Günün mübarək, Azərbaycan!


Eleonora Həsənova 
AMK nəzdində İG-nın müəllimi, psixoloq,
b. e. n, "Qızıl qələm" media mükafatı laureatı


28 May Azərbaycan tarixinin müstəqillik və azadlıq səhifəsi, Yaxın Şərqin demokratiya və cümhuriyyət nümunəsidir. 106 il əvvəl çar Rusiyasının ucqar əyalətini müstəqil dövlət edən Məmməd Əmin Rəsulzadə, Ceyhun Hacıbəyli, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Məmmədhəsən Hacınski və Üzeyir bəy Hacıbəyli kimi tarixi şəxsiyyətlər İstiqlal Bəyannaməsini qəbul etməklə adlarını əbədiyyətə yazmış oldular.
Bu gün müstəqil Azərbaycanın doğum günüdür. 106  il əvvəl Azərbaycanı canı-qanı qədər sevən, onun yolunda fədakarlıq edən tarixi şəxsiyyətlər gələcək xoş günlərə hesablanmış müstəqil Azərbaycan dövlətini qurmuşlar. 106 il əvvəl üçrəngli bayrağımız dalğalanmağa başlamış və 70 il istisna olaraq bir daha enməmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamışdır. Lakin ötən bu günlərdə illərə, əsrlərə bərabər işlər görmüşdür. Bu qısa və qarışıq dövrdə bütün çətinliklərə sinə gərən, özlərini güllə qabağına verən qəhrəman Azərbaycan oğulları meydana çıxmış və məhz onların sayəsində Azərbaycanın işğal altında olan əraziləri, o cümlədən  Bakı erməni-bolşevik istilasından xilas olmuşdur. 
Amma XX əsrin 20-ci illəri müstəqil Azərbaycan üçün başqa sürprizlər hazırlayırdı. 1920-ci il aprelin 28-dən başlayan 70 illik bir zaman kəsiyi Azərbaycan tarixinin qırmızı səhifəsi oldu. Və 1991-ci ilin sonlarınacan xalqımız bu "qırmızı" dövrü yaşadı. Nəhayət, 33 il öncə Azərbaycan müstəqilliyini bərpa edib, azad nəfəs almağa başladı.
Milli müstəqilliyimizin 70 ildən sonra bərpası, dövlətimizin və dövlətçiliyimizin möhkəmlənməsi Ulu Öndər Heydər Əliyevə nəsib oldu. Bu, xalqın xoşbəxtliyi ilə bərabər idi. Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayandan 3 il sonra doğulmuşdu. Sanki bu da xoş bir mistika idi. Tanrı onun doğuluşu ilə Azərbaycan xalqına qiymətli  ərməğan bəxş etmişdi. Və gün gələcəkdi ki, o, müasir Azərbaycanın  memarı və qurucusu missiyasını çiyninə götürəcəkdi. Onun iti zəkası, güclü məntiqi, tarixi hadisələri düzgün təhlil etməsi çiyninə götürdüyü yükü daşıya bilməkdə əlindən tutacaqdı. 
Belə də oldu. Müstəqilliyimizin bərpasının ilk illərində - 1991-ci ildən 1993-cü ilin iyun ayına qədər olan mərhələ Azərbaycanda sarsıntılar, fəlakətlər, hərc-mərclik, ağır sosial-iqtisadi böhran, anarxiya kimi hallarla yaddaşlara hopdu. Bu da xalqın azad, suveren və ədalətli bir dövlətdə yaşamaq arzusunun gerçəkləşməməsi, arzu olaraq qalması demək idi. Məhz belə bir zamanda Ümummilli Lider xalqın azadlıq, müstəqillik arzusunu  reallaşdırdı. Müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 ildə on minlərlə insanın ümidi, on minlərlə körpənin gələcəyi, on minlərlə vətəndaşın arxası, dayağı oldu. Həmin illər Ulu Öndər deyirdi: "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir". O, bu çətinliyin öhdəsindən canı-qanı bahasına gəldi. Gizli deyil ki, Heydər Əliyev sovetlər dönəmində də atdığı hər addımda Azərbaycanın gələcəyi üçün bir iz qoyurdu. Bəlkə də o özü bir gün  müstəqilliyin dadını dadacağına əmin idi. Prezident İlham Əliyev Şuşada Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş konfransda bu "bəlkə"nin kilidini açdı: "Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu zamana, siyasi vəziyyətə baxmayaraq etmişdir. Sovet Azərbaycanı dönəmində 10 ildən artıq müddətdə Sovet Azərbaycanının rəhbəri olanda və hətta ideoloji əngəllər çərçivəsində o, Azərbaycan xalqının maraqlarını qoruyurdu və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. Yetmişinci illərdə və səksəninci illərin əvvəlində onun tərəfindən atılmış bir çox addıma nəzər salsaq görərik ki, onlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdi".
İndi bu sətirləri qələmə alarkən bizə elə gəldi ki,  Ulu Öndərdən sonra 28 Mayın  mistikası fərqli bir yönümdə davam edir. Bu mistika özündə müstəqilliyi, azadlığı, gücü və cəsarəti birləşdirir. Bu mistika 28 May  qurucularının istək və arzularını bu günə daşıyıb gətirən bir Simurq quşunun  simvoludu.  Bu mistika  Ulu Öndər Heydər Əliyevin də dediyi kimi, dünyaya Günəş kimi doğan Azərbaycan  dövlətini qoruyur, daim başı üzərində dolanır. Bu mistika 106  ildir yol gəlir. 
106  illik mistika son 33  ildə özünü daha qabarıq göstərdi. Müstəqilliyini bərpa edən Azərbaycan xalqı 1991-ci ildə 28 Mayın oğurlanmış, zəbt olunmuş əzəmətini, vüqarını və ləyaqətini bərpa etdi. Azərbaycanın igid oğulları, qəhrəman qızları həmin şərəf və ləyaqət yolunda canlarını verdilər, Vətəni qorudular.
Bu müqəddəs torpaq bir də 44 günlük savaşda igid qanları ilə suvarıldı. Qarabağın 30 illik müvəqqəti həsrətinə son qoyuldu. Vətən müharibəsi, İkinci Qarabağ savaşı, "dəmir yumruq" əməliyyatı dediyimiz bu 44 günlük döyüşün sonunda  böyük  zəfərin nida işarəsini qoydu: Qarabağ Azərbaycandır! 44 gün ərzində dünyaya səs salaraq  gücünü göstərən Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq təşkilatların 30 ildə aça bilmədikləri düyünü açdı. Qarabağ torpaqlarından ayrı qaldığımız 30 ilin kini, nifrəti, həsrəti, nisgili və ağrı-acısı ay yarımda vulkan kimi püskürdü, od-alov olub düşməni yandırdı. Bu zəfər vaxtilə müstəqilliyimizi əlimizdən alan sovet imperiyasının 70 illik ömrünün Qarabağda öləziyən son nəfəsini kəsdi və 28 Mayın şərəf tarixinin növbəti şanlı səhifəsini yazdı.
Bu gün müstəqil Azərbaycanın doğum günüdür. Bu gün 28 Mayın şərəf günüdür. Bu gün 106  illik tarixin ləyaqət günüdür. Bu gün 106  il yol gələn 28 Mayın şərəf və ləyaqət ölçüsünün qorunduğu gündür.
Günün mübarək, Azərbaycan!
Şərəfin, ləyaqətin, qürurun həmişə ucalarda olsun, Vətən!


[email protected]