İşğalçının yeni oyunu: İrəvan Rusiyanı Qərblə təhdid edir; Ermənistan prezidenti bu gün Brüsseldə NATO baş katibi ilə görüşəcək; düşmən ölkədə seçki ehtirasları pik həddə ikən Sərkisyan Avropada özünə təzə "krışa” axtarışına çıxıb...
Ermənistan prezidenti Serj Sərkisyan Avropaya ikigünlük işgüzar səfərə gedir. Səfər çərçivəsində onun Brüsseldə - Avropa Birliyinin (AB) iqamətgahında adı çəkilən qurumla Ermənistan arasında yeni ikitərəfli anlaşmanın - çərçivə sazişinin müzakirəsi nəzərdə tutulur. AB ilə işğalçı ölkə arasında həmçinin azad ticarət zonalarının yaradılması haqda müqavilənin də müzakirə predmeti olacağı gözlənilir.
Brüsseldə isə, bəlli olduğu kimi, AB ilə yanaşı, NATO-nun da mənzil-qərargahı yerləşir. Ən maraqlısı da odur ki, bu gün - fevralın 27-də Sərkisyan həmin qərargahda NATO baş katibi Yens Stoltenberqlə görüşəcək - Avropa səfərinin birinci günündəcə. Bu barədə Şimali Atlantika alyansının saytında yer alan xəbərdə bildirilir.
***
Belə görünür, Sərkisyan "bir güllə ilə iki, hətta bir neçə dovşan” vurmaq fikrinə düşüb. Təbii ki, diqqəti səfərin Ermənistanda həlledici əhəmiyyətli parlament seçki kampaniyasının pik vaxtına təsadüf eləməsi də çəkir. Söhbət nədən gedir?
Məsələ ondadır ki, Sərkisyanın bu səfəri əslində Avropa Birliyi ilə yanaşı, NATO-ya, bütövlükdə Qərbə xəfif bir mesajdır ki, Ermənistan ilk fürsətdəcə Rusiyanın vassalı olmaqdan imtina edib, Qərbin çətiri altına keçə bilər. Nəzərə alsaq ki, ermənilər tarixən satqınlıqları ilə ad çıxarıblar və öz maraqları naminə həmişə öz sahiblərinin yerini asanca dəyişiblər, deməli, bu mesaj ilk növbədə Moskvaya ünvanlanıb. Daha doğrusu, söhbət İrəvanın Kremlə qarşı növbəti demarşından gedir. Hər halda Brüssel görüşləri yüzdə yüz Kremlin ovqatını təlx edəcək.
İrəvanın belə bir demarşı 4 il öncə də olmuşdu. O vaxt - 2013-cü ildə Ermənistan Kremlin bir gözağartması ilə son anda AB ilə assosiativ üzvlük haqqında müqaviləni imzalamaqdan imtina edib, əvəzində Moskvanın yaratdığı Avrasiya İttifaqına (Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqına) qoşulmuşdu. O vaxtdan Ermənistanın bu addımı onun Qərbdə etibarını faktiki, sıfıra endirmişdi. Ancaq erməni erməni olmazdı, əgər eyni vaxtda bir neçə ağa haqda düşünməsəydi.
Sərkisyan isə Brüssel təmasları ilə daha bir mesajı əslində daxilə - erməni elektoratına, lap dəqiqi, son vaxtlar xeyli fəallaşmış Rusiyadan narazı qərbyönlü seçicilərə ünvanlamaq istəyir: yəni ki, "mən elə həm də Qərbin adamı ola bilərəm”.
Bəzi ehtimallara görə, AB və NATO rəhbərliyi ilə görüşlər Sərkisyan üçün həm də apreldəki parlament seçkilərinin nəticələrinə münasibətdə Qərbin pozitiv rəyini almaq baxımından önəm daşıyır. Qarşıdakı seçkilərdə isə hakim partiyanın xeyrinə ciddi saxtalaşdırma gözlənilir. Hətta erməni prezidentin AB ilə çərçivə sazişini də seçki ilə bağlı siyasi bazarlıq qarşılığında imzalamaq niyyəti güddüyü bildirilir. Bir sözlə, Sərkisyan Brüssel səfəri ilə eyni vaxtda bir neçə hədəfi vurmağı düşünür.
Doğrudur, az öncə Azərbaycan prezidenti İlham Əliyev də Brüsseldə olub, görüşlər keçirib. Lakin Ermənistandan fərqli olaraq, Azərbaycan müstəqil dövlətdir və Rusiyanın marioneti deyil. İkinci yandan, İlham Əliyev Brüsseldə NATO baş katibi ilə bir araya gəlməmişdi - hərgah, Bakının alyansla daha sıx əlaqələr qurmaq üçün imkan və potensialı qat-qat çoxdur.
***
Ermənistan prezidentinin bu məkrli gedişləri hamıdan yaxşı yəqin ki, Moskvada izlənilir. S.Sərksiyanın özü də bunun fərqində olmamış deyil. Onun Brüssel səfərindən az sonra Moskvaya getməyə hazırlaşması da daxili əndişənin təsdiqi sayıla bilər. Bəs Kremlin öz vassalının Avropa "özfəaliyyəti”nə qarşı budəfəki kontur addımları nə ola bilər?
Bir variant Sərkisyanı yerində oturtmaq üçün onu "Qarabağ kartı” ilə vurmaqdır. Bu mənada Azərbaycanın öz torpaqlarının daha bir qismini azad eləməsi üçün müəyyən mənada yaxşı fürsət yarana bilər. Son günlər cəbhə xəttində baş verən erməni təxribatları, ələlxüsus Xocalı soyqırımının ildönümü ərəfəsində yaşanan qanlı insident bu xüsusda xeyli düşündürücüdür. İstisna deyil ki, düşmən tərəf, Sərkisyan rejimi "qara məni basmamış mən qaranı basım” taktikası ilə hərəkət etmək istəyir. Lakin Azərbaycan Ordusu bu taktikanı işğalçının öz əleyhinə çevirə bilər.
"Rusiya maraqları Azərbaycan maraqları ilə üst-üstə düşəndə Ermənistan ağır vəziyyətdə qalacaq. Ona görə də daha pis vəziyyətlə qarşılaşmamaq üçün Qarabağ münaqişəsini indi həll etməliyik”. Bu fikri müxalif "Erməni Milli Konqresi”nin fraksiya rəhbəri Aram Manukyan deyib (Publika.az). Onun sözlərinə görə, liderləri Levon Ter-Petrosyan da eyni məsələni deyir: "Bu vəziyyətlə razılaşıb minimal itkilərlə məsələni həll etməli, müəyyən ərazilərin qaytarılması ilə də razılaşmalıyıq. Əgər etməsək, onda daha çox itkilər verəcəyik. İndi münaqişənin həll olunması şansı yaranıb və biz vaxt itirmədən buna getməliyik”, - Manukyan bildirib.
Moskvanın ikinci variantı Ermənistandaxili durumu gərginləşdirmək və Sərkisyanı Moskvaya daha sadiq və loyal olan başqa alternativlə əvəzləməkdir. Belə alternativ isə azı, üçdür - sabiq prezident Robert Köçəryan, keçmiş müdafiə naziri, az öncə Sərkisyandan üz döndərmiş Seyran Ohanyan və indiki baş nazir, tər-təmiz Rusiya adamı Karen Karapetyan.
Belə görünür ki, Sərkisyan özünə ən ciddi rəqib qismində məhz baş nazir Karapetyanı görür. Maraqlıdır ki, bu yaxınlarda Moskvada olarkən baş nazir çox isti qarşılanıb və bu, Ermənistanın indiki rəhbərliyini xeyli qayğılandırıb. Yerli siyasi müşahidəçilər də onu Sərkisyan hakimiyyəti yolunda ciddi maneə saymağa başlayıblar.
***
Bu mövzuda erməni siyasi şərhçi Musa Mikaelyanın qeydləri də maraqlıdır. O, Sərkisyanin qarşıdakı Moskva səfərindən yazaraq deyir ki, Ermənistan prezidenti Sərkisyan Moskvaya hakimiyyətini qorumaq üçün gedir. Politoloq bildirib ki, hələlik Serj Sərkisyanın Moskvaya nə zaman səfər edəcəyi bəlli deyil: "Ermənistan və Rusiya liderlərinin görüşü işgüzar prosesdir, ona görə də burada təəccüblü heç nə yoxdur. Lakin Sərkisyanın budəfəki səfəri ölkənin daxili inkişafı baxımından mühüm ola bilər. Səfərin parlament seçkisindən öncə və ya sonra olması önəmli deyil. Burada əsas məqam bu səfərin daxili siyasi və hakimiyyətdaxili status-kvo üçün mühüm rol oynayacağıdır. Sərkisyanın budəfəki səfəri baş nazir Karen Karapetyanın yanvardakı Moskva səfərinə cavab olacaq”.
Mikaelyan Sərkisyanın Karapetyanı varis kimi görməməsinə də toxunub: "Məsələ ondadır ki, Karapetyan Moskvada həm Rusiya hökuməti, həm də erməni biznesmenlər tərəfindən çox isti qarşılanıb. Bütün bunlar, şübhəsiz, Karapetyanın hökumət daxilində dayaqlarını gücləndirib. Karapetyanın mövqelərini gücləndirməsini Sərkisyan özünün hakimiyyətini qorumaq məsələsində əsas problem kimi görür. Sərkisyan heç bir halda Karapetyanı özünün xələfi saymır. Görünür, Moskva üçün Karapetyan xələf kimi görünür. Sərkisyan Moskvada məhz Karapetyanın nüfuzunu salmağa çalışacaq. Hazırda Sərkisyan üçün əsas varis müdafiə naziri Vigen Sərkisyandır”.
Əlavə edək ki, apreldəki parlament seçkilərindən sonra Ermənistan parlamentli idarə üsuluna keçəcək və ölkənin birinci şəxsi prezident yox, yeni parlamentin seçəcəyi baş nazir olacaq. Əsas səlahiyyətlər də ona keçəcək.