki, ümumilikdə bu hesabat Azərbaycanın ictimai-siyasi həyatını əks etdirir: "Hesabatda qeyd olunanlar bu və ya digər şəkildə cəmiyyətdəki siyasi partiyalar, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti tərəfindən səslənir. Cəmiyyəti narahat edən problemlər burada öz əksini tapıb. Azərbaycan hökumətinin bu hesabatı qəbul etməməsinə normal baxmaq lazımdır. Çünki onların fəaliyyəti tənqid olunur. Lakin hökumət buna yol açan səbəblərin aradan qaldırılması istiqamətində düşünməlidir. Hətta bu hesabat qərəzli olsa belə düşünməlidir ki, niyə ona qarşı qərəz var. Bunun cavabını axtarmalıdır. Mən bu hesabatı qərəzli hesab etmirəm. Ola bilər ki, hansısa informasiya daha çox pafosla yazılıb, ancaq qərəzli deyil”.