Bakı-Tehran əlaqələrində mühüm gəlişmə

Azərbaycan prezidenti İlham Əliyev İrana səfər etdi; vacib sənədlər imzalandı; prezidentlərdən önəmli açıqlamalar...

Bakı-Tehran əlaqələrində mühüm gəlişmə

Azərbaycan prezidenti İlham Əliyev martın 5-də İrana rəsmi səfər edib. Səfər çərçivəsində Azərbaycan və İran prezidentləri arasında məhdud tərkibdə təkbətək görüş olub. Bundan sonra İlham Əliyevin və Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.


"İctimaifikir.az"-ın APA-ya istinadən məlumatına görə, Ruhani geniş tərkibli görüşdə deyib ki, prezident İlham Əliyevi və onu müşayiət edən nümayəndə heyətini görməyə çox şaddır: "Ümid edirəm ki, bu başlanğıc bizim əlaqələrimizə daha yaxşı töhfə verəcək. Məmnunluqla qeyd etmək istəyirəm ki, ötən illərdə iki ölkə, iki dövlət arasındakı əlaqələr sürətlə inkişaf edərək genişlənib. Bu da göstərir ki, biz gələcəyə ümidlə baxmalıyıq”.


Prezident İ.Əliyev ilk növbədə dəvətə, ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə İran prezidentinə minnətdarlıq edib: "İran-Azərbaycan əlaqələrinin uğurla inkişafı bizi çox sevindirir. Son bir neçə il ərzində bu əlaqələr, deyə bilərəm ki, ən yüksək zirvəyə qalxıb. Bir çox önəmli məsələlər öz həllini tapıb və bu gün İran-Azərbaycan əməkdaşlığı demək olar ki, bütün sahələri əhatə edir. Bizim əlaqələrimiz tarixə əsaslanır. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir və prezidentlər səviyyəsində görüşlərimiz, nazirlərin görüşləri ümumi işimizə böyük töhfədir”.


Geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra hər iki ölkə prezidentinin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub. "Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İran Dəmir Yolları Şirkəti arasında dəmiryolu əlaqəsinin birləşdirilməsinə dair Anlaşma Memorandumu" imzalanıb.


İ.Əliyev və H.Ruhani görüş çərçivəsində mətbuat konfransı keçiriblər. Dövlət başçısı çıxışında Azərbaycan-İran əlaqələrinin sürətli inkişafından söz açıb: "Qardaş İran torpağında yenidən olmağımdan çox məmnunam. Bu mənim son üç il ərzində İran İslam Respublikasına üçüncü səfərimdir. Bütünlükdə, son üç il ərzində cənab prezident Ruhani ilə səkkiz dəfə görüşmüşəm. Bu göstərir ki, İran-Azərbaycan dostluq, qardaşlıq əlaqələri çox uğurla və sürətlə inkişaf edir. Bizim əlaqələrimiz qədim tarix, mədəniyyət və ortaq din əsasında qurulub. Siyasi əlaqələrimiz yüksək səviyyədədir, bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan ərazi bütövlüyü, suverenliyi əsasında həll olunması istiqamətində mövqeyinə görə İran İslam Respublikasına minnətdarlığımızı bidirmək istəyirik. Bu mövqe beynəlxalq prinsiplərə, qanuna və ədalətə əsaslanır. Ötən il bizim ticarət dövriyyəmiz 70 faizdən çox artıb. Bu, əldə edilmiş razılaşmaların nəticəsidir. Bütün imzalanmış sənədlər həyatda öz əksini tapır və reallaşır. Təkcə keçən il mənim İrana və prezident Ruhaninin Azərbaycana səfərləri çərçivəsində 18 sənəd imzalanmışdır. Bu gün əlavə iki sənəd imzalanmışdır. Bu, əlaqələrimiz üçün möhkəm hüquqi baza yaradır. İran tərəfi Azərbaycana sərmayə qoymağa başlayıb. Buna görə də minnətdarıq. Eyni zamanda, prezident Ruhaninin qeyd etdiyi kimi, Azərbaycan da Rəşt-Astara dəmir yolunun çəkilişi üçün böyük həcmdə maliyyə resurslarını səfərbər edib. Mən bir il bundan əvvəl bu salonda qeyd etmişdim ki, 2016-cı ildə Azərbaycan öz dəmir yolunu Azərbaycan-İran sərhədinə qədər çəkəcək. Biz buna nail olduq, bu, artıq reallıqdır. Hətta Astaraçay üzərində dəmir yolu körpüsü tikilib, istismara verilib. Bu günlərdə birinci qatar artıq sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib”.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan və İranın birgə icra etdiyi "Şimal-Cənub” nəqliyyat dəhlizi tarixi hadisədir: "Bu layihə eyni zamanda regional əməkdaşlıq məsələlərinə mühüm töhfə verir. İndi regionda üçtərəfli formatların sayı çoxalır. Energetika sahəsində böyük uğurlar əldə olunub. Biz elektrik xətlərimizi birləşdirdik və indi mübadilə aparılır. Neft-qaz sektorunda əməkdaşlıq üçün yaxşı imkanlar var. İran şirkəti ”Şahdəniz-2" layihəsinin fəal iştirakçısı və sərmayədarıdır. Xəzər dənizində müştərək neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün bu gün geniş fikir mübadiləsi aparılıb. Xüsusilə müştərək iqtisadi komissiyanın fəaliyyətini qeyd etmək istəyirəm. Komissiya çox fəal işləyir və prezidentlərin bütün göstərişlərini vaxtlı-vaxtında və yüksək səviyyədə icra edir. Bu il Azərbaycanda "İslam Həmrəyliyi ili” elan edilib. Bu, təkcə idman yarışı olmayacaq, həm də İslam aləminin birləşməsi deməkdir. Əminəm ki, İran idmançıları bu yarışlarda böyük uğur qazanaraq yüksək pillələrə qalxacaqlar".


H.Ruhani deyib ki, ötən 3 il ərzində iki ölkənin əlaqələri həm siyasi və həm də mədəniyyət sahəsində çox inkişaf edib: "İki ölkə arasında tranzit sahəsində də əməkdaşlıq yaxşı səviyyədə qurulub və Şimal-Cənub Nəqliyyat Dəhlizi bu əlaqələrin qurulmasında böyük rol oynayır. İki ölkə neft sahəsində də əməkdaşlıq edir. İran neft mübadiləsi sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır. Yəni İran nefti Xəzər dənizində təhvil alsın və İranın cənubunda dünya bazarına çıxarsın. Biz görüşdə ekologiya, Xəzər dənizində ətraf mühitin qorunması, Xəzəryanı ölkələrin əldə etdiyi razılıqların icrası üçün davamlı əlaqələr qurmaq və Xəzərin ekoloji təmizliyini qorumaq məsələlərini müzakirə etdik. Xəzər dənizində neft yataqlarının birgə işlədilməsi ilə bağlı çoxlu müzakirələrimiz olub. Bu gün də bu müzakirəni davam etdirdik. Qərara alındı ki, iki ölkənin neft nazirləri razılıq əldə olunana kimi müzakirəni davam etdirsinlər. Görüşdə həmçinin regionda baş verən proseslər müzakirə olundu. İran bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmağın zəruriliyini vurğulayır. Ümid edirik ki, Qarabağ münaqişəsi də öz həllini tapacaq”.


Müstəqil politoloqlar ölkə başçısının İran səfərinin Azərbaycan üçün region və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əhəmiyyətli olacağını vurğulayırlar. Xüsusilə, ötən ilin sonlarında H.Ruhaninin İrəvana səfərinin ölkəmizdə ciddi etirazla qarşılanması və bundan sonra İ.Əliyevin Tehran səfərinin reallaşmasının düşmən ölkəyə ciddi mesaj olduğu qeyd olunur. Bu səfərin Ermənistanda ciddi narazılıq yaradacağını indidən təxmin etmək elə də çətin deyil.


Politoloq Elxan Şahinoğlu dövlət başçısının tarixi səfəri ilə bağlı bunları dedi: "Azərbaycan və İran prezidentləri son 3 ildə artıq 8-ci dəfədir görüşürlər. Bu müsbət dinamikadır. Azərbaycan-İran münasibətləri tarixində belə yüksək dinamika ilk dəfədir qeydə alınır. Hiss olunur ki, prezident İlham Əliyev iranlı həmkarı Həsən Ruhani ilə ümumi dil tapa bilib. İranla Azərbaycan arasında iqtisadi əlaqələr həcmi getdikcə artır. Siyasi təmasların və iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının həcminin atmasına baxmayaraq Azərbaycan hakimiyyəti, müxtəlif siyasi dairələr və cəmiyyət Tehranın işğalçı Ermənistanla əlaqələrindən narahatdır. Doğrudur, rəsmi görüşlərdə bu məsələ qabardılmır. Çünki kiminlə necə əlaqə qurmaq İranın daxili işidir. Ancaq bəzən İran rəsmiləri və din xadimləri Azərbaycan-İsrail münasibətlərini açıq şəkildə tənqid edirlər. Belə olan halda bizim rəsmilərin də İran-Ermənistan əlaqələri haqqında tənqidi fikirlər söyləmək hüququ var.

Misal üçün, İlham Əliyevin İrana səfərindən bir gün əvvəl qonşu ölkənin televiziya kanallarından biri skayp vasitəsilə məndən müsahibə aldı və iki ölkə arasındakı münasibətləri qiymətləndirməmi xahiş etdi. İlham Əliyevin qonşu ölkəyə səfərin əhəmiyyəti haqqında danışdıqdan sonra İran tamaşaçılarının diqqətinə bunu çatdırmağı özümə borc bildim: ”İranla Azərbaycan arasında iqtisadi münasibətlər inkişaf edir, birgə layihələr reallaşır, ancaq siyasi dairələrimizin və cəmiyyətimizin qonşu ölkədən başqa gözləntisi var: Dağlıq Qarabağ məsələsində İrandan, siyasi və dini dairələrdən real dəstək gözləyirik, Azərbaycan torpaqlarının işğalına, məscidlərin dağıdılmasına etirazınızı gözləyirik. Bildirin bu etirazı Ermənistan rəsmilərinə! Azərbaycanın ərazi bütövlüyünə sözdə və əməldə dəstək lazımdır. İran bunu edərsə, ikili münasibətlər daha çox inkişaf edər". Bu bizim İran hakimiyyətinə, din xadimlərinə və cəmiyyətinə daimi mesajımız olmalıdır".


Politoloq Ermənistanda İ.Əliyevin İran səfərinə qısqanclıqla yanaşıldığını da vurğuladı: "Ermənistan hakimiyyəti İlham Əliyevin İrana səfərinə qısqanc yanaşır, mediası bu haqda heç nə yazmır. Bunun obyektiv səbəbi var. İran nə qədər Ermənistanı ayaqda tutmağa çalışsa da, real olaraq Azərbaycanla iqtisadi və ticarət əlaqələrindən fayda qazanacaq. Azərbaycanın resursları İranı cəlb edir. Ermənistanın nə resursu var ki, İrana nə təklif etsin? Ermənistanda həm də ondan qorxurlar ki, bir gün İran hakimiyyətinin Azərbaycana yönəlik siyasəti dəyişə bilər. İranda yaşayan 30 milyona yaxın azərbaycanlı bir gün Ermənistanın qorxulu yuxusuna çevrilə bilər. İranda yaşayan azərbaycanlılar bir gün İranda əsl söz sahibinə çevrilsələr, Tehranın Ermənistanla sıx əlaqələrinə seyrçi qalmayacaqlar”.




[email protected]