Müstəqil Azərbaycanın qürur simvolu
KƏRƏM CAHANGİR OĞLU MƏMMƏDOV
BDU, "Diplomatiya və müasir inteqrasiya prosesləri” kafedrasının dosenti,
siyasi elmlər namizədi, "Heydər Əliyev-100”
media mükafatı laureatı
Azərbaycan Respublikasının Dövlət Bayrağı müstəqilliyimizin, azadlığımızın və milli birliyimizin ali rəmzidir. Bu bayraq tariximizin, milli kimliyimizin və dövlət suverenliyimizin canlı təcəssümüdür.
Hər il 9 noyabrda qeyd olunan Dövlət Bayrağı Günü milli şüurun, vətənpərvərlik ruhunun və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində mühüm əhəmiyyət daşıyır:
“Bayrağımızın yaranma tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövrünə gedib çıxır. 1918-ci il noyabrın 9-da üçrəngli bayraq rəsmi dövlət rəmzi kimi qəbul olundu. Bu qərar cəmi 23 ay mövcud olmuş Cümhuriyyətin ən dəyərli siyasi və ideoloji irsi kimi bu günə qədər yaşamaqdadır.
Əli bəy Hüseynzadənin ideoloji düsturu – “Türkçülük, müasirlik, islamçılıq” prinsipləri əsasında formalaşmış bayrağımız xalqın milli varlığını, mədəni kimliyini və gələcəyə yönəlmiş islahatçı ruhunu təcəssüm etdirir. Bayrağımızın bərpası Ümummilli Lider Heydər Əliyevin dövlətçilik iradəsi ilə əlaqədardır.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin tarixi sessiyasında Ümummilli Lider Heydər Əliyev milli bayrağı yenidən dövlət səviyyəsinə qaldırdı. Bu hadisə sovet sisteminin sərt çərçivələrində milli özünüdərkin rəsmi ifadəsi idi. Məhz həmin qərardan sonra Azərbaycanın müstəqilliyi istiqamətində dönüş yarandı.
Ümummilli Lider Heydər Əliyev bu hadisəni xatırlayarkən demişdi:
“Naxçıvanın üzərində dalğalanan bayraq 1991-ci ildə bütün Azərbaycanın bayrağına çevrildi”. Ümummilli Lider Heydər Əliyev təşəbbüsü ilə qəbul edilən bu qərar sonradan 1991-ci il fevralın 5-də Ali Sovetin qərarı ilə bütün ölkədə rəsmiləşdirildi. Beləliklə, üçrəngli bayrağımız müstəqil dövlət atributu kimi öz mövqeyini bərpa etdi.
Azərbaycanın dövlətçilik tarixində üçrəngli bayraq ən müqəddəs dəyərlərdən biridir. Bu bayraq xalqın keçmişini, bu gününü və gələcəyini özündə yaşadır. Onun hər bir rəngi dərin mənaya malikdir. Mavi rəng türklüyümüzdür – kökümüz, kimliyimiz və tarixi yaddaşımız. Yaşıl rəng islam dəyərlərimizi, mənəviyyatımızı və milli əxlaqımızı ifadə edir. Qırmızı isə müasirlik, inkişaf, azadlıq və dövlətçilik yoludur. Ağ ay və səkkizguşəli ulduz Azərbaycan adının işarəsi kimi həm milli, həm də ideoloji güc daşıyır. Bu simvol yüz illərdir Azərbaycan xalqının varlığını bəşəri səviyyədə tanıdır.Tarixdə bayraqlar təsadüfi yaranmayıb. Hər bir bayraq bir xalqın şəxsiyyətidir. Azərbaycan bayrağı isə yalnız bir millətin deyil, bütün türk dünyasının qürurudur. Bayraq dalğalandığı yerdə Azərbaycan ruhu nəfəs alır. Bayraq enmirsə, deməli dövlət yaşayır. Bayraq ucalırsa, deməli xalq güclüdür.
9 noyabr Azərbaycanda sadəcə təqvim günü deyil. Bu gün müstəqilliyin, azadlığın və milli oyanışın rəmzidir. 1918-ci ildə qəbul edilən bu bayraq, yalnız bir dövlət simvolu kimi deyil, bütöv bir millətin baş qaldırışı kimi tarixə düşdü. Azərbaycan Xalq Cümhuriyyəti bu bayrağı yaratmaqla bütün türklüyə yeni nəfəs gətirdi. O dövrün ziyalıları və dövlət xadimləri üçrəngli bayrağı ortaya qoyaraq gələcəyə qürurla baxdılar. Onlar bilirdilər ki, Azərbaycan xalqı heç vaxt əsarəti qəbul etməyəcək. Cümhuriyyətin ömrü qısa olsa da, bu bayraq xalqın ruhundan silinmədi. Sovet imperiyası bu simvolu qadağan etsə də, onu xalqın qəlbindən çıxara bilmədi. Kəndlərdə, şəhərlərdə, gizli yığıncaqlarda insanlar bu bayrağı müqəddəs kimi saxladılar. Çünki bayraq yalnız parça deyil, varlığın sübutudur. O, millətin nəfəsidir.
1991-ci ildə Azərbaycan yenidən müstəqillik qazandı. Və üçrəngli bayraq yenidən dövlət səviyyəsində qəbul edildi. Bu hadisə tarixdə milli qürurun ən böyük günlərindən biri oldu. O gün Azərbaycan xalqının əsarət illərinə son qoyuldu. Bu bayraq meydanlarda, küçələrdə, evlərdə ucaldıqca xalq sevinc göz yaşları tökdü. Hər bir insan hiss etdi ki, o an gələcəyə yeni qapı açıldı. Amma müstəqillik yalnız bayraq qaldırmaqla bitmir. Onu qorumaq lazımdır. Hər gün, hər saat, hər nəfərdə vətən sevgisi yaşamalıdır. Azərbaycan xalqı da məhz bunu etdi. Dövlət quruculuğu, iqtisadiyyat, ordu quruculuğu, diplomatiya – hər sahədə böyük inkişaf başladı. Bu inkişaf bayrağın nüfuzunu yüksəltdi. Çünki güclü dövlətin bayrağı da güclü olur.
Azərbaycanın ən böyük arzusu Qarabağı işğaldan azad görmək idi. 30 ilə yaxın zaman ərzində xalq bu bayrağın Şuşada, Laçında, Kəlbəcərdə dalğalanmasını gözlədi. Bu arzunu heç kim öldürə bilmədi. Hər bir vətənsevər insan o günü səbirsizliklə gözlədi. Və nəhayət, gün gəldi. 2020-ci ilin payızı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Vətən müharibəsi başladı və Azərbaycan bayrağı döyüş meydanlarında qələbə simvoluna çevrildi. Əsgərlərimiz canunu, qanını bu bayrağa həsr etdilər. Tanklar, dronlar, hərbi hissələr bu bayraq altında irəlilədi. Hər kənd geri alındıqdan sonra Azərbaycan əsgəri hündürlüyə çıxaraq bayrağı sancdı. Bu anlar tarixə silinməz iz qoydu.
Şuşa qalasında dalğalanan bayraq xalqın ruhunu göylərə qaldırdı. Bu yalnız hərbi qələbə deyildi. Bu, xalqın qürurunun təntənəsi idi. Şuşada səsələnən “Qarabağ Azərbaycandır!” nidası ilə üçrəngli bayraq sanki canlandı. Hər azad olunan torpaq bayraqla nəfəs aldı. Bu gün Qarabağın küçələrində, evlərində, məktəblərində bayraq qürurla dalğalanır. Bu, əbədi qayıdış deməkdir.
Bayraq Günü həm də şəhidlərin anlamsız öləmədiyini sübut edir. Şəhidlərimizin məzarlarına sərilən bayraq xalqın gözündə ən müqəddəs rəmzdir. Çünki o bayrağın hər qatında bir əsgərin qanı, bir ananın göz yaşı, bir millətin iradəsi var. Qazilər bu bayraqla fəxr edir, çünki onlar onun ucalığı uğrunda döyüşüblər. Azərbaycan xalqı onların qarşısında daim baş əyir.
Azərbaycanın Bayraq Muzeyi də bu tarixi yaşadır. Burada bayrağın keçdiyi yol hər kəsin göz önünə sərilir. Gələcəyin nəsli bu yolla daha da güclənir. Çünki keçmişi bilən xalq gələcəyini düzgün qurur.
9 noyabrın ən böyük mesajı budur: Biz kimliyimizi bilirik, dövlətimizi sevirik, bayrağımızı qoruyuruq. Bu gün bayraq yalnız qürur deyil, həm də məsuliyyətdir. Hər kəs onun ucalığı üçün çalışmalıdır. Əsgər sərhəddə, müəllim məktəbdə, işçi zavodda, fermer torpaqda – hamısı bayraq üçün işləyir. Bu birlik Azərbaycanın güc mənbəyidir.
Azərbaycan xalqı əmindir ki, bu bayraq heç vaxt enməyəcək. Çünki bu bayrağın arxasında güclü dövlət var. Bu bayrağı qoruyan ordusu, onu sevən xalqı, ona əmanət edən şəhidləri var. Azərbaycan var olduqca üçrəngli bayraq da yaşayacaq.
Bu bayraq əbədiyyətə yazılmış müqəddəs simvoldur!
Bu proses “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Konstitusiya Aktı ilə hüquqi əsas qazandı. Azərbaycan Konstitusiyasında Dövlət Bayrağına xüsusi hörmət ifadə edilir.
Hər bir vətəndaşın bayrağa, himnə və gerbə ehtiram göstərməsi hüquqi öhdəliklə yanaşı, mənəvi və vətəndaşlıq borcudur. Dövlət Bayrağının istifadəsinə dair 2004-cü il 8 iyun tarixli Qanun bu rəmzin qorunması və düzgün istifadəsini təmin edən mühüm hüquqi mexanizmdir”.
Millət vəkilinin sözlərinə görə, müstəqillik dövründə bayrağımıza olan ehtiram Prezident İlham Əliyev tərəfindən yeni mərhələyə qaldırılıb:
“Onun 2007-ci il 17 noyabr tarixli Sərəncamı ilə Bakıda Dövlət Bayrağı Meydanı salınıb, 2010-cu il sentyabrın 1-də isə təntənəli açılış mərasimi keçirilib.
Prezident İlham Əliyev bu mərasimdə tarixi çıxışında deyirdi:
“Bizim bayrağımız qürur mənbəyimizdir, bizim bayrağımız canımızdır, ürəyimizdir.” Bu meydan yalnız memarlıq deyil, həm də milli düşüncənin ucalıq simvoluna çevrildi. 2024-cü ildə təmir və yenidənqurmadan sonra Dövlət Bayrağı Meydanı və Muzeyi yenidən açılmış, burada dünyanın ən böyük Azərbaycan bayrağı ucaldılıb.
Muzeydə “Zəfər qalereyası” adlı ekspozisiya yaradılıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda qaldırılan bayraqların fotoları nümayiş etdirilmişdir. Bu ekspozisiya həm tarix, həm də qürur dərsidir.
Azərbaycan Bayrağı 44 günlük Vətən müharibəsindən sonra azad edilmiş torpaqlarda qaldırılmaqla, tarixdə Zəfər simvoluna çevrildi. Prezident İlham Əliyevin Şuşada, Xankəndidə, Füzulidə və digər bölgələrdə bayraq qaldırması milli birliyimizin və müstəqil dövlətimizin təntənəsini nümayiş etdirdi. Bu mənzərələr “Bayrağımız Dağlıq Qarabağda dalğalanacaq” sözlərinin reallaşması idi.
Dövlət bayrağı həm də beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin simvoludur. Bu gün üçrəngli bayrağımız BMT, Avropa Şurası, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır. Bu, müstəqil Azərbaycanın tanınmasının, beynəlxalq nüfuzunun və diplomatik uğurlarının parlaq göstəricisidir.
Bayraq, eyni zamanda, milli həmrəyliyin və vətəndaş birliyinin amilidir. O, siyasi baxışlardan, sosial mənsubiyyətdən asılı olmayaraq bütün azərbaycanlıları bir amal ətrafında birləşdirir. Prezident İlham Əliyev bu barədə deyib: “Kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir.”
Bu gün Azərbaycan gəncliyi üçün üçrəngli bayraq sadəcə bir rəmz deyil, vətənə sədaqətin, müstəqilliyin qorunması məsuliyyətinin rəmzidir. Hər bir məktəbdə, hər bir evdə bu bayraq ucaldıqca, milli ruh, dövlətə sədaqət və gələcəyə inam da möhkəmlənir.
Nəticə etibarilə, Dövlət Bayrağı Günü xalqımızın milli kimliyini, istiqlal düşüncəsini, azadlıq ruhunu yaşadan müqəddəs bayramdır. O, keçmişimizi gələcəklə birləşdirən mənəvi körpüdür. Bu gün üçrəngli bayrağımız Zəfər meydanlarında, sərhədlərimizdə və qəlbimizdə dalğalanırsa, bu, Ümummilli Lider Heydər Əliyev ideyalarının və Prezident İlham Əliyev siyasətinin ən parlaq təntənəsidir”.
[email protected]