Gürcüstan parlamentinin komitə sədrinin müavini: Azərbaycanla strateji tərəfdaşlığı daha da dərinləşdirməyə tam hazırıq
Azərbaycanın ilk parlamenti ölkədə parlamentarizm ənənəsinin formalaşmasında və ümumilikdə Azərbaycan Respublikasının inkişafında əhəmiyyətli rol oynayıb. Fəaliyyət müddətinin qısa olmasına baxmayaraq, ilk parlament mühüm qanunvericilik qərarlarının qəbuluna nail olub. 1918-ci ildən sonra Azərbaycanın qanunverici orqanı bir çox çətinlik və dəyişikliklərdən keçib, lakin bu gün artıq bir əsrdən çoxdur ki, ölkənin siyasi, iqtisadi və sosial tərəqqisinə böyük töhfə verməkdə davam edir.
bu fikirləri Gürcüstan parlamentinin İnsan Hüquqları və Vətəndaş İnteqrasiyası Komitəsinin sədr müavini Savalan Mirzəyev dekabrın 7-də Bakıda keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında çıxışı zamanı ifadə edib.
Savalan Mirzəyev Gürcüstan və Azərbaycan arasındakı tarixən möhkəm dostluq və səmərəli əməkdaşlığın davam etdiyini vurğulayaraq deyib: “Ortaq tariximiz və qarşılıqlı hörmətimiz, eyni zamanda, regional sabitlik və rifahın təmin edilməsi arzusu ölkələrimiz arasında əlaqələri daha da gücləndirir. Parlamentlərarası münasibətlərin inkişafında müsbət dinamikanı xüsusi qeyd etmək istəyirəm. Həm parlament sədrləri, həm də komitələr və dostluq qrupları arasında sıx əməkdaşlıq mövcuddur. Biz, ölkələrimiz arasında strateji tərəfdaşlığı daha da dərinləşdirməyə və regional təhlükəsizliklə əlaqələrin inkişafı istiqamətində birgə işimizi davam etdirməyə tam hazırıq”.
[email protected]