ZAMAN, ŞƏXSİYYƏT VƏ ƏBƏDİYYƏT FAKTORU...
Babayeva Gülnarə Vəli qızı
ADPU-nun "Analitik və üzvi kimya” kafedrasının dosenti,
"Heydər Əliyev-100” media mükafatı laureatı
2003-cü il dekabr ayının 12-si… Həmin gün Azərbaycanın tarixinə qara hərflərlə yazıldı. Həmin gün Azərbaycan xalqı öz Böyük və Xilaskar oğlu, ümummilli lider, bu dövlətin qurucusu Heydər Əliyevi cismən itirdi. Düz 22 il öncə bu acı xəbəri eşidəndə Azərbaycan xalqı başına özü boyda qara yaylıq bağladı. Bütün dünyanın aparıcı kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti Heydər Əliyevin vəfatı xəbərini baş xəbərə çevirdilər. Yer üzünün hansı ölkəsində yaşamasından asılı olmayaraq, milyonlarla azərbaycanlı bu xəbərdən sarsıldı. O, bizə Azərbaycan adlı sabit, hər gün inkişaf edən, dünya birliyində özünə layiqli yer tutan, özünün qurub-yaratdığı bir məmləkəti əmanət qoyub getdi.
12 dekabr – Bu gün bütün dünya azərbaycanlıları milli liderimiz Heydər Əliyevin əziz xatirəsini yad edir. O indi aramızda olmasa da, yoxluğuna inanmaq çox çətindir. Çünki bizi əhatə edən gözəl Bakımız, əzəmətli Azərbaycanımız milli liderimiz Heydər Əliyevin əməlləri ilə bəzənib. «Gərək nəbzin vətənin nəbzi ilə vursun» - deyirdi Ümumilli Lider. Heydər Əliyev xalqın min illər boyu arzuladığını reallığa çevirərək özünə qayıdışına mühüm stimul oldu.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. İkinci Dünya Müharibəsi ona təhsilini başa çatdırmağa imkan verməyib.
1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib. 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub.Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.
1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə əlaqədar olaraq ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
Azərbaycan Prezidenti İlham Əliyevin bir fikrini yada salaq: “Heydər Əliyevin timsalında biz əyani şəkildə görürük ki, şəxsiyyətlərin tarixdəki rolu bəzi hallarda əvəzolunmaz olur. Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amildir”.
Bu gün müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş Ümummilli Lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız tarixi yaradan şəxsiyyətdir. Bütün ömrünü dövlətimizin möhkəmlənməsinə, gələcək inkişafına sərf etmiş, əməlləri ilə xalqın sonsuz məhəbbətini qazanmış, bugünkü müstəqil, müasir, azad və firavan Azərbaycanın qurucusuna çevrilmiş Ulu Öndər Heydər Əliyev haqqında danışmaq hər bir azərbaycanlıda təbii qürur hissi doğurur. İndi dünyanın harasında olursa-olsun Heydər Əliyev deyiləndə Azərbaycan, Azərbaycan deyiləndə Heydər Əliyev göz önünə gəlir. Onun böyük qürurla söylədiyi: “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” sözləri bu böyük insanın öz xalqına öz torpağına nə qədər bağlı olduğunu bir daha təsdiq edir. Həzrəti Məhəmməd əleyhissalamın hədislərinin birində buyurulur ki: “Həqiqət o deyil ki, onu yalnız sən təsdiq edirsən, həqiqət odur ki, onu sənin düşmənlərin də etiraf edir”.
Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü yalnız Azərbaycan xalqı deyil, hətta onun uğurlarına sevinməyənlər belə etiraf edir, bu dahi şəxsiyyətin qlobal liderliyini ehtiramla dilə gətirirlər. Ulu Öndər Heydər Əliyev böyük zəka və iradə ilə zamanı, nəinki idarə etmiş, qabaqlamış hətta irəli aparmışdır. Onun bir amalı var idi - qurduğu mütərəqqi dövləti beynəlxalq aləmdə tanıtmaq, lider ölkələrdən birinə çevirmək. Və bu amal gerçəkliyə çevrilib. Çünki Ümummilli Lider Heydər Əliyev yolu bu gün Onun ən layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, yaşadılır. Çünki Heydər Əliyev ideyası əbədi və dönməzdir.
Bu gün bu fikir böyük qürur hissi ilə qeyd olunur ki, Ulu Öndər Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas etdisə, Prezident İlham Əliyevin adı torpaqlarımızın xilaskarı, ərazi bütövlüyümüzü bərpa edib, yenilməz xalq adını özümüzə qaytaran Lider kimi tarixə yazıldı.
Azərbaycan həyatının yeni dövrünü yaşayır. Bu gün də Heydər Əliyevin müəyyən etdiyi yol davam etdirilir. Azərbaycan inkişaf edir, ən uca zirvələrə qalxır, beynəlxalq aləmdə öz nüfuzunu daha da gücləndirir. Azərbaycan getdikcə qüdrətli və dayanıqlı ölkəyə çevrilməklə dünya miqyasında öz mövqeyini və yerini möhkəmləndirir. Əməli fəaliyyəti, xalqına və Vətəninə məhəbbəti ilə ümumxalq sevgisi qazanan Prezident İlham Əliyev prezidentlik fəaliyyəti müddətində Ulu Öndər tərəfindən qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlir və uğurlara aparır. Bu uğurların əsasını qoymuş Ulu Öndər Heydər Əliyevin adı isə qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.
2003-cü il dekabr ayının 12-də Azərbaycanın ümummilli lideri, Prezident Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmişdir.
Allah rəhmət eləsin!
11.12.2025
[email protected]