MÜSTƏQİLLİYƏ GEDƏN YOL - MƏHVDƏN QURTULUŞA


İQBAL AĞAYEV
BDU-nun Asiya və Afrika ölkələri tarixi 

kafedrasının müdiri

Fəlsəfə elminin bu günədək tam aydınlıq gətirə bilmədiyi suallardan biri şəxsiyyət - zaman tandemində hansı tərəfin daha həlledici faktor olması cavabını müəyyənləşdirməkdir. Filosoflar bu mizan-tərəzidə "bərabər" işarəsini qoymaqla problemin həllini bitmiş hesab edirlər. Qəbul edilmiş ənənəyə əsasən doğurdan da baş vermiş tarixi hadisələr şəxsiyyətin zamanın məhsulu olması fikrini təsdiq edir. Şəxsiyyət isə zamanın hansı istiqamətdə inkişafını müəyyən edir. Tarix belə misallarla zəngindir. Lakin bizim misalımızın spesifikliyi şəxsiyyətin ayrı-ayrı illərdə iki dəfə zamanın tələbi ilə hakimiyyətə gəlməsi, bunlardan birinci dəfə hakimiyyətə gəldikdən sonra tarix yazması, ikinci dəfə yeni tarix yaratması ilə diqqəti cəlb edir. Heydər Əliyevin 11 illik fasilədən sonra Azərbaycanda yaranmış sosial-iqtisadi və siyasi reallığın diqtəsi ilə hakimiyyətə qayıdışını fenomen hadisə hesab etmək olar. Çünki, məhz Heydər Əliyev Azərbaycanın 90-cı illərdə düşdüyü dərin iqtisadi və siyasi böhran şəraitində məhv olmaq təhlükəsi qarşısında ikinci  dəfə xalqın tələbi ilə nəinki hakimiyyətə qayıtmış, Azərbaycanı məhv olmaq təhlükəsi qarşısında qoyan və filosofların təbirincə desək, zamanın yetişdirdiyi 4 prezidentdən fərqli olaraq qısa zaman kəsiyində Azərbaycanın müstəqilliyinə və suverenliyinə əbədiyyət libası geyindirmişdi.
Bəli zaman keçdikcə hər şey durulur, aydınlaşır, mətləblər açılır. Bəs zamanın yetişdirdiyi, lakin ömründə kiçik bir müəssisəyə rəhbərlik etməyən, siyasətin hərfi mənasını bilməyən, iqtisadi anlamı olmayan şəxslərin “milli lider” paltarı geyindirilib hakimiyyətə gətirilməsi kimi oyunun arxasında nə dururdu?
1987-ci ildə Ermənistanda azərbaycanlılara qarşı atılan ilk güllədən, 1995-ci il Azərbaycanda dövlət çevrilişinə cəhdə qədər başımıza gələn fəlakətlərə nəzər salanda aydın bir sualın minlərlə müəmmalı cavabında Qordi düyününə düşürsən.
1988-ci ildən 1993-cü ilin yayına kimi Azərbaycana rəhbərlik etmiş K.Bağırov, Ə.Vəzirov,  A.Mütəllibov, Ə.Elçibəyin siyasi fəaliyyəti xalqın başına hansı bəlaları gətirdikləri göz qabağındadır.
SSRİ dağılırdı, artıq 1988-ci ildə tam aydın idi ki, ittifaqın dağılmasında Azərbaycan poliqon seçilib. Vətənimizi fəlakətlər gözləyirdi. O vaxt ölkəyə rəhbərlik eləyən K.Bağırov xalqın və Vətənin taleyi həll edilərkən heç bir ciddi siyasi fəaliyyət göstərmirdi. Bu zaman respublikada yaranmış qeyri-müəyyənlik xalqı çaşdırırdı.
Düşmənlərimizə də elə bu lazım idi. Əsil mətləbdən xəbəri olmayan xalq meydanlara axışmağa başladı. Toplananların sayı get-gedə artdı, milyonu keçdi və kortəbii xarakter aldı. Digər tərəfdən isə talançılıq mexanizmi işə düşdü.
Düşmənlərimiz təcrübəli idilər. Onlar yaxşı bilirdilər ki, güclü hərəkatlar və inqilablar dövründə xalqı, kütləni istədiyin kimi yönəltmək və kütləni sakitləşdirmək təşəbbüsü ağlasığılmaz bir iş idi. Düşmən onu da çox yaxşı bilirdi ki, heç bir ölkədə kortəbii milli hərəkat (tərkibi yekcins olmasa da) normal bir dövlət qura bilməyib, dövlətçilik təcrübəsi meydan hərəkatından keçə bilməz. Hərəkat gücləndikcə iqtisadi obyektlər, dövlət strukturları dağıdılmalıdır. Zaman keçdikcə bu qarşısı alınmaz bir prosesə çevrildi. Meydan hərəkatı eyforiyasının birinci mərhələsində 350 min nəfərdən artıq soydaşımızın qovulmasında xalq ən mühüm suala cavab tapa bilmədi. Millət öz ata-baba yurdundan nə üçün qovulur?
Bu vəziyyəti aydınlaşdıra bilən xalqın övladları məqsədyönlü şəkildə nüfuzdan salındı və vəzifələrdən qovuldu. Əvəzində korazehinlilər və satqınlar “milli paltarda” və “ağ atın” belində xalqa sırındı. Azərbaycanın daxilində liderlik iddiası baş alıb getdi və düşmən Azərbaycan xalqına qarşı çevrilmiş proqramının birinci mərhələsini maneəsiz başa çatdırdı. 
Düşmənin proqramında ikinci mərhələ Dağlıq Qarabağ idi. Belə bir vaxtda Meydan əməliyyatı uğurla “sınaqdan” çıxmışdı. İndi ona yeni-yeni çalarlar vermək və meydanda psixoloji gərginliyi saxlamaq lazım idi. Yeni milli hissiyata toxunan hərəkat, meydanı daha da qızışdıracaqdı.
Bu dəfə Topxanada ağac kəsildi. Meydan yenidən təlatümə gətirildi. Bu dəfə Azərbaycanın ayrı-ayrı rayonlarından Bakıya axın başlandı. Fabrikdə, zavodda, kənd təsərrüfatında, sənayedə, tikinti və digər sahələrdə iş dayanır. İnstitutlar və məktəblərdə isə həftələrlə, bəzən isə aylarla dərs keçirilmirdi.
Əkinçi, fəhlə, neftçi, müəllim, həkim, əsgər, bir sözlə hamı meydanda idi. Sərhədlərimiz isə müdafiəsiz qalmışdı. Məgər düşmənə də elə bu lazım deyildimi? Sahibsiz qalmış sərhədlərdə kəndlər qarət, nəzarətsiz qalmış müəssisələrdə talan baş alıb gedirdi. Bəli Azərbaycanı parçalamaq xarici düşmənlərin planı idi. 
Əskərandakı qətldən sonra Ağdamdan Xankəndinə başlanan yürüşün qarşısı məqsədyönlü şəkildə alındı. Sonra zaman təsdiq elədi ki, bu səhvi etməklə biz itirdik. Bu tarixi səhvimizdən qazanan isə erməni millətçiləri oldu. 
Əskəranda cəzasız qalan ermənilər az sonra Sumqayıt faciəsini törətdi, onları törədənlər Bakı ssenarisini oynadılar. Sumqayıt və Bakı ssenarisində ermənilər ictimai fikri ustalıqla öz xeyirlərinə yönəltdilər, azərbaycanlıları qaniçən, özlərinin isə bir daha “əzabkeş” obraz qalereyasını zənginləşdirdilər.
Bu hadisələri soyuq başla təhlil eləyib, sonrakı faciələrin qarşısını almaq istəyən Vətən övladları fitə basıldı, meydanlarda isə ermənilərin ünvanına haqlı olaraq ittihamlar səslənsə də, bunlar “Yanvar” qırğınına bəhanə oldu, bu hadisəyə aparan yolu qısaltdı. Onu da qeyd etmək yerinə düşər ki, Yanvar hadisələri zamanı düşmən qruplaşmalarının içində olmasına baxmayaraq siyasi əzm nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyində faciəni törədən cinayətkarları ittiham edən Bəyanatla (6,5)  çıxış edən Heydər Əliyevin  sakitlik zamanı odlu – alovlu nitqlər söyləyən, təlatümlər vaxtı fiziki varlığını itirmək təhlükəsi qarşısında seçicilərinin arxasında gizlənən siyasətçilər üçün örnək ola biləcək səviyyədə siyasi akt idi.
Yanvar faciəsi qəlbimizdə qaysaqlanmamış, Qarabağda helikopter qəzasında xalqımızın qeyrətli oğullarının qanına qəltan edildi. Ona görə ki, dünya şöhrətli alim Tofiq İsmayılovun, hərbi işi çox gözəl bilən general Məhəmməd Əsədovun, respublika prokuroru İsmət Qayıbovun, dövlət xadimi Zülfü Hacıyevin obyektiv, mübariz fəaliyyəti düşmənlərə və milli satqınlara mane olurdu. Bu şəxslərin aradan götürülməsi, onlara sərbəst əl-qol atmaq üçün imkan verdi. Sonrakı hadisələr göstərdi ki, AXC əvvəl A.Mütəllibovla ittifaqa girib onun “Prezident” kürsüsündə oturmasına kömək etdi, sonra isə dövlət çevrilişi keçirərək hakimiyyətə gəldi. Və bununla da 1992-ci ilin mart ayından çevriliş mexanizminin əsası qoyuldu. 
Ə. Vəzirovun 1 il 8 ay fəaliyyəti dövründə “Qarabağ komitəsi”ni yaratdı. Əslində isə bu, Vəzirov-Volski “ittifaqı” idi. Bu “ittifaq”ın bütün dövrü ərzində Ermənistandan qovulmuş soydaşlarımıza Qarabağın qapısı məqsədyönlü şəkildə bağlanıldı. Bu “ittifaqın” o biri tərəfində isə hər gün Qarabağın kəndlərindən dəstə-dəstə azərbaycanlılar qovuldu. Özünün dediyi kimi, 10 gün ərzində 5 dəfə Moskvaya uçur, Qorbaçov–Şahnazarov cütlüyündən “məsləhət” alır, ermənilərlə məxfi görüşlər və Dağlıq Qarabağı Azərbaycandan ayırmaq planlarını reallaşdırırdı.
Ə. Vəzirovun təşəbbüsü ilə SSRİ Nazirlər Soveti Dağlıq Qarabağın bir çox müəssisələrini Moskvaya tabe elədi. O, xalqı əsil mətləbdən uzaqlaşdırmaq üçün mitinq keçirir, “torpaqdan pay olmaz” riyakar şüarı ilə xalqı aldadırdı.
Azərbaycan xalqını qanına qəltan edib, tarixi torpaqlarından qovan, o zamanki Dağlıq Qarabağda kəndləri yandıran erməni daşnaklarının əməllərinin mində biri müqabilində ermənilərin Azərbaycandan təhlükəsiz köçürülməsinə dözməyib, onları geri qaytaran, xalqa “gözümüz aydın ermənilər qayıdır” deyə göz aydınlığı verən Vəzirov, öz ağalarının sifarişini yerinə yetirirdi. Bundan ötrü Vəzirovu anlamaq o qədər də çətin deyildi. Bu mənada Yanvar faciəsi üzərində Moskvadan hakimiyyətə təyin olunan Mütəllibova da, konstitusiya vasitəsilə dünyada analogiyası olmayan seçkidə, yaş senzinə qanuni don geyindirmək cəhdini göstərməklə, Moskvadakı ağalarının proqramını icra edirdi. 
Mütəllibovun vaxtında Qarabağ problemi daha da mürəkkəbləşdi və xalqın: Qarabağ problemi nə vaxt həll olunacaq sualına “Qarabağ probleminin həllini bilsəydim özümü dünyanın ən xoşbəxt prezidenti sayardım” deyə etirafı qarşısında qaldı. Görəsən xalqın probleminin həllini bilməyən kəs hansı məntiqlə millətə rəhbərlik edirdi? Gözləmək olardı ki, elə həmin ərəfədə baş vermiş Xocalı faciəsinin fonunda hakimiyyətə gələn və adını Xalq Cəbhəsi qoyan qrup Bağırovun siyasi səhvlərindən, Vəzirovun Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına “xidmət”indən, Mütəllibovun “Yanvar” qırğınından Xocalı faciəsinə qədər fəaliyyətindən ibrət götürəcək, ən ağır tarixi məsuliyyətin altına girdiyini dərk edib Bağırov, Vəzirov, Mütəllibovun faciəli səhvlərini aradan qaldıracaq.
Ancaq hakimiyyətə xalqın çiynindən gələn bəylər “Vətən, xalq, millət, torpaq, demokratiya” bəndini əlüstü unudub, cəbhədaşları arasında vəzifə paylamaqla məşğul oldular. Dövlətdə nə qədər vəzifə var idisə, çayçılar, mollalar, diletantlar arasında bölüşdürüldü. Aldıqları vəzifəyə “ata mülkü” kimi baxaraq, ölkədə nə qədər vəzifə var idisə, bir o qədər də “hakimiyyət” yaratdılar. İcra başçısı Prezidenti, daxili işlər naziri Respublika prokurorunu, nazirlər Baş naziri, dövlət katibi isə heç kimi saya salmadı. Hərə öz muxtar dövlətini qurdu və bəylik yarışı Azərbaycanı bürüdü. 1988-ci ildən tənəzzül, dağıntı keçirən mənəviyyatımız, iqtisadiyyatımız və dövlətçiliyimiz “bəylərin” ağalığı dövründə yeni-yeni zəlzələlərə məruz qaldı.
Heç kimin gözləmədiyi halda Ə.Elçibəy “50 Avropa ölkə başçılarının xahişini” nəzərə alıb Ermənistanla – Dağlıq Qarabağ arasında “humanitar yol” kimi tanınan “Laçın dəhlizi”ni açdı. Bu yolnan minlərlə oğullarımız həlakına səbəb olmuş silahlar daşınırdı. Heç kimə gizli deyil ki, Qarabağın və Azərbaycanın faciəsi bu “humanitar yol”dan başladı. Bunun ardınca dünya birliyinə “erməniləri təcavüzkar kimi tanıtmaq” bəhanəsi ilə Kəlbəcərin “müdafiəsi” müdafiəsiz buraxıldı. 
Ə.Elçibəyin 1 illik hakimiyyəti dövründə ölkə sənayesi darmadağın edildi. Xalq gözünü pambıq məhsuluna dikdi. Sabirabadda pambıq yığımı ilə əlaqədar müşavirə keçirildi və Elçibəyin prezident kimi müşavirədəki çıxışı bu oldu ki, “ölkədə demokratiyadır, kim istəsə pambıq yığar, kim istəməsə yığmaz”. Bu “müdrik” müraciətdən sonra məhsulun böyük əksəriyyəti tarlalarda qalıb məhv oldu. Xalqın ağır vəziyyəti bir az da ağırlaşdı. 
Qarabağda erməni quldurlar xalqımızı soyqırımlara məruz qoyduğu bir vaxtda, iqtidarın “xeyir-duası” ilə Heydər Əliyevi Naxşıvanda iqtidardan salmaq məqsədilə Bakıdan Naxçıvana hərbi təyyarələr göndərildi. Xoşbəxtlikdən Heydər Əliyevin müdrikliyi və ona olan tükənməz xalq sevgisinin və bu sevgidən doğan fədakarlıq sayəsində, təyyarələr eniş etməyə macal tapmadan geri döndülər və bununla da Naxçıvanda vətəndaş müharibəsi başlamaq istəyən Elçibəy iqtidarı ifşa edildi (4).
Qanunsuz silahlı dəstələri sürətlə artıran bəylər 1 illik hakimiyyətləri dövründə ölkəni qan çanağına döndərdilər. Ölkədə tüğyan edən anarxiya fonunda iqtidar daxilində çəkişmələr respublikanın bütün rayon və şəhərlərini silaha sarılmağa vadar etdi. Bu vəziyyət Bakı Gəncə qarşıdurmasına aparıb çıxartdı, ölkədə vətəndaş müharibəsi başladı, qan töküldü. Məhz bu gərgin şəraitdə xalqın artıq tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev Gəncə qırğınının genişmiqyaslı vətəndaş müharibəsinə çevrilməsinin qarşısını aldı.
Vətən torpağının işğal olunduğu, vətəndaş müharibəsinin ölkə paytaxtının astanasında dayandığı bir vaxtda isə “dövlət başçısı”, “Ali baş komandan” ordunu və xalqı başsız qoyub qaçdı və bir neçə gündən sonra respublikanın ucqar dağ kəndindən ölkəyə “başçılıq” etmək iddiasına düşdü. 
Bəli, bütün bunlar cəbhəçi bəylərin xalqın başına açdığı faciə və faciəli tariximizdir. Ancaq faciə bununla bitmir, ən böyük fəlakət budur ki, Laçın dəhlizini açan, Kəlbəcəri yağı düşmən qarşısında müdafiəsiz buraxan, ölkədə saysız-hesabsız qanunsuz silahlı dəstələr yaradan, respublikanın muxtar qurumunun üzərinə silahlı pilotlar göndərən, iqtisadiyyatın və təsərrüfatın talanına dövlət səviyyəsində şərait yaradan, ölkədə vətəndaş müharibəsinə rəvac verən və xalqı dar ayaqda qoyub qaçan Ə.Elçibəy və onun iqtidarda olan komandasının bəzi üzvləri yenidən bu ölkəyə, bu xalqa “rəhbərlik” etmək iddiasından əl çəkmədi. Belələri Unutdular ki, onlar xalqı aldadıblar, təhqir ediblər, faciələrə aparıblar. 
Bir nəfəri və bir qrupu ikinci, üçüncü dəfə aldatmaq olar. Ancaq xalq 2-ci dəfə aldanmır. Əgər aldanırsa, bu xalqın yox, xalqın saflığından və bakirəliyindən sui-istifadə edib, onu aldadanların cinayətidir. 1987-ci ildən 1993-cü ilin yazına kimi xalqı min bir fəlakətlərə salanların cinayətidir. Bütün xalq bilir ki, hakimiyyət uğrunda didişmələr torpaqlarımızın 20%-nin işğalına, 1 milyondan artıq qaçqına, sənayenin və təsərrüfatın talançılığına, dövlət strukturlarının darmadağın edilməsinə, terrorun və soyğunçuluğun tuğyanına, Yanvar qırğınına, Xocalı soyqırımına və vətəndaş müharibəsinə gətirib çıxartdı. (3)
Belə son dərəcə mürəkkəb siyasi şəraitdə xalqın çağırışı ilə hakimiyyətə gəlmək, onu nəinki əldə saxlamaq, həmçinin möhkəmləndirməklə ölkənin parçalanmasının qarşısını almaq ağır məsuliyyət altına girmək demək idi. Bunun üçün güclü təşkilatçılıq bacarığına, siyasi proseslərin inkişaf dinamikasını nəinki müəyyənləşdirmək, həm də onu düzgün səmtə yönəltmək qabiliyyətinə, ən əsası xalqla ünsiyyət istedadına malik olmaq, bir sözlə Heydər Əliyev olmaq lazım idi. Birinci iki istedad onun uzun müddət partiya dövlət strukturlarında məsul vəzifələrdə işləməsi ilə aşılansa da, xalqla ünsiyyət ona bəlkə də Yaradan tərəfindən verilən vergi idi. Bunun üçün xalqın içərisindən çıxmaq kifayət etmir. Xalqı başa düşmək, onun ağrı- acılarını dərindən anlamaq, şad günündə sevincini bölmək, faciəvi anlarında kədərinə şərik olmaq üçün sözün əsl mənasında bəşəri bir insan olmaq lazımdır. Bütün bunlarla yanaşı xalqı öz arxasınca  aparmaq istedadına malik olmaq Heydər Əliyev dühasına malik fitri bir istedaddır. 
Heydər - Xalq tandemindən söz açarkən istər-istəməz görkəmli Kanadalı pianoçu Q. Quldun S. Rixter haqqında dedikləri yada düşür. Ifaçıları iki kateqoriyaya bölən Quld S.Rixteri ifasının texniki tərəflərinə diqqəti cəlb etmədən və sanki alətdən yan keçərək öz şəxsiyyəti ilə dinləyicilər arasında birbaşa əlaqə illuziyası yarada bilən kateqoriyaya aid edir (5) Q. Quldun bu dəyərləndirməsini politologiyaya aid etsək və dinləyicini xalq, ifaçını siyasi lider, musiqi alətində ifanı natiqlik, özünü təqdimetmə bacarıqlarına   müncər etsək, heç şübhəsiz, Heydər Əliyevi ikinci kateqoriyaya aid siyasətçi hesab etmək olar. Bu situasiyada Heydər Əliyev ona verilən texniki imkanlardan yan keçərək öz xalqı ilə təkcə birbaşa əlaqə illuziyası yarada bilən ifaçı yox, həm də Q.Quldun təbirincə desək, xalqa – “dinləyiciyə çatdırılacaq ali ruhlu musiqi ilə onun arasında vasitəçidir”. Bu mənada Heydər Əliyev Q.Quldun prizmasından yanaşsaq, ikinci kateqoriya ifaçılar arasında tayı bərabəri və bənzəri olmayan dühadır. Çünki o, bir vasitəçi kimi dinləyici ilə musiqi arasında təkcə kommunikator yox, həm də xalqa çatdırılacaq dahiyanə musiqinin müəllifidir (1, 63). Göründüyü kimi H.Əliyevin 1993-cü il iyunun 15-dan sonrakı fəaliyyətinin hər günü bir tarixdi və paralel olaraq bu gündən müstəqil dövlət quruculuğu,  iqtisadi quruculuq, mənəvi quruculuq, xarici siyasət və ordu quruculuğu tarixi başlayır. Bu qədər mürəkkəb bir işi H.Əliyev kimi bir düha görə bilərdi (2, 25.)
Zaman göstərdi ki, xalqın başına gətirilən bu faciələrə məhz Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı, xalqına, dövlətinə ölçüyəgəlməz xidməti  ilə son qoyuldu. Qısa zaman kəsiyində,  müstəqil,  hüquqi,   demokratik dövlət yarandı. Dahinin dahi siyasi varisi olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qüdrətli sərkərdəlik və siyasi uzaqgörənliklə ata vəsiyyətinə əməl edib, 44 gün ərzində erməni işğalına son qoyub, Vətəni bütövləşdirdi. XXI əsrin 3-cü onilliyidir ki, dövlətimizin sükanı etibarlı və dəmir yumruq kimi möhkəm əldədir.

14.06.2024


[email protected]