“Iteca Caspian” və “Caspian Event Organisers” 2025-ci ilin sərgi mövsümünə yekun vurub
Azərbaycanda beynəlxalq sərgilərin təşkilatçıları olan “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri 2025-ci ilin sərgi mövsümünü uğurla yekunlaşdırıblar.
AZƏRTAC xəbər verir ki, bu il ərzində Bakıda müxtəlif istiqamətləri əhatə edən 13 beynəlxalq sərgi və 2 forum təşkil olunub. Keçirilən tədbirlər qida sənayesi, kənd təsərrüfatı, səhiyyə, su təsərrüfatı, tikinti, nəqliyyat və digər sahələrdə Azərbaycan iqtisadiyyatının inkişafına, xüsusilə də qeyri-neft sektorunun genişlənməsinə töhfə verən mühüm platformalara çevrilib.
Əvvəlki illərdə olduğu kimi, 2025-ci ildə keçirilən beynəlxalq sərgilər də ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunub. Prezident İlham Əliyev 2025-ci ildə Bakıda təşkil olunan “Caspian Agro” və “InterFood Azerbaijan”, “Baku Energy Week” kimi irimiqyaslı tədbirləri ziyarət edib, iştirakçılarla görüşərək sərgilərin ekspozisiyası ilə tanış olub. Eləcə də dövlət başçısı Xəzər İnşaat Həftəsinin iştirakçılarına ünvanladığı məktubda Qarabağın bərpası və yenidən qurulması prosesində bu tədbirin əhəmiyyətini vurğulayıb.
Bütün bu sərgilər müvafiq dövlət qurumlarının və sahələr üzrə məsul strukturların dəstəyi ilə keçirilib. Bu, dövlət səviyyəsində sərgi fəaliyyətinə göstərilən xüsusi diqqətin və qeyri-neft sektorunun inkişafına verilən önəmin göstəricisidir.
Yaxın günlərdə etdiyi çıxışların birində Prezident İlham Əliyev ölkə iqtisadiyyatının hərəkətverici qüvvəsi kimi qeyri-neft sektorunun rolunu xüsusi vurğulayıb. “Bu gün iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft sektordur. Bu, bizim ümumi iqtisadiyyatımızın əksəriyyətini təşkil edir” - deyə Prezident qeyd edib.
Məhz bu fikirlər 2025-ci ildə keçirilən sərgilərin əsas ideyasını və məqsədini müəyyənləşdirib. Dövlət başçısının bu sözləri cari ildə keçirilən sərgilərin mövzu və istiqamətlərində də geniş şəkildə öz əksini tapıb. Beynəlxalq sərgilər Azərbaycanın iqtisadiyyatında qeyri-neft sektorunun payının artırılmasına və bu sahədə beynəlxalq əməkdaşlığın güclənməsinə xidmət edib.
Bu tədbirlər sayəsində ölkəyə qeyri-neft sənayesini təmsil edən çoxsaylı xarici şirkətlər və investorlar cəlb olunub. Onlar sərgilər çərçivəsində öz innovasiyalarını, qabaqcıl texnologiyalarını və təcrübələrini təqdim edərək, yerli bazarda yeni tərəfdaşlıqların və istehsal müəssisələrinin yaranmasına təkan veriblər.
2025-ci ildə Bakıda keçirilən beynəlxalq sərgilər 70-dən çox ölkədən 45 mindən çox peşəkar ziyarətçini qəbul edib. Bu sərgilərdə iştirak və ziyarət məqsədilə, ümumilikdə, 9 minə yaxın xarici qonaq Azərbaycana səfər edib. Sərgilər 60-dan çox ölkədən 1200-dək şirkəti bir araya gətirib ki, onlardan 700-dən çoxu xarici eksponentlər olub. Sərgilərdə müxtəlif ölkələr daha geniş tərkibdə iştirak edərək, ölkə pavilyonları ilə təmsil olunub. Bu il, ümumilikdə, 17 ölkə milli pavilyonlar şəkilində sərgiyə qatılıb. Keçirilən tədbirlər çərçivəsində 70-dək çox panel sessiyalarında 300-ə yaxın məruzəçi çıxış edib, 700-dən yuxarı işgüzar görüşlər (B2B) baş tutub. Bununla yanaşı, “Baku Energy Week” çərçivəsində 13 startap layihəsi iştirak edib.
Bu göstəricilər sərgilərin həm iştirakçı, həm də coğrafi baxımdan əhəmiyyətini vurğulayır və beynəlxalq biznesin Azərbaycan bazarına olan artan marağını təsdiqləyir.
Bütün sərgilər dövlət qurumlarının dəstəyi ilə həyata keçirilib. Əldə olunan nəticələr Azərbaycanın regionun aparıcı sərgi mərkəzi kimi mövqeyinin möhkəmlənməsini, eləcə də ölkə iqtisadiyyatının, xüsusilə də qeyri-neft sektorunun inkişafına verilən mühüm dəstək və töhfəni əks etdirir.
2025-ci ilin sərgi mövsümü bir daha göstərdi ki, Bakıda keçirilən beynəlxalq sərgilər iqtisadiyyatın davamlı inkişafına, investisiya mühitinin genişlənməsinə və qeyri-neft sektorunun güclənməsinə təkan verərək, ölkənin ümumi iqtisadi artımına mühüm şəkildə dəstək olur.
[email protected]