Ayaqyolundan 20 dəqiqəyə çıxmayanlar...

Azər Qismət

Dahilərdən biri deyib ki, insanın ağlına ən yaxşı ideya ayaqyolunda gəlir. Tibbi cəhətdən bunu xırdalamaq yerinə düşməz. Ən azından onu deyim ki, güc vermək hər şeyə qadirdir, istedadla yanaşı, nəyi desən üzə çıxarar.

Əlbəttə, dünya alimlərinin xərçəngin əlacının üzərində işlədikləri, yaxud Mars planetinə uçmaq qədər inkişafa nail olduqları belə vaxtda ayaqyolundan yazı yazmaq xırda məsələdir. Amma nəzərə alaq ki, bu problem var. Paytaxtda, eləcə də ölkənin əksər bölgələrində ayaqyolu çatışmazlığı mövcuddur.

Metronun "28 May” stansiyasının yaxınlığında Baku Bus avtobusları aeroporta gedir. Onun yanında çox səliqəli ayaqyolu quraşdırıblar, çünki xarici turistlər üçün çətinlik yaranırdı. İndi yeni bir problem ortaya çıxıb. O gün görürəm ki, 2 rusiyalı turist ora girmək istəyir, amma hansısa bizim vətəndaş 20 dəqiqədir ki, ora girib çıxmaq bilmir. Dayanacaqdakı kişi dedi ki, belə problem tez-tez olur, bizimkilər əksər hallarda ayaqyoluna girib 20-25 dəqiqə çıxmır. Ya "iqra” oynayırlar, ya dərin fikrə qərq olurlar, ya da "Səfillər” romanını oxuyurlar. Görünür, ABŞ və Yaponiya variantını tətbiq etmək lazım gələcək. Oradakı ayaqyolunun qapıları 5 dəqiqədən sonra avtomatik olaraq açılır. Insan biabır olmamaq üçün işini işıq sürətilə görüb qurtarır. Bu həm də ayaqyolunun divarlarına hansısa pozğunun nömrəsini qeyd etməyə, ya da kiminsə nəslini söyməyə, yaxud A+S=Sevgi kimi sözləri yazmağa da imkan vermir. 5 dəqiqə ərzində problemləri həll etmək mümkündür.

Hətta Böyük Britaniyanın keçmiş Baş naziri Marqaret Tetçer nazirlərə tapşırırdı ki, hesabat çıxışını 5 dəqiqə ərzində həyata keçirsinlər. Çünki lakonikliyə həmin müddətdə əməl etmək mümkündür. Tetçer bilsəydi ki, bizimkilər ayaqyolundan 20-25 dəqiqəyə çıxır və tiristlər deyinə-deyinə təbii ehtiyaclarını ödəməyə yer axtarır, ürəyi partlayardı. Ola bilsin ordan gec çıxanlar yuxarıda qeyd etdiyim dahinin fikirlərini oxuyublar ki, adama ideya gəlir. Bu məsələdə gün boyu teleekranları tutan mətbəx verilişlərinin də günahı var. Elə resept deyirlər ki, adamlar qəbizlik sindromuna tutulur.

Bəzi yerlərdə qoyulan ayaqyolular isə səhər saat 10-11-dən tez açılmır. Səməd Vurğun bağında dəfələrlə turistlərin əl-qolla deyinmələrindən, yaxud ayaqlarını tez-tez sağa-sola fırlatmalarından anlamışam ki, ayaqyolu axtarırlar. Budur, ayaqyoluna baxan uzaqdan yellənə-yellənə gəlir, axşamdan dişinin arasında qalan tikəni nırçıldadır, nazla qapını açır. Turist sevinir ki, nəhayət arzusuna çatacaq, cənnət həyatı yaşayacaq. Lakin arzusu ürəyində qalır. Ayaqyoluna baxan qışqırır: "Hara girirsən? Qoy, içərini süpürüm sonra girərsən. Camaatda üz var e”. Belə yerdə turist o dünyanı görüb-gəlir.

Dəfələrlə olub ki, turistlərin başqa harada ayaqyolu olması barədə sorğularına cavab verə bilməmişəm. Tanıdıqlarım isə tamamilə üfunət mənbəyidir. 20-30 qəpik alsalar da, adi sabun belə qoyulmur. Hətta, metronun "20 Yanvar” stansiyanın yaxınlığındakı ayaqyolunda adi su krantı qoyulmayıb, su iri çəlləkdən götürülür. Elə bil Qəndahardır.

Bölgələrə uzanan əsas traslarda isə vəziyyət tamamilə gərgindir. Bu yerdə yanacaqdoldurma stansiyaları köməyə çatırdı. Oranın ayaqyolusu işçilər üçün nəzərdə tutulub. Əvvəl adamlara yazıqları gələrdi. İndi onlar da qapını bağlayır. Çünki stansiyada növbə yaranır. Rayonların əksəriyyətində isə turistlər üçün ayaqyolu demək olar ki, yoxdur.

Ayaqyolu xırda məsələ deyil. Əvvəllər deyirdilər ki, ölkə barədə ilkin təəssürat aeroportun gözəlliyi və səliqə-səhmanından başlayır. İndi isə deyilir ki, ayaqyolundan başlayır. Bu isə əməlli-başlı problemə çevrilib. Ölkəmizə ikinci dəfə gələn turist belə problemin mövcudluğunu bildiyindən daha əvvəlki kimi pivə içib şəhərə çıxmır. Bilir ki, bir azdan qaçdıtutdu oynayacaq.

O ki qaldı bizimkilərin içəridən 20-25 dəqiqə çıxmasına...Variantlar çoxdur.




[email protected]