Mövsüm bəlası: məsuliyyətsizlik ölümə bərabərdir! – HAMI OXUSUN

Yaz gəlir, bir çox xəstəliklər də təbiətlə birlikdə oyanır sanki. Bunlardan biri də allergiyadır. Bu yazıda uşaqlarda mövsümi allergiya problemini araşdırdıq.

 Mövsüm bəlası: məsuliyyətsizlik ölümə bərabərdir! – HAMI OXUSUN


Mövsüm keçidləri, tozlanma, hava dəyişikliyi kimi hallar uşaqlarda allergiyanı qıcıqlandıran faktorlar sırasındadır. Allergiyanın əmələ gəlməsinə səbəb olan amillərdən biri də uşaqların düzgün qidalanmamasıdır. Mütəxəssislərin hesablamalarına görə, 5 uşaqdan birində allergiya var.

 

Ümumiyyətlə, uşaqlarda allergiya son dövrlər ən çox yayılan xəstəliklərdən birinə çevrilib. Mövzunun aktuallığını nəzərə alaraq, Aile.lent.az pediatr Vaqif Qarayevlə bu xəstəlik haqda söhbətləşib.

 

Allergiyanın müalicəyə çox çətin tabe olan xəstəlik olduğunu deyən Vaqif Qarayevin sözlərinə görə, son vaxtlar allergik problemlər uşaqlar arasında həddən artıq çoxalıb. Buna səbəb iki faktordur - ekoloji və qida faktoru: "Bu xəstəlikdə əsas məqam allergiya yaradan faktoru müəyyən etməkdir. Əgər ana deyirsə ki, uşaq yumurta, bal, şirniyyat yeyəndə səpir, demək, artıq allergiyanı yaradan faktor məlumdur. Yəni bu sadaladığım qida maddələri konkret olaraq həmin uşaqda allergiya yaradır. Deməli, uşağı həmin allergiya faktorlarından kənarlaşdırmalıyıq. Əslində, bu, çox asandır. Allergiya qida ilə bağlıdırsa, həmin qidanı uşağın menyusundan çıxarırıq və əlbəttə, paralel olaraq müalicə edirik. Əgər bu müalicəyə dəqiq əməl olunursa, əksər hallarda uşaq böyüdükcə allergiyası keçir”.

 

Həkim allergiya yaradan amillərin müxtəlif olduğunu söyləyir. Allergiya xəstəliktörədici mikroblara, toz, yun, spesifik iylərə, müxtəlif yabanı otlara, sitrus meyvələrinə qarşı yarana bilər: "Ümumiyyətlə, rəngi sarı olan qida maddələri allergiya yaradan faktorlar hesab olunur. Amma hamıda yox. Ona görə də biz sarı rəngli qidaları menyuda məhdudlaşdırmağa çalışırıq. Bəzən valideynlər bildirirlər ki, uşaqlarda allergiya çox zaman ev tozu və ya spesifik iylərdən də yaranır. Bu halda isə vəziyyət bir az qəlizləşir. Toz təkcə evdə olmur. Xəstə harasa çıxır, küçədə, ictimai məkanlarda, iş yerində, bir sözlə, istənilən yerlərdə rastlaşmaq olar. Ona görə də bu halda müalicə həddindən artıq çətinləşir. Əgər biz allergiya faktoru ilə kontaktı kəsə biliriksə, onda müalicə asanlaşır. Lakin allergiya yaradan faktorlarla rastlaşdıqda artıq müalicənin heç bir əhəmiyyəti qalmır. Səbəb aradan götürülməyibsə, allergiya halı tez-gec təkrarlanacaq”.

 

Məlumdur ki, yaz-payız aylarında allergiya problemləri kəskinləşir. Çünki bəzi ağaclar, açan çiçəklər, onları iyi və ya tozu allergiya yaradır. Mütəxəssis xüsusən də Bakıda şam ağacına oxşar və başqa bir çox bitkilərin iyi və tozunun allergiya yaratdığını vurğulayır. Yaz-payız aylarında allergiya halları daha çox baş qaldırdığı üçün bu dönəmdə profilaktik müalicələr alınmalıdır. Bu da allergiyanın qarşısını alır. Lakin allergiyanın elə formaları var ki, onun nədən yarandığını təyin etmək olmur: "Allergiya iki halda yaranır - orqanizmin özünün problemləri səbəbindən, ya da kənardan orqanizmə təsir edən faktorlar ucbatında. Orqanizmin özündə, məsələn, mədə, bağırsaq, qaraciyərdə problemlər olur - buna allergiya yaradan daxili amillər deyilir. Qurd problemi də bunlardan biridir. Ona görə də vaxtında təyin etmək və müalicə etmək lazımdır. Məsələn, bir uşaqda yumurta allergiya verir, başqa bir uşaqda qurd. Səbəb bəllidirsə, biz səbəbin üstünə getməliyik”.

 

Qarşıdan çərşənbələr və Novruz bayramı gəlir. Sirr deyil ki, zəngin süfrələrimizdə allergiya yaradan qidalar da üstünlük təşkil edir. Buna görə V. Qarayev xüsusən bayram günlərində valideynləri diqqətli olmağa çağırır: "Söhbət təkcə allergik səpkilərdən getmir. Məsələn, bronxial astmanın allergik forması var. Biz uşağın şəkərbura, paxlava yeyəndə astma tutması olacağını dəqiq biliriksə, ona həmin qidaları qətiyyən verməməliyik”.

 

V. Qarayev allergiyanın astmaya çevrilməsi məsələsinə də toxundu. Həkim bu vəziyyətin hamıya aid olmadığını açıqladı: "Bəzən olur ki, uşaqda bronxda astmanın tutmasına oxşar spazm olur. Amma bu o demək deyil ki, 1-2 dəfə tutma oldusa, onda bronxial-astma xəstəliyi formalaşacaq. Sadəcə o uşaq mütləq ciddi ailə və həkim nəzarəti altında olmalıdır. Əgər orada allergiya faktoru varsa, biz onu tibbin imkan verdiyi şəraitdən istifadə edib təyin etməliyik. Ancaq bütün dünyada bəzən heç nəyi konkret təyin etmək olmur”.

 

Pediatr bronxial astmanın bütün dünyada sağalmayan bir xəstəlik olduğunu təəssüflə qeyd edir. Lakin həkimin məsləhətlərinə əməl edilərsə və müalicə vaxtlı-vaxtında aparılarsa, bu halda uzunmüddətli yaxşılaşma əldə edilir: "Tutaq ki, müalicəyə qədər ildə 5 dəfə tutma olurdusa və tutmalar çox ağır keçirdisə, müalicə prosesində ildə 1-2 dəfə rast gəlinir və tutma əvvəlkilərə nisbətən yüngül keçir. Bunu artıq yaxşılaşma hesab edirik. Bəzən uşaqlar ağıllı olurlar, bilirlər ki, yumurta yesə, yenə də boğulacaq, astma tutması olacaq, özləri yumurta yeməkdən imtina edir. Amma təəssüf ki, ailədə buna əməl olunmur. Ya məsuliyyətsizlikdən, ya da, məsələn, ana dəqiq bilir ki, bu qidanı vermək olmaz, amma tutaq ki, nənə verir”.

 

Mütəxəssis Bakı daxil olmaqla dəniz sahili şəhərlərdə astma üçün münbit şərait olduğunu qeyd edir. Üstəlik, paytaxtın neft şəhəri olması məsələni bir az da gərginləşdirir: "Bakıda dənizin, neftin, neft iyinin olmasını nəzərə alsaq, bizdə astmatik xəstələrin çox olmağını təəccüblə qarşılamaq olmaz. Bununla yanaşı, Bakı toz-torpağın içindədir. Şəhərə yuxarıdan baxsaq, böyük bir toz dumanının içində olduğunu görərik. Bu, təbii ki, insanın tənəffüs orqanlarına təsir edir. Allergiyaya meyllilik deyilən bir faktor var. Bu insanlar allergik deyil, lakin allergiyaya meyllidir. Həmin insanlar bir-birinin ardınca allergiya yaradan amillərlə qarşılaşsa, həmin insanda mütləq allergiya formalaşacaq. Bakıda binaların tikilməsi gözəldir. Amma bu, uşaq və böyüklərin sağlamlığı hesabına başa gəlir. Bu barədə düşünmək lazımdır”.

 

Həkim allergiya hallarında ilkin yardım barədə də fikirlərini bölüşdü. O, bu halla qarşılaşdıqda mütləq həkimə müraciət etməyi vacib sayır: "Son vaxtlar hər yerdə ketotifeni "cin” kimi görürlər. Ketotifen allergiya əleyhinə olan preparatdır. Amma onun yuxugətirici effekti var. Analar bəzən şikayət edirlər ki, onu verəndən sonra uşaq sərxoş kimi olur. Allergiya əleyhinə preparatlar çoxdur. Amma bəzən onların özlərinin də fərdi təsiri var. Məsələn, yumurtadan səpən 3 uşağa ketotifen təyin etsək, mümkündür ki, ikisinə təsir edəcək, üçüncüyə yox. Bəzən uşaqda qabarıq səpkilər yaranır, qızarır, qaşınır. Aptekə getsəniz, 6-7 cür dərman təklif edə bilərlər. Bunların isə təsirləri fərdidir. Adi görünən səpkilər bəzi hallarda uşağın boğulmasınadək fəsadlana bilər. Ona görə də allergiya hallarını ev şəraitində, qonum-qonşu, qohum-əqrəbadan eşidilən məsləhətlərlə müalicə etmək olmaz. Analar övladlarına özbaşına və ya aptekdəki satıcıların məsləhəti ilə dərman verməməlidirlər. Çünki hətta elə allergik xəstələr var ki, allergiya əleyhinə olan dərmanlar belə, onlara allergiya verir. Xüsusən də indiki mənbəyi, mənşəyi məlum olmayan dərmanlara güvənmək olmaz. Ona görə kor-koranə müalicədən əvvəl mütləq həkimlə məsləhətləşmək vacibdir”.

 




[email protected]