Elçin Mirzəbəyli: "Ola bilsin ki, Moskva Ermənistanda keçiriləcək seçkilərədək ən azı xarici işlər nazirləri səviyyəsində danışıqlar prosesini bərpa etmək niyyəti güdür”
"Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi prosesində xeyli müddətdir ki, durğunluq yaranıb. Cəbhə xəttində atəşkəs rejiminin tez-tez pozulması, erməni tərəfinin təxribatları nəticəsində döyüş əməliyyatlarının yenidən alovlana biləcəyi və lokal müstəvidən çıxacağı təhlükəsi mövcud status-kvonu qoruyub saxlamağa çalışan qüvvələri, o cümlədən də Rusiyanı zahirən narahat edir”.
Politoloq Elçin Mirzəbəyli bu fikirləri Rusiyanın Qarabağla bağlı yeni təşəbbüsləri barədə "Yeni Müsavat”a danışarkən söylədi. Siyasi şərhçinin qənaətinə görə, qoşunların təmas xəttində Ermənistan tərəfinin təxribatlarının artmasının əsas səbəblərindən biri də müşahidəçilərin sayının artırılmasına zəmin yaratmaqdan ibarətdir: "Ola bilsin ki, burada daha da uzağa hesablanmış bir məqsəd var: münaqişəni alovlandırmaqla status-kvonu dəyişdirmədən mövcud şərtlər altında bölgəyə sülhməramlıların yerləşdirilməsi. Şübhəsiz ki, bu, bir ehtimaldır”.
Azərbaycan XİN başçısının Moskva səfərindən bir həftə sonra Ermənistan prezidenti Serj Sərkisyanın Rusiyaya səfər edəcəyinə gəldikdə, ekspert dedi ki, Moskvaya səfərlərinin ardıcıllığı təsadüfi də ola bilər: "Doğrusu, bu səfərlərin hansı tərəfin təşəbbüsü ilə həyata keçirildiyini bilmirəm. Amma bütün hallarda mövzunun Dağlıq Qarabağ və qoşunların təmas xəttində baş verən son hadisələr olacağı şübhəsizdir. Ola bilsin ki, Moskva Ermənistanda keçiriləcək seçkilərədək ən azı xarici işlər nazirləri səviyyəsində danışıqlar prosesini bərpa etmək niyyəti güdür. Lakin Ermənistanda seçkilərin nəticələri bəlli olanadək danışıqların bərpa oluna biləcəyi bir o qədər də inandırıcı görünmür. Çünki bunun heç bir mənası olmayacaq”. Ekspertin fikrincə, əgər yüksək səviyyədə görüş baş tutarsa bu, ilk növbədə Rusiyanın və seçki marafonunda iştirak edən Sərkisyanın korporativ siyasi maraqlarına xidmət edə bilər: "Seçkilərdən sonra isə vəziyyət dəyişəcək. Hətta Ermənistanda hakim hərbi-cinayətkar xunta hakimiyyətini bir formadan digərinə transformasiya edərək qoruyub saxlasa belə seçkilərdən sonra tamamilə fərqli bir reallıqların yaranacağını, işğalçı ölkənin hər şeyi sıfırdan başlamağa cəhd edəcəyini düşünürəm. Bir çox opponentlərimdən fərqli olaraq hesab edirəm ki, Ermənistanın parlament idarəçiliyinə keçidi demokratik dəyişikliklərə deyil, birbaşa Dağlıq Qarabağ məsələsinə hesablanmış və mövcud status-kvonun qorunub saxlanılmasına xidmət edən addımdır. Seçkilərdən sonra hətta görüntü xarakterli olsa belə, siyasi qərarların qəbul edilməsində bütün parlament iştirak edəcək və təbii ki, prosesin uzadılması üçün yeni imkanlar yaranacaq”.
Proseslərin arxasında Rusiyanın dayanmasını nəzərdə tutan "Stratfor” Araşdırma Mərkəzinin son hesabatına gəldikdə, E.Mirzəbəyli qurumun mütəmadi olaraq belə açıqlamalarla çıxış etdiyini xatırlatdı: "Bu mərkəzin hesabatları ictimai rəyin öyrənilməsi və yönləndirilməsi üçündür. Bu səbəbdən ”Stratfor"un bu qəbildən olan açıqlamalarına önəm vermək lazım deyil. Regionda şübhəsiz ki, yeni reallıqlar yaranıb. Amma bu reallıqların nə qədər davamlı olacağını proqnozlaşdırmaq mümkün deyil".
Politoloqun sözlərinə görə, Türkiyə, İran və Rusiyanın əməkdaşlığı regionda sabitləşdirici rol oynaya bilər: "Lakin nəzərə almaq lazımdır ki, hər 3 dövlətin öz maraqları var və bir-biri ilə rəqabətdədirlər. Hazırda əməkdaşlıq üçün yaranan şərait mövcud reallıqlardan qaynaqlanır. Bu, zorən əməkdaşlıqdır. Amma strateji baxımdan bu ölkələrin indikindən daha çox yaxınlaşa biləcəyinə inam azdır. Dağlıq Qarabağ məsələsi və postsovet məkanındakı digər münaqişələr Rusiya tərəfindən yaradılıb və adıçəkilən coğrafiyada Moskvanın təsir dairəsini qoruyub saxlamaq üçündür. Bu baxımdan, Rusiyanın İranla, yaxud Türkiyə ilə əməkdaşlığa görə öz strateji hədəflərindən vaz keçəcəyi inandırıcı deyil. Bu münasibətlər ən yaxşı halda münaqişənin genişlənməsinin qarşısını ala bilər. Həmsədrlərin səfərinə gəldikdə isə bu səfər çox güman ki, təmas xəttində baş verən son hadisələrlə bağlıdır. Bu səfərin hər hansı bir əlahiddə dəyişikliyə səbəb olacağını düşünmürəm. Çox güman ki, bu səfər də danışıqlar prosesinin davam etməsi ilə bağlı ənənəvi bəyanatla başa çatacaq”.