Lənkərandakı Dairəvi qalanın əsaslı təmirə ehtiyacı var

El arasında Zindan qala kimi tanınan Dairəvi qala 1747-1786-cı illərdə İran hökmdarı Nadir Şah Əfşarın göstərişi ilə avropalı mühəndislər və təbrizli ustalar tərəfindən inşa olunub. Müdafiə məqsədilə tikilən Dairəvi qala XIX əsrin sonlarından zindan kimi istifadə edildiyindən bir çox məşhurlar burada həbs həyatı yaşayıb. Onların arasında keçmiş SSRİ-nin rəhbəri olmuş İosif Stalin də var. Turistlər üçün maraqlı sayıla biləcək bu məkan hazırda yararsız hala düşüb.


Ötən əsrin 70-ci illərində Azərbaycanda zindanlar regionlardan mərkəzə köçürülərkən bu məkan da boşaldılıb. 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Dairəvi qalada əsaslı təmir-bərpa işləri aparılıb, əvvəlki möhtəşəm görkəminə qaytarılıb. Amma qalanın hazırkı vəziyyəti narahatlıq doğurur. 2015-ci ilin fevralında Lənkərana yağan qar binanın damının bir hissəsini uçurub, digər hissəsini qəzalı vəziyyətə salıb. Ötən ilin dekabrında yağan qar isə qəzalı vəziyyətə düşən həmin hissəsini də uçurub. Buna görə də yağan qar və yağış birbaşa binanın içinə tökülür.

Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə yerli əhəmiyyətli tarixi abidə kimi dövlət tərəfindən mühafizə olunaraq, ölkənin memarlıq abidələri siyahısına daxil edilən bu abidə bir vaxtlar Lənkəran qalasının mühüm hissəsi olub. Buradan məşhur Mayaka gizli tunel də çəkilib.

Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Lənkəran rayonu üzrə abidə mühafizəçisi Vamiq Babayev bildirib ki, Dairəvi qaladakı mövcud vəziyyətlə əlaqədar bir sıra qurumlara, eləcə də Mədəniyyət və Turizm Nazirliyinə müraciət edilib. Ümid edirik ki, qala bu il əsaslı şəkildə yenidən bərpa olunacaq.

Dairəvi qalanın birinci mərtəbəsində Lənkəran Dövlət Rəsm Qalereyası fəaliyyət göstərir. Qalereyanın direktoru vəzifəsində işləyən Məmmədsadıx Hüseynov da binanın hazırkı durumunun ürəkaçan olmadığını deyib: "İki ildir Lənkəran Dövlət Rəsm Qalereyası Dairəvi qalada yerləşir. Burada rəsm, heykəltəraşlıq və tətbiqi sənət üzrə dərnəklər fəaliyyət göstərir. Binanın damının uçması işimizi çətinləşdirir. Yağan yağış, qar birbaşa aşağı mərtəbələrə tökülür”.

Bəli, Lənkərandakı qədim memarlıq abidəsi olan Dairəvi qalanın hazırkı vəziyyəti o qədər də ürəkaçan deyil. Buna görə rayona gələn turistlər bu tarixi abidə ilə tanış olmaq imkanından məhrum olublar.

Ümid edirik, respublikanın əlaqədar təşkilatları tez bir zamanda Dairəvi qalada əsaslı təmir və bərpa işlərinə başlamaq üçün lazımi tədbirlər görəcəklər.

 





[email protected]