FHN radiasiya təhlükəsizliyi ilə əlaqədar tədbir keçirib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətləri çərçivəsində nüvə və radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirlərini davam etdirir.
Nazirliyin Cənub Regional Mərkəzi ilə birgə təşkil olunan “Sahibsiz radioaktiv mənbələr və onlarla davranış” mövzusundakı tədbirdə mərkəzin əhatə etdiyi rayonların icra hakimiyyətlərinin kommunal sahələr üzrə nümayəndələri, eləcə də FHN-in yerli qurumlarının nümayəndələri iştirak ediblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, çıxış edən Cənub Regional Mərkəzinin rəis müavini Araz Hüseynov tədbirin əhəmiyyəti, Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis müavini Əkbər Quliyev tədbirin sahibsiz radioaktiv mənbələrlə əlaqədar davranış qaydalarının mənimsənilməsinin vacibliyi barədə danışıb.
Tədbirdə nüvə və radioloji fəaliyyətlər, nəzarət mexanizmləri, sahibsiz radioaktiv mənbələr, onların aşkar edilməsi və bu zaman qurumların fəaliyyətinin əlaqələndirilməsi, nüvə və radioloji qəza halları, həmin hallarda idarəetmə mexanizmi məsələləri müzakirə olunub.
Tədbir zamanı agentliyin əməkdaşları tərəfindən müvafiq mövzularda təqdimatlar edilib, videoçarxlar nümayiş olunub və suallar cavablandırılıb.
[email protected]