NATO rəhbərliyi Gürcüstanda

Qonşu ölkə qurumun üzvü olmağa yaxınlaşır, Azərbaycan yolun harasındadır...

NATO rəhbərliyi Gürcüstanda
Martın 3-də Tiflisdə NATO Hərbi Komitəsinin iclası başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, NATO Hərbi Komitəsinin sədri, general Petr Pavel Gürcüstanın NATO-nun önəmli tərəfdaşı olduğunu bildirib. Gürcüstanın müdafiə naziri Levan İzoria isə NATO-nun Gürcüstana dəstəyinin önəmli olduğunu qeyd edib: "Biz NATO Hərbi Komitəsinin rəhbərliyi ilə əməkdaşlığımızı daha da gücləndirəcəyik, mövcud işgüzar və praktiki mexanizmləri daha da təkmilləşdirəcəyik. Bu gün regionda Rusiyadan qaynaqlanan təhlükəsizlik problemləri fonunda NATO-nun önəmli dəstəyi var. Bunu NATO Hərbi Komitəsinin yığıncağının ikinci dəfə Gürcüstanda keçirilməsi haqqında qərarı və dəstəyi sübut edir. Ümid edirik ki, Gürcüstan alyansın etibarlı tərəfdaşı kimi avroatlantik ailənin gələcək üzvü kimi tanınacaq”.


Müdafiə naziri 2017-2020-ci illər üçün yeni strategiyanın əsas istiqamətləri haqqında məlumat verib, NATO-Gürcüstan əməkdaşlıq formatında NATO-Gürcüstan əhəmiyyətli paketi (SNGP) prosesi barədə danışıb.


Sonra NATO-Gürcüstan birgə Təlim və Qiymətləndirmə Mərkəzinin layihə rəhbəri, polkovnik Qriqori Çelidze silahlı qüvvələrə aid layihəni təqdim edib.


Ekspert Şahin Cəfərlinin fikrincə, martın 2-də Avropa Birliyinin Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi barədə yekun qərarının ardınca martın 3-də NATO Hərbi Komitəsinin üzvlərinin Gürcüstana səfəri və NATO-nun ali hərbi orqanının Tiflisdə toplantı keçirməsi çox önəmli hadisədir. Gürcüstanın Qərbə inteqrasiyası prosesində sürətlənmə göz önündədir: "Bunun əsas səbəbi Rusiya-Qərb münasibətlərində yaranmış böhranın sonu görünməyən mərhələyə daxil olması ilə bağlıdır.


ABŞ-da Rusiya əleyhdarlığı az qala hər gün, hər saat şiddətlənir. Hazırda Vaşinqtonda hökm sürən ab-hava "soyuq müharibə” dövründən çox az fərqlənir. Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi və seçki öncəsində Trampın bəzi komanda üzvləri ilə şübhəli əlaqələr qurması Konqresdə olduqca aqressiv atmosferin yaranmasına səbəb olub. Sanksiyaların ləğvi ehtimalı tamamilə gündəmdən çıxıb, Reyqan dönəmini xatırladan bəyanatlar səslənir, Senat və Nümayəndələr Palatasının komitələrində Makkarti dönəmini xatırladan araşdırmalar gedir.


Avropa isə gec də olsa, anlayıb ki, öz içərisindəki populist-faşist cərəyanlar artıq alternativ siyasi xətt olma məsumluğundan çıxaraq "5-ci kolon” rolunu oynamağa və ənənəvi institutları, liberal-demokratik düzəni real şəkildə sarsıtmağa başlayıb. Fransada prezident seçkiləri öncəsi Rusiyaya yaxın namizədlərin "vurulması” mühüm gəlişmədir.


Bütün bunlar onu söyləməyə əsas verir ki, Qərb Moskvanın israrının əksinə olaraq, postsovet məkanını Rusiyanın nüfuz dairəsi kimi tanımayacaq. Bu, Gürcüstan, eləcə də Ukrayna üçün şansdır. Gürcüstan yaranmış əlverişli geosiyasi durumdan yararlanmağa çalışır".


Ekspertlər hesab edir ki, Gürcüstan-NATO münasibətlərinin getdikcə sıxlaşması təkcə Gürcüstan üçün deyil, həmçinin digər Cənubi Qafqaz ölkələri üçün də əhəmiyyətli hadisədir. Hansı sahədə olursa-olsun, NATO ilə hərbi və siyasi baxımdan əlaqələrin inkişafı müsbət qiymətləndirilməlidir. Hələ ötən ilin may ayında Gürcüstanda keçirilən NATO-nun hərbi təlimlərinin ən mühüm cəhəti ondan ibarət idi ki, bu təlimlərdə Gürcüstan tərəfindən iştirak edən bir bölük NATO Çevik Reaksiya Qüvvələrinin tərkib hissəsinə daxil edilmişdi. Bu təlimlərin ən böyük hərbi strateji nəticəsi budur ki, artıq bu təlimlərdə iştirak edən Gürcüstanın bir rotası NATO sertifikatını alıb. Artıq demək mümkündür ki, Gürcüstanda rəsmi olaraq NATO-nun məhdud hərbi kontingenti var. Bu, çox mühüm bir məsələdir və digər Cənubi Qafqaz ölkəsi olan Azərbaycana da dolayısı ilə olsa da təsiri var. Artıq NATO Gürcüstanda öz hərbi iştirakını təmin edib. NATO-nun Gürcüstanda hərbi iştirakının təmin olunması o deməkdir ki, artıq bu gün Gürcüstanda Rusiya və NATO qüvvələri qarşı-qarşıya durublar. Bu, Gürcüstanın əlaqələrinin inkişafında, onun NATO-ya üzvlüyü istiqamətində çox ciddi bir addımdır. Heç kəsə sirr deyil ki, Gürcüstan NATO üzvlüyünə tam hazırdır. Sadəcə olaraq, Almaniya başda olmaqla, Avropanın bir sıra ölkələri Rusiya faktoruna görə buna qarşı çıxırlar. Gürcüstan NATO üzvlüyünə hazırlıqla bağlı özündən asılı olan hər şeyi edib.


Bəs Azərbaycan-NATO münasibətləri hazırda nə yerdədir?


Ekspertlər hesab edir ki, burada durum fərqlidir. Azərbaycanın rəhbərliyi dəfələrlə bəyan edib ki, onların nəinki NATO-ya üzv olmağa, hətta Avropa Birliyi ilə assosiativ saziş imzalamağa belə, niyyətləri yoxdur. Məhz buna görə də Azərbaycanın NATO ilə əməkdaşlığı fərdi tərəfdaşlıq proqramı çərçivəsində qalıb. İllərdir Azərbaycan NATO ilə fərdi tərəfdaşlıq proqramı çərçivəsində tərəfdaşlıq edir. Bu, Gürcüstan-NATO münasibətləri ilə müqayisədə kifayət qədər aşağı səviyyədir. Ona görə Azərbaycanın NATO-ya inteqrasiya etməsi üçün çox böyük yol qət edilməlidir. Ölkənin NATO ilə yaxınlaşması müdafiə və hərbi sahədə NATO standartlarına yaxınlaşması deməkdir. NATO və Azərbaycan Silahlı Qüvvələrinin standartları yaxınlaşdıqca, gələcəkdə birgə təlimlərin, hərbi əməliyyatların keçirilməsi də mümkün olur. Eyni zamanda bu, Azərbaycanın müasir döyüş qabiliyyətinə, strategiya və taktikasına yiyələnməsinə gətirib çıxaracaq. Ölkəmizin hərbi büdcəsinin planlaşdırılmasından tutmuş, strateji planlaşdırılmasına qədər zabitlərimizin müasir hərbi elmi öyrənməsi ilə nəticələnəcək. Azərbaycan NATO kimi hərbi ittifaqlarla Gürcüstan qədər sıx əməkdaşlıq qurmayıb. Azərbaycan buna nail olsa, Qarabağ məsələsində mövqelərini daha da gücləndirər və dünyadan birmənalı dəstək əldə edər.





[email protected]