Auditorlar Palatasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Auditorlar Palatasında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Qurumdan AZƏRTAC-a bildirilib ki, tədbiri Auditorlar Palatasının sədri Vahid Novruzov açaraq xalqımızı Zəfərimizin əzəli və əbədi olması diləyi ilə bu milli qürur günü münasibətilə ürəkdən təbrik edib.
V.Novruzov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi, qəhrəman Azərbaycan Ordusunun misilsiz igidliyi və xalqımızın sarsılmaz birliyi sayəsində Vətən müharibəsində əldə etdiyimiz Zəfərin, sadəcə bir qələbə deyil — xalqımızın əsrlərlə davam edən ədalət mübarizəsinin, milli qürurumuzun və sarsılmaz iradəmizin təntənəsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu möhtəşəm tarixi gün xalqımızın yaddaşına şərəf, qürur və yenilməzlik rəmzi kimi əbədi həkk olunub. Bu Zəfər xalqa güc, inam və gələcəyə doğru daha əzmlə addımlamaq iradəsi bəxş edib.
Qeyd olunub ki, böyük şanlı Qələbənin şərəfinə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.
Sonda V.Novruzov şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad edərək onların xalqımız tərəfindən daim ehtiramla anılacağını qeyd edib.
Daha sonra tədbir Zəfər Gününə həsr olunmuş videofilmin nümayişi ilə davam etdirilib.
Tədbirdə Hesablama Palatası sədrinin müavini Fəxrəddin İsmayılov, Auditorlar Palatasının üzvləri, sərbəst auditor Altay Cəfərov, “Azəruçot” MMC-nin direktor-auditoru Eldar Təhməzov, şəhid atası, “Ekol Audit” MMC-nin auditoru Vəli Rəhimov, Sərbəst auditor Nazim Axundov, “LŞ Audit” MMC-nin direktor-auditoru Fərhəddin Hüseynov, "MRA Audit Consaltınq" MMC-nin direktor-auditoru Rasət Miriyev, “Naxçıvan Muxtar Respublikası Auditor təşkilat”nın direktor-auditoru Roman Hüseynov, “VXA-Audit” MMC-nin direktor-auditoru Elçin Qurbanov, sərbəst auditor Hafiz Əhmədov, “Azəri Audit Servis” MMC-nin direktor-auditoru Yasin Şirinov və Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin baş mütəxəssisi Minarə Hüseynova çıxış edərək Prezident İlham Əliyevin sarsılmaz qətiyyəti, yüksək rəhbərlik məharəti, qəhrəman ordumuzun şücaəti, xalqımızın birliyi sayəsində Azərbaycan Silahlı Qüvvələrinin 44 gün davam edən Vətən müharibəsində və antiterror əməliyyatında heyrətamiz qələbəsi, eyni zamanda, 8 Noyabr Zəfər Gününün əhəmiyyətindən bəhs ediblər.



[email protected]