Getdikcə artan qadağalar cəmiyyəti hara aparır...

Ekspert: "Hansısa ölkələr bizə nə layiqli şəkildə demokratik dəyərləri təqdim edə, nə də özlərini buna uyğun şəkildə apara bildilər”

Getdikcə artan qadağalar cəmiyyəti hara aparır...

Son zamanlar ölkədə həm qanunvericilik bazasında, həm də məişət həyatında qadağaların sayı artıb. Müşahidə etsək görərik ki, cəmiyyətdə insanların hərəkəti, fəaliyyəti sanki hansısa çərçivə daxilinə salınıb. Hətta bəzi hallarda belə təsəvvür yaranır ki, cəmiyyət qanunlarla deyil, qadağalarla idarə olunur.

Bu hal təkcə bizdə deyil, əksər Şərq ölkələrində müşahidə olunur.

Əgər Avropa, Qərb insanlara azadlıqlar verib bundan bəhrələnirsə, sərt qaydalar olan ölkələrdə əksinədir; insanları sıxmaqla, çərçivəyə salmaqla idarə etməyə, bu cür yararlanmağa çalışırlar.

Sosioloq Əhməd Qəşəmoğlu mövzu ilə bağlı "Yeni Müsavat”a bildirib ki, hazırda dünyanın bir çox ölkələrində bu cür hallar müşahidə olunur:
"Uzun illərdir ki, cəmiyyətdə demokratik dəyərlər və bunun tələbləri barəsində fikirlər səsləndirilir. Bu barədə biz çox müzakirələr etmişik. Çox təəssüf ki, hansısa ölkələr bizə nə layiqli şəkildə demokratik dəyərləri təqdim edə, nə də özlərini buna uyğun şəkildə apara bildilər. Bizə demokratiyadan danışanlar, milli mənafelərimiz önə gələndə susdular. Baxdıq ki, demokratiya həmin dövlətlərin əllərində hansısa məqsədlərə xidmət edən vasitədir. 10-15 il bundan öncə camaatda demokratik prinsiplərin cəmiyyət üçün faydalı olmasına bir inam var idi. Düşünürdülər ki, bu dəyərlərin cəmiyyət üçün müsbət tərəfləri var. Lakin bizim cəmiyyətdə demokratiya, təqdim olunan şəkildə işləmədi. İşləmədikdə isə insanlarda demokratiyaya qarşı bir qədər etinasızlıq yaranmağa başladı. Nəticə etibarı ilə bir zamanlar demokratiyadan nələrsə gözləyənlər, artıq bu cür düşünmürlər. Bu da təəssüf doğuran bir haldır. Cəmiyyətdə xaotik vəziyyət yaranıb və belə zamanda istər məmurlar, istərsə də digər şəxslər çıxış yolunu tapmaqda çətinlik çəkirlər”.

Ekspert bildirib ki, dünyada da məhdudiyyətlər əvvəlki illərlə müqayisədə çoxalıb:

"Bu məhdudiyyətlərin nə üçün qoyulması əsas məsələdir. Məlum olduğu kimi Pinoçet Çilidə xeyli sayda məhdudiyyətlər qoymuşdu. Ancaq nəticədə belə məlum oldu ki, bu qadağalar vasitəsi ilə Pinoçet Çilini böyük bir xaosdan çıxarıb. İndiki vaxtda Çilidə böyük azadlıq yaranıb və kim nə istəyirsə edir. Orada hər kəs sanki bir zamanlar qoyulan məhdudiyyətlərin acığını çıxmaq istəyir. Nəticədə isə demək olmaz ki, Çili indi daha xoşbəxtdir. Ona görə də bu məsələlərə müasir dünya konkret olaraq, cavab verə bilmir. Ölkənin tərəqqisi, yoxsa demokratik prinsiplərin mühüm olması, hələ ki, aydınlaşmamış qalır. Qeyd etdiyim kimi Qərb ölkələrində də məhdudiyyətlər çoxalmasını elə Donald Trampın da simasından görmək olar. Məlum olduğu kimi o, prezident seçildikdən sonra, bir sıra qadağalarla bağlı qərarlar verdi. Jurnalistlərə qoyduğu qadağalar, müsəlmanlara qarşı sərt münasibətini buna misal kimi göstərmək olar. Ona görə də hesab edirəm ki, qadağaların artması təkcə Azərbaycan üçün aktual deyil. Bu, çox qlobal bir məsələdir. Hadisəyə bir qədər fəlsəfi, siyasi yöndən baxmağa ehtiyac var”.
Ekspert bildirib ki, kimlərsə cəmiyyətin mentalitetə qayıdış dövründə olduğunu düşünürsə bu, belə deyil:

"Qloballaşmanın sürətlə getdiyi bir zamanda mentalitet də 50-100 il bundan əvvəl olduğu kimi qala bilmir. Çünki dünyada gedən qloballaşma nəticəsində mentalitetlərin özü də təsir altına düşür. Bu baxımdan deyərdim ki, artıq heç mentalitetə qayıdışın yolu mövcud deyil. Görünür ki, belə bir zamanda cəmiyyətdə sosioloqların, analitik düşüncəli insanların ciddi fikir mübadiləsinə böyük ehtiyac var. Əgər cəmiyyətdə qadağa çoxdursa, problem həm cəmiyyətdədir, həm də qadağa qoyanlarda. Qadağanı qoyan əlində hər zaman bir əsas tutur ki, guya bunu xoş məqsədlə edib. Bildirir ki, qadağanı qoymaqda məqsədim hansısa sahədə irəliləyişə nail olmaqdır. Qadağa qoyanın problemi bu ola bilər ki, o, meyarları düzgün müəyyənləşdirə bilməz. Cəmiyyətdə isə fərqli bir tendensiya baş verir. Belə ki, hər hansı bir cəmiyyətdə maddi dəyər önə keçdiyi zaman gərginliklər də artır. Gərginlik yarandıqda isə insanlarda mənəvi aşınma baş verir. Bu da təəssüf ki, hazırda həm əksər ölkələrdə, həm də Azərbaycanda yaşanan haldır. Ona görə də bu gün cəmiyyətdə qadağaların artması hallarını müşahidə edirik”.




[email protected]