Bu Qələbə bizimlə əbədi olacaq

Mansurova Yasemen Salman qızı
Bakı şəhəri 115 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi


Üçrəngli Dövlət Bayrağımız Şərqdə ilk parlamentli, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaldırılıb. 1918-ci il noyabrın 9-da Dövlət Bayrağı haqqında məsələyə baxan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizbucaqlı ulduzdan ibarət olan bayrağı Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bayrağı olaraq qəbul edib. Üstündə ay-ulduz nişanəsi olan Dövlət Bayrağımızın rənglərindəki məzmunda xalqımızın milli ideologiyası və mənliyi təcəssüm tapır. Dövlət Bayrağımızdakı mavi rəng türklüyümüzü, qırmızı rəng azadlıq və istiqlaliyyəti, demokratiya və insan hüquqlarını, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubluq anlamını ifadə edir. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra üçrəngli bayrağımız endirildi. Yalnız 70 ildən sonra Azərbaycanın üçrəngli bayrağı milli şüurun oyanışı ilə yenidən Azərbaycan xalqının milli müstəqilliyinin və iradəsinin ifadəsi kimi dalğalanmağa başladı. Düz 70 il sonra Ümummilli Lider Heydər Əliyevin uzaqgörən zəkası və əzmi ilə Naxçıvanda dalğalandırılan, Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilən üçrəngli bayraq məhz dövlətçiliyimizin və müstəqilliyimizin bərpa olunması və eləcə də siyasi varisliyin təmin edilməsi idi. 1990-cı illərin çətin, ağır günlərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda mühüm dövlətçilik fəaliyyəti həyata keçirilərək, milli dövlətçilik ənənələrinin əsası qoyuldu. 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilən iclasında birinci növbədə bayraq məsələsinə baxılmış, yüksək səsvermə ilə üçrəngli, ay-ulduzlu bayraq qaldırılmış, Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 19 noyabr 1990-cı il tarixli qərarı ilə isə bu bayraq rəsmi surətdə Ali Məclisin binası üzərində ucaldılmışdır. Beləliklə, vaxtilə böyük uzaqgörənliklə Naxçıvan Muxtar Respublikasında Ulu Öndər Heydər Əliyevin əzmi ilə alınan tarixi qərarlar müstəqil Azərbaycan dövlətinin dövlətçilik yoluna çevrildi. Dövlət bayrağı kimi üçrəngli, ay-ulduzlu bayrağın Azərbaycanın Dövlət Bayrağı olaraq qəbul edilməsi də Naxçıvandan başlanan yolun davamı idi. Ölkə ictimaiyyətinin tələbi ilə 1991-ci il fevralın 5-də Azərbaycan SSR-nin Ali Soveti Dövlət Bayrağı haqqında Qanun qəbul edərkən üçrəngli bayrağa da Azərbaycan Respublikasının Dövlət Bayrağı statusu verdi. Həmin il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərək onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını da qəbul etdi.

Zəfər Günü Azərbaycan bayrağının üç rəngi ilə işıqlanmış bir gündür. Hər bir rəng o zəfərdə öz mənasını tapdı: mavi türklüyü, qırmızı müstəqilliyi, yaşıl isə islamın saflığını simvolizə etdi. Bayraq hər yerdə dalğalanarkən xalqın alnında fəxarət yazıldı. Qələbənin kölgəsi altında hər kəs öz gücünü dərk etdi. Bayraq indi daha uca, daha əzizdir.
Azərbaycan dövlətinin gücünün, qüdrətinin, millətimizin torpaqlarına sahib çıxan, yenilməz, məğrur xalq kimi qürurunun dünyaya təqdimatı olan tarixi Zəfərimizin dördüncü ildönümünü böyük təntənə ilə qeyd etdik. Paytaxt Bakıda, bölgələrimizdə, işğaldan azad edilmiş ərazilərimizdə Zəfər Günü yüksək səviyyədə, böyük çoşqu ilə qeyd edilən zaman 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa hər bir qələbə müjdəli müraciətinin doğurduğu qüruru, insanların küçələrə, meydanlara axışaraq bu sevinci birgə yaşadıqları anları bir daha gözlərimiz önünə gətirdi.
Bütün cəhdlərə baxmayaraq daim sonda zəfər çalan ədalətdir. Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır. Bu günə qədər heç bir təzyiq, heç bir hədə-qorxu ölkəmizə təsir etməyib. Azərbaycan bundan sonra da güclənəcək. Xalq-iqtidar birliyi gücümüzün əsas mənbəyidir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, inkişafda olan Azərbaycan qürur mənbəyimiz, şanlı Qələbəmiz isə tarixi nailiyyətimiz, tarixi Zəfərimizdir.
 Hər bir ölkənin inkişafında iqtisadi tərəqqi əsasdır. Azərbaycanın dayanıqlı inkişafı daim beynəlxalq səviyyədə təqdir edilir. Azərbaycan beynəlxalq aləmdə öz gücünə güvənən ölkə nüfuzunu qazanıb və bu gün də bu istiqamətdə davamlı addımları ilə dünya ictimaiyyətinin diqqət mərkəzindədir. İqtisadi inkişaf, Azərbaycanın siyasi çəkisinin artması, beynəlxalq tribunalardan sözünü qətiyyətlə bildirməsi, xalq-iqtidar birliyi, gənc nəslin milli ruhda  yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik hissinin  bərqərar olması,  bütün bu amillər, təbii ki,  bizi Zəfərə  doğru aparırdı. Cəmi 44 gündə Silahlı Qüvvələrimiz tarixi Zəfərə imza atmaqla dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha göstərdi. Düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu. Dövlətimizin başçısı çıxışında onu da xatırlatdı ki, həmin düşmən ölkənin baş naziri  2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” demişdi. Biz onu məcbur etdik ki, bu gün “Qarabağ Azərbaycandır” deyir və bundan sonra da deyəcək, öz xoşu ilə yox.
Hazırda azad edilmiş bütün torpaqlarımız dirçəlir və soydaşlarımız doğma yurd-yuvalarına qayıtdıqları üçün sevinclidirlər. Yenilməz, məğrur xalqımıza daim qələbə yaraşır. Dövlətimizin başçısı Zəfərimizin əbədiləşdirilməsi istiqamətində atılan addımlardan olan Zəfər parkının açılışı mərasimində bir daha böyük əminliklə bəyan etdi ki, bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır.

Bayramlarımız sırasında xüsusi yeri olan 9 Noyabr - Dövlət Bayrağı Gününü son 5 ildə Zəfər ovqatında qeyd edirik. Milli kimliyimizin, qürurumuzun  rəmzi olan üçrəngli Bayrağımız bu gün  azad edilmiş bütün  ərazilərimizdə əzəmətlə  dalğalanır. Dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Dövlət Bayrağı Meydanında oldular. Prezident İlham Əliyev burada Azərbaycanın üçrəngli Bayrağını ucaltdı, meydanda və Dövlət Bayrağı Muzeyində yaradılan şəraitlə tanış oldu. Bu gün Dövlət Bayrağımız paytaxt və bölgələrimizdə yaşanan Zəfər sevincinə şahidlik edir. Xatırladaq ki, 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncam imzalamışdır. Həmin Sərəncama uyğun olaraq  hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunub. Hər bir dövlətin, millətin varlığını təsdiqləyən bayraqlar ululardan miras qalan müqəddəs əmanətdir. Elə buna görə də daim başımızın üstündə saxladığımız üçrəngli Bayrağımız sevincimizin ilk şahidi, qələbə müjdəçisi sayılır. Zəfər ruhlu Dövlət Bayrağı Günümüz mübarək!
Bütün əlamətdar və tarixi günlərimizlə əlaqədar müntəzəm olaraq tədbirlər,açıq dərslər keçirirəm. Şagirdlərin vətənpərvər ruhda böyüməsi üçün əlimdən gələni əsirgəmirəm. Onlar bizim gələcəyimizdir! Bugünlərdə 8D sinfində "Qalib Azərbaycan", "Yenilməz Bayraq" açıq dərsini keçdim. 8 D sinfinin şagirdləri hər biri çox məsuliyyətli və vətənsevərdirlər. Onlar bu dərsə mükəmməl hazırlaşmışdılar. Qəlblərində vətənə olan məhəbbəti söylədiyi şeir parçaları ilə bildirdilər! "Şuşamız", "Qarabağ Azərbaycandır", "Vətən", "Azərbaycan bayrağı" mövzulu çıxışları ilə məni heyran etdilər. Şagirdlərimə bu mövzularda daha ətraflı məruzə edərək bildirdim ki,biz artıq qalib ölkəyik. Artıq bizi bütün dünya qalib ölkə kimi tanıyır. Allah şəhidlərimizi rəhmət etsin! Şəhidlərimiz heç vaxt unudulmur! Qarabağ Azərbaycandır! Bu dərs mənim yadımda belə qaldı: "Şagirdlərim heyrətamiz çıxışları ilə məni Qarabağ torpağına apardı". Mən onlarla fəxr edirəm!


08.11.2025


[email protected]