HEYDƏR ƏLİYEV SALNAMƏSİ
Qocayeva Nərmin Şirzad qızı
ADPU-nun müəllimi, Avrasiya Universitetinin doktorantı, tədqiqatçı
Ulu öndər Heydər Əliyevin Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin ən qüdrətli şəxsiyyəti, öz xalqının ümummilli lideri, dünya şöhrətli siyasət və dövlət xadimi kimi uca mərtəbələrə yüksəlişinin qanunauyğunluğuna yalnız onun bioqrafiyasını incələməklə cavab tapmaq mümkündür. Dünyanı Azərbaycan fenomeni olaraq heyran qoymuş bu ulu insanın özünün qələmə aldığı bioqrafiya və ya memuar olmasa da, onun ömür yolu tarixə həkk edilmiş əməllərlə misilsiz salnamədir.
Heydər Əliyevin hakimiyyətinin ikinci dövründəki nitqləri və çıxışları memuar xarakterli epizodlar ilə zəngin olduğundan onun öz xalqının xoşbəxtliyinə həsr olunmuş ömür yolu və liderlik fəaliyyəti barədə ətraflı məlumat verir, siyasi kimliyi haqqında geniş təsəvvür yaradır. Ötən illərdə Ulu öndərdən bəhs edən çoxsaylı ədəbiyyat yaransa da, onun mükəmməl bioqrafiyasının yazılmasına getdikcə daha böyük ehtiyac duyulur. Bu yazı həmin məqsədlə qələmə alınıb – Heydər Əliyevin ümummilli liderlik tarixinin bioqrafik icmalına həsr edilib. Bu bioqrafiya, eyni zamanda, Heydər Əliyevin ümummilli lideri olduğu xalqın və ölkənin çağdaş siyasi salnaməsidir.
Ümummilli lider Heydər Əliyev Türkiyənin TGRT telekanalının “Üz-üzə” proqramına müsahibəsində demişdir: “Həyatım haqqında danışmaq üçün çox vaxt lazımdır. Buna bir saat bəs etməz. Amma qısa olaraq deyə bilərəm. Mən 1923-cü ildə Naxçıvanda anadan olmuşam”.
Heydər Əliyev səkkizuşaqlı ailənin dördüncü üzvü idi. Naxçıvandakı 1 saylı beynəlmiləl orta məktəbin yeddinci sinfini bitirdikdən sonra 1936-cı ildə Naxçıvan Pedaqoji məktəbinə (texnikum da adlandırılır) daxil olur. Tələbəlik illəri həyatında ciddi rol oynayır. Heydər Əliyev bu illər haqqında Naxçıvanda görkəmli rəssam Bəhruz Kəngərlinin muzeyinin açılışında belə demişdir: “Mən həmişə Naxçıvanda oxuduğum dövrü xatırlayıram, bu dövr mənim yaddaşımdan heç vaxt çıxmayacaqdır. Birinci sinifdən sona qədər heç vaxt yadımdan çıxmayacaqdır. Ona görə də müəllimlərin hamısı yadımdadır. Hansı binada, hansı sinifdə oturmuşam o da yadımdadır. Hansı partanın arxasında oturmuşam, o da yadımdadır... burada o qədər məhəbbətlə, o qədər sevgi ilə, o qədər köklü təhsil aldım ki, sonra bütün başqa yüksək təhsil ocaqlarında oxumaq mənim üçün çətin olmadı”.
Heydər Əliyev pedaqoji məktəbi bitirdikdən sonra Bakıya gəlir və burada Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olur. Elə həmin ildə İkinci Dünya müharibəsi başlayır. Heydər Əliyev təhsilini davam etdirməklə bərabər, rəsm əsərləri də çəkir, lakin tezliklə institutu tərk etməli olur. Bundan sonra Naxçıvana qayıdır. Bu dövrdə və sonralar, 1990-cı ildə Naxçıvana qayıdış, onun həyatında yeni yüksəliş üçün əsas olur.
Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) plenumunda birinci katib, sovet ənənəsinə görə, əslində dövlətin rəhbəri seçildi. Heydər Əliyev rəhbərliyə başladığı zaman ölkədə sovet hakimiyyəti əllinci ilinə çatmaqda idi. Bu müddətdə Azərbaycan SSR-də, əsasən, on iki rəhbər hakimiyyətdə olmuşdu ki, onlardan da dördü qeyri-azərbaycanlı idi. Sovet dövləti həmin dövrdə Azərbaycan rəhbərliyinə münasibətdə imperiya mövqeyindən çıxış etmişdir. Onların çoxu sui-qəsd, repressiya və siyasi motivlərdən qətlə yetirilmiş və ya güllələnmişdir. Yalnız Heydər Əliyevin zamanında Azərbaycan rəhbərliyi yüksək statusa nail ola bilmiş, onun Moskvadakı vəzifəsindən istefasından sonra (1987) bu praktika yenidən bərpa edilmişdi.
Heydər Əliyev sovet sistemi daxilində Azərbaycanın idarəçiliyində yeni dövr açdı. Qısa bir zamanda Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri kimi, əsasən, nadir hallarda üzdə olan bir şəxsdən xalqın gözü önündə olan ictimai-siyasi şəxsə çevrildi və ömrünün sonuna kimi bu missiyanı uğurla davam etdirdi.
Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndə digər müttəfıq respublikalar ilə müqayisədə Azərbaycanın sosial-iqtisadi vəziyyəti daha ağır vəziyyətdə idi. O bu barədə Yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində demişdir: “Qətiyyətlə bildirmək оlаr ki, 60-cı illərdə rеspublikа iqtisаdiyyаtı bütövlükdə dərin və uzunmüddətli böhrаn mərhələsinə qədəm qоymuş du. Yаrаnmış аğ ır vəziyyətdən çıхış yоlu tаpılmаlı, iqtisаdiyyаtın inkiş аfı üçün prinsipiаl cəhətdən yеni kоnsеptuаl yаnаş mа yоllаrı iş lənib hаzırlаnmаlı, хаlq təsərrüfаtındа köklü struktur dəyiş iklikləri аpаrılmаlı, təsərrüfаtçılıq və iqtisаdi həvəsləndirmə iş ində təzə mеtоdlаr tətbiq еdilməli idi”.
Azərbaycanın düşdüyü böhrandan çıxarılması və inkişafının təmin edilməsi üçün Azərbaycan KP MK-nın avqust və dekabr (1970) plenumlarında tədbirlər müəyyən edildi.
Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi respublika üçün daha ciddi bir təhlükənin qarşısını da aldı. 1948–1953-cü illərdə sovet dövlət rəhbərliyinin yaxından köməyi ilə azərbaycanlıların doğma torpaqları olan Qərbi Azərbaycandan–Ermənistan SSR adlandırılan ərazidən deportasiyasına nail olan ermənilər 1968–1969-cu illərdə Azərbaycana qarşı ərazi iddialarını da yenidən genişləndirmişdilər. Moskva da onların bu iddialarına dəstək verirdi. Məhz belə bir təzyiq nəticəsində Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti Ermənistanla sərhəddə yerləşən 2 min hektardan çox torpağın onlara verilməsi haqqında hələ 1938-ci il mayın 5-də qəbul edilmiş əsassız sənədi 1969-cu il 7 may tarixli qərarı ilə təsdiq etdi.
Heydər Əliyev bu qərarın həyata keçirilməsinə yol vermədi. Bu plan Qazax, Gədəbəy və digər rayonların ərazisindən müəyyən torpaqların Ermənistana verilməsi, yalnız 1984-cü ilin oktyabrında, respublikanın o zamankı rəhbəri Kamran Bağırov (1982–1988) tərəfindən reallaşdırılmış, etiraz edən yerli əhaliyə qarşı cəza tədbirləri həyata keçirilmişdi.
Heydər Əliyevin hakimiyyətə gəlişi ilk baxışda adi görünən, mahiyyət etibarilə böyük əhəmiyyəti olan bir hadisədə də özünü göstərdi. O, 1 noyabr 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) 50 illik yubileyində, rəsmi tədbirdə Azərbaycan rəhbərləri içərisində ilk dəfə olaraq ana dilində - Azərbaycan dilində çıxış etdi. Heydər Əliyevin rəhbərliyi ilə 1978-ci ilin aprelində qəbul edilmiş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu.
Sovetlər zamanı dövrün səciyyəsi partiya qurultayları, plenumları və beşillik planlar ilə müəyyən edilirdi. Heydər Əliyev birinci hakimiyyəti dövründə Azərbaycan KP-nin XXVIII (1971), XXIX (1976), XXX (1981) qurultaylarına rəhbərlik etmiş, Sov. İKP-nin XXIV (1972), XXV (1977) və XXVI (1982) qurultaylarında çıxış etmişdir. O, 1976-cı ilin martında Sov. İKP MK Siyasi Bürosunun üzvlüyünə namizəd seçilmişdir. 1977-ci ilin oktyabrında SSRİ Konstitusiya Komissiyasının üzvü kimi SSRİ Konstitusiyasını qəbul edən SSRİ Ali Sovetinin sessiyasında çıxışında Azərbaycan dövləti və xalqının mövqeyini qətiyyətlə ifadə etmişdir.
Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə VIII beşilliyi (1966-1970) uğurla başa çatdırmağa nail olmuş, IX (1971–1975), X (1976–1980) və XI (1981–1985) beşilliklərin hazırlanması və həyata keçirilməsini (XI beşillik 1982-ci ilin sonlarınadək) təmin etmişdir.
Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin Azərbaycana dair 5 qərarı – “Azərbaycan SSR xalq təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında” (1970, 23 iyul), “Azərbaycan SSR kənd təsərrüfatını daha da inkişaf etdirmək tədbirləri haqqında” (1970, 25 iyul), “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında” (1975, 9 iyul), “1976–1980-ci illərdə respublika sənayesinin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsinə dair Azərbaycan KP MK-nın təkliflərinin nəzərdən keçirilməsi nəticələri barəsində” (1976, 27 iyul) və “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında” (1979, 22 fevral) qəbul edilmişdir. Öz dövrünə görə bu qərarların qəbul edilməsi böyük tarixi hadisə idi.
Hər bir siyasi xadimin böyüklüyü ondadır ki, o, taleyüklü məsələləri vaxtında görür, onu həyata keçirməyin yollarını tapır və həllinə nail olur. Hakimiyyətdə olduğu illərdə ümummilli lider Heydər Əliyev Azərbaycan Ordusunu və onun formalaşması prosesini diqqət mərkəzində saxladı. Hələ sovet dönəmində Ulu Öndərin uzaqgörənliyi sayəsində Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması ilə gələcəkdə müstəqil Azərbaycanın Milli Ordusunun formalaşması üçün kadr probleminin həlli yolunda mühüm addım atıldı. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra da apardığı məqsədyönlü və qətiyyətli siyasət nəticəsində Milli Ordu formalaşdırıldı, Azərbaycanın nizami Silahlı Qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü, orduda kütləvi fərarilik hallarına son qoyuldu, hərbi intizam möhkəmləndirildi. Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa tam qadir olan orduya malik olması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən biri sayıla bilər. 2018-ci ildə Azərbaycan Ordusunun yaradılmasının 100 illiyi ilə bağlı keçirilən hərbi parad bir sıra dövlətlərin Azərbaycan Ordusu haqqında təsəvvürlərinin yaxşı mənada formalaşmasına səbəb oldu. Eyni təəssürat Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun və qanunvericilikdə nəzərdə tutulmuş digər hərbi birləşmələrin iştirakı ilə keçirilən birgə əməliyyat-taktiki təlimlərindən də yarandı. Orduda xidmət bu gün hər bir Azərbaycan gənci üçün fəxr nümunəsinə çevrilib.
Azərbaycan Respublikasının sabiq prezidenti Heydər Əliyev 12 dekabr 2003-cü il tarixində ABŞ-nin Klivlend Klinikasında səksən yaşında ürək çatışmazlığından yerli vaxtla səhər saat 10-da dünyasını dəyişmişdir. 13 dekabrda Azərbaycan prezidenti İlham Əliyev dəfn mərasiminin təşkili üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
11.12.2025
[email protected]