Milli realizmin təntənəsi
Kəmalə Osman qızı İskəndərova
ADPU-nun Kimya və bioilogiya fakültəsinin
Həmkarlar İttifaqı Təşkilatının sədri,
kimya üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı Zəfər XXI əsrin ən mühüm tarixi hadisələrindən biri kimi milli şüurun dönüş nöqtəsi, dövlət iradəsinin və milli realizmin təntənəsi kimi dəyərləndirilə bilər. Bu Zəfər illərlə beynəlxalq münasibətlərin “dondurulmuş münaqişə” çərçivəsinə saldığı ədalətsiz status-kvonu dağıdaraq, Cənubi Qafqazın geosiyasi xəritəsini və tarixi idrak balansını dəyişdi. Zəfərin arxitekturası burada təkcə hərbi qələbənin strukturundan ibarət deyil, həm də milli ideyanın, dövlət iradəsinin və reallıq təfəkkürünün sistemli və məqsədyönlü şəkildə təşkil olunmasının nəticəsidir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Rəqəmsal inkişaf və süni İntellektin fəlsəfi problemləri şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Məhəmməd Cəbrayılovun “Zəfərin arxitekturası: mifdən reallığa keçidin ontologiyası” sərlövhəli məqləsində yer alıb. Məqaləni təqdim edirik.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qurulan bu strategiya müharibənin həm cəbhədə, həm də informasiya, diplomatiya və iqtisadiyyatda aparıldığı vahid bir sistemə çevrildi. Bu sistemin hərbi-texniki tərəfi yüksək intellektual sintezə əsaslanırdı, müasir texnologiyaların, xüsusilə pilotsuz uçuş aparatlarının, süni intellektə əsaslanan döyüş sistemlərinin və kəşfiyyat inteqrasiyasının tətbiqi nəticəsində müharibə modeli postmodern xarakter qazandı. Azərbaycan planetar miqyasda ilk dəfə olaraq “ağıllı müharibə” konsepsiyasını praktik reallığa çevirdi. Bu, uğura gücün fiziki mənasından baxmaq, zorla qazanılan zəfər aspektindən yanaşmaq düzgün deyil və bu daha çox zəkanın texnoloji ifadəsi idi.
Zəfərin geosiyasi aspekti Cənubi Qafqazın qüvvələr balansında köklü dəyişiklik yaratdı. Tarixi ədalətin bərpası ilə yanaşı, Azərbaycan regionu yeni enerji və nəqliyyat əlaqələrinin mərkəzinə çevirdi. Zəngəzur dəhlizi, Cənub Qaz Dəhlizi və Orta Dəhliz kimi strateji layihələr Azərbaycanın geoiqtisadi gücünün təzahürüdür. Bu mərhələdə “qələbə” sözü milli iqtisadi düşüncənin və dövlət idarəçiliyinin yüksək strateji müdrikliyinin nəticəsi kimi anlam qazandı.
Mədəni müstəvidə isə bu Zəfər milli özünüdərkin, tarixi yaddaşın və mədəni identikliyin yenidən doğuluşuna səbəb oldu. Bu baxımdan, hərbi uğur milli dirçəlişə, milli dirçəliş isə diplomatik nüfuza transformasiya olundu.
Qarabağın azadlığı coğrafi məkanla yanaşı, mənəvi və mədəni məkanın da dirçəlişi demək idi. Xarıbülbül, Şuşa, Cıdır düzü kimi adlar artıq sırf coğrafi göstəricilər deyil, metafizik dəyərlər sisteminin rəmzləri kimi xalq şüurunda yenidən mənalandı. Bu, Azərbaycan xalqı üçün, mədəni intibahın başlanğıcını, dövlətin ideyası ilə milli birliyin vəhdətini, musiqisi ilə - mənəviyyatının bərpasını təcəssüm etdirdi.
Lakin Zəfərin fəlsəfi dəyəri yalnız Azərbaycan üçün deyil, Ermənistan cəmiyyəti üçün də dönüş yaradan bir hadisəyə çevrildi. Uzun illər boyu miflərlə qidalanan, tarixi reallığı inkar edən “Böyük Ermənistan” ideologiyası 2020-ci ildə tarixi illüziya kimi çökməyə başladı. Bu süqut sadəcə hərbi məğlubiyyət deyildi, bu, bir millətin öz uydurduğu mifologiyanın sonu, yeni praqmatik şüurun zərurətindən doğan ağrılı, lakin qaçılmaz oyanışı idi. Ermənistan cəmiyyəti bu hadisədən sonra ilk dəfə olaraq güc balansını, qonşuluq münasibətlərini və regional reallığı - reallığın öz meyarları ilə anlamağa başladı. Bu baxımdan Azərbaycan Zəfəri təkcə öz içinə şəkilən sərhədləri dəyişmədi, həm də şüur sərhədlərini dəyişdi.
Bu prosesin dərinliyində metafizik bir dinamika dayanır və Azərbaycanın realizmi illüziyalara qarşı reallığın fəlsəfəsini ortaya qoydu. Bu realizm Qərb praqmatizmi ilə Şərq mənəviyyatının sintezindən doğan özünəməxsus intellektual model kimi formalaşdı. O, həm diplomatiyada çeviklik, həm iqtisadiyyatda dayanıqlılıq, həm mədəniyyətdə identiklik, həm də hərbi-texniki sferada müasirliklə ifadə olunur. Bu baxımdan, Zəfərin metafizikasında formalaşan Azərbaycan dövlətçiliyinin yeni fəlsəfi paradiqması regionda yaranan sülh və əməkdaşlıq mühitində də öz təsdiqini tapdı. Bu paradiqma artıq postmüharibə dövrünün reallığını Cənubi Qafqazda sabitlik, inteqrasiya və qarşılıqlı rifah mərhələsini müəyyənləşdirən əsas düşüncə xəttinə çevrildi.
Zəfərdən sonra yaranan yeni geosiyasi düzən bütün Cənubi Qafqazın gələcəyini müəyyənləşdirən tarixi mərhələyə çevrildi. Qarabağ münaqişəsinin 30 ildən sonra həll olunması regionda formalaşmış gərginliklərin enerjisini sülh, əməkdaşlıq və inteqrasiyaya yönəltmək üçün yeni imkanlar açdı. Azərbaycan dövləti postmüharibə dövründə sülhü reallığın fəlsəfi mərhələsi yəni gücdən ağla, qələbədən sabitliyə keçidin təzahürü kimi dəyərləndirdi.
Bu çərçivədə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması artıq regionun taleyini müəyyən edən əsas prosesə çevrilmişdir. ABŞ-ın vasitəçiliyi aparılan danışıqlar, Cənubi Qafqazda uzunmüddətli sabitliyin təməl prinsiplərini formalaşdırdı. Məhz həmin diplomatik mərhələdə, tərəflərin iqtisadi əlaqələr, nəqliyyat kommunikasiyaları və qarşılıqlı etimadın bərpası istiqamətində konkret razılaşmalara yaxınlaşması regionun inkişaf modelini dəyişdirdi.
Bu prosesin ən mühüm simvolu TRİP (Trans-Regional Integration Project) – yəni Zəngəzur dəhlizinin açılması təşəbbüsü oldu. Bu yol Azərbaycanı Naxçıvanla birləşdirən, eyni zamanda Türk dünyasını bir araya gətirən Yeni İpək Yolunun iqtisadi mərkəzinə çevrilir.
Prezident İlham Əliyevin “Zəfər sülh üçün qazanılmışdır” konsepsiyası faktiki olaraq postmüharibə düşüncəsinin fəlsəfi məğzini ifadə edir. Bu, Zəfərin yeni mərhələsidir və gücün, müdrikliyin və ədalətin birləşdiyini ifadə edir. Məhz bu yanaşma sayəsində Azərbaycan qələbəsini revanşizmin deyil, sülhün və qarşılıqlı rifahın başlanğıcı kimi təqdim etdi.
Bütün bu hadisələr fonunda Ermənistan cəmiyyəti də yavaş-yavaş illüziyalardan uzaqlaşaraq yeni reallığı qəbul etməyə başladı. Ermənistanda tarixi miflərin dağılması fonunda regional əməkdaşlığın zəruriliyini dərk edənlərin çoxalmsı, bir vaxtlar mümkünsüz görünən yeni düşüncə formalarının yaranmasına gətirib çıxardı. Bu, şüurun intibahı və reallığın mənəvi dərkinə əsaslanan Zəfərin ikinci mərhələsini əhatə edir
Beləliklə, Zəngəzur yolunun açılması, iqtisadi inteqrasiyanın güclənməsi və qarşılıqlı anlaşma regionu yeni inkişaf mərhələsinə daşıyır. Əgər müharibə reallığı dəyişdisə, sülh artıq bu reallığı sabitliyə çevirir. Bu mənada, Azərbaycan və Ermənistan arasında paraflanmış sülh müqaviləsini regional hadisə kimi nəzərdən keçirmək yox, qlobal miqyasda münaqişədən sülhə keçidin model nümunəsi kimi dəyərləndirmək lazımdır.
Zəfərin gətirdiyi bu sülh, dünyanın müharibə, işğal və qarşıdurmalarla dolu reallığında yeganə reallaşmış sülh faktı kimi qalır. Bu, həm regionun, həm də bütün bəşəriyyətin qazancıdır. Çünki bu, illüziyaların sona çatdığı, ədalət və reallığın öz varlıq əsasını tapdığı Zəfərin ontologiyasıdır.
07.11.2025
[email protected]