TARİXİ ZƏFƏR ULU ÖNDƏR HEYDƏR ƏLİYEV SİYASƏTİNİN TƏNTƏNƏSİDİR

Xalqa xidmət etmək arzusu və bu arzuların ümumiləşdirilmiş ifadəsi sayılan ideyalar şəxsin liderlik missiyasının ilkin şərti kimi qiymətləndirilə bilər. Heydər Əliyevin uzun illər ərzində Azərbaycana uğurla rəhbərlik etməsi, ölkənin inkişafında ciddi izlər buraxmış nailiyyətlər qazanması onun öz xalqına təmənnasız, bütün imkanlarını səfərbər edərək xidmət göstərmək istəyinin qabarıq ifadəsidir. Böyük şəxsiyyətlərin həyatının təhlili göstərir ki, xüsusi fitri istedad və əyilməz iradə ilə yanaşı, xalqa təmənnasız xidmət etmək istəyi olmadan tarixin diqqətini cəlb edə biləcək nailiyyətlər qazanmaq, həqiqi lider səviyyəsinə yüksəlmək mümkün deyildir. Digər tərəfdən, tarixi şəxsiyyət səviyyəsinə yüksəlmiş liderin arzularının təcəssümü olan ideyaları xalqın istəklərinin, dövrün tələblərinin daha dəqiq və əhatəli ifadəsi olması ilə ictimai dəstək qazanır. Bu mənada, tam qətiyyətlə deyə bilərik ki, Heydər Əliyevin arzuları və bu arzuların təcəssümü olan ideyaların qida mənbəyi həmişə xalqın istəyi və dövrün sifarişi olmuşdur.
Yola saldığımız XX əsrin 60-cı illərinin ortalarından etibarən Azərbaycanda əhalini narahat edən problemlər və ictimai ovqatda hakim olan ideyalar cəmiyyətdəki keçmiş Sovet respublikaları arasında aydın hiss olunan geriliyi aradan qaldırmaq, neqativ hallarla qəti mübarizə aparmaq, iqtisadiyyatı və sosial sahəni inkişaf etdirməklə birbaşa əlaqədar idi. O zamankı Azərbaycanın lideri Heydər Əliyevin fəaliyyətinin hərəkətverici qüvvəsi kimi çıxış edən arzuları da məhz həmin aktual problemlərin həlli üzərində kökləndiyindən, onun mahiyyət etibarilə yenilikçi xətti insanlar tərəfindən qətiyyətlə dəstəklənir və lazımi səmərə verirdi.
Heydər Əliyevin ötən əsrin 70-ci illərində Azərbaycana uğurla rəhbərliyi, qazanılan möhtəşəm sosial-iqtisadi inkişaf göstəriciləri yeni tipli idarəçilik modelinin inkaredilməz nümunəsi sayıla bilər. Qısa vaxtda o dövrün qabaqcıl texnologiyalarına əsaslanan sənaye və kənd təsərrüfatı məhsulları istifadə edən müasir müəssisələr yaradıldı, iqtisadi fəallıq və əmək məhsuldarlığı ciddi şəkildə yüksəldi, əhalinin məşğulluq səviyyəsi artdı. İqtisadi fəallığın və məşğulluğun əhəmiyyətli dərəcədə yüksəlməsi Heydər Əliyevin arzularının əsas məqsədinin həyata keçirilməsinə- əhalinin rifahının yaxşılaşdırılmasına  etibarlı əsaslar yaratdı.
Müstəqil Azərbaycan dövlətinin qurulması və inkişaf etdirilməsi xalqımızın taleyində Heydər Əliyevin arzularının və ideyalarının təcəssümünün yeni ifadəsi sayıla bilər və sayılmalıdır. Onun müstəqil Azərbaycanın Prezidenti seçilməsi hələ ötən əsrin 70-ci illərində reallaşdırmağa çalışdığı, lakin mövcud rejimin ideoloji buxovlarının imkan vermədiyi arzularını həyata keçirməyə real şərait yaratmışdı. Dərin vətənpərvər insan olan Heydər Əliyev indi həmin arzu və ideyalarını həyata keçirməyə tarixi şəraitin yetişdiyini dərk edir və bütün fəaliyyətini bu istiqamətdə qururdu.
Müstəqil Azərbaycan dövlətinin qurulması Heydər Əliyevin arzuları və ideyaları sistemində, heç şübhəsiz, mərkəzi yer tuturdu. Onun fəxrlə, xüsusi qürur hissi ilə müstəqil Azərbaycan dövlətinin qurulmasını özünün fəaliyyətinin başlıca qayəsi, şah əsəri hesab etməsi deyilən fikrin təsdiqi kimi başa düşülməlidir.
Müstəqil Azərbaycan dövlətinin və onun etibarlı gələcəyinin möhkəm iqtisadi dayaqlarının yaradılması  Heydər Əliyevin arzularının əsas hədəfini təşkil edirdi. Heydər Əliyev dühasının məhsulu olan neft strategiyasının işlənib hazırlanması və "Əsrin müqaviləsi"nin imzalanması dahi insanın bu arzularının həyata keçirilməsində  müstəsna rol oynamışdır. Əgər  bugünkü Azərbaycanın inkişafının bir neçə fundamental dayaqlarından danışmalı olsaq, ilk növbədə neft strategiyasını və onun ölkəmizə bəxş etdiyi əvəzolunmaz töhfələri yada salmalıyıq.
Heydər Əliyevin böyük arzuları Azərbaycanın təkcə cari inkişafı ilə deyil, daha çox gələcəyi ilə əlaqədar idi. Onun arzuları və ideyaları gələcək qüdrətli, firavan Azərbaycana hədəflənmiş strategiyanı xatırladırdı. Dahi siyasətçi müstəqil dövlətin qurulması yolunda atdığı hər addımına gələcəyin başlanğıcı, təməl daşı kimi baxırdı və bu mənada onun rəhbərliyi sabaha ünvanlanmış fəaliyyət qismində qavranılmalıdır.
Heydər Əliyevin fəaliyyəti, xalq qarşısında xidmətləri misilsiz olduğu kimi, onun arzuları da böyük və möhtəşəm idi. "Azərbaycan bütün dünyaya günəş kimi doğacaq" deyən Ümummilli Lider həm də böyük optimist idi. Tale onun  optimizminə həmişə haqq qazandırırdı. Azərbaycanın dünyanın ən uğurlu dövləti kimi qəbul edilməsi, günü-gündən inkişafın yeni pilləsinə qalxması Heydər Əliyevin dərin optimizminə əsaslanan böyük arzularının həyata keçirilməsinin əyani ifadəsidir.
Heydər Əliyevin böyüklüyü, onun ideyalarının əbədiyaşarlığı öz ifadəsini müstəqil Azərbaycanın Ulu Öndərin dünyasını dəyişməsindən sonra davam edən davamlı və dayanıqlı inkişafında tapmaqdadır. Azərbaycanın iqtisadiyyatının sıçrayışlı inkişafı, ölkənin müasirləşməsi, hərbi qüdrətinin artması və Qarabağın azad edilməsi, bütün sahələrdə möhtəşəm uğurların qazanılması inkişafın yeni - İlham Əliyev mərhələsinin təcəssümü hesab edilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və milli maraqlara əsaslanan uğurlu xarici siyasət nəticəsində respublikamızın beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırılan regional miqyaslı, qlobal əhəmiyyətli nəhəng transmilli enerji və nəqliyyat layihələri bölgədə və beynəlxalq miqyasda əməkdaşlığa, təhlükəsizliyə xidmət edir, ölkəmizin tərəqqisinə, beynəlxalq əlaqələrinin genişlənməsinə mühüm töhfələr verir.
Azərbaycanın XXI əsrdə qazandığı möhtəşəm uğurlar Heydər Əliyev siyasəti və həmin siyasəti bacarıqla həyata keçirən İlham Əliyevin adı ilə bağlıdır. Onun strategiyası və fədakarlığı sayəsində Azərbaycan dünyanın ən uğurlu gənc dövləti imicini qazanıb. Müasirləşmə böyük iqtisadi tərəqqi və dövlətin qüdrətinin artması ilə müşayiət olunur. İndi Azərbaycan öz gələcəyinə daha inamla və böyük ümidlərlə baxır.

Tağıyeva Şəhla Nurəddin qızı
Z.T.Yusifov adına 194 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi, "Zəfər" media mükafatı laureatı

Qeyd edək ki,Şəhla müəllimə mütəmadi olaraq Ümummilli lider Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycanın əlamətdar günlərini,"Zəfər günü", "Bayrağ günü"kimi Vətənpərvər mövzulu tədbirlər keçirərək şagirdlərin bu ruhda yetişdirib onlara Vətən sevgisini aşılayır.

























Bu günlərdə çalışdığı sahədə səmərəli pedaqoji fəaliyyətinə görə Şəhla müəllimə "Qalib Lider"media mükafatına layiq görülmüşdür.Şəhla müəlliməni bu münasibətlə təbrik edir pedaqoji fəaliyyətində  Azərbaycanın çiçəklənməsi naminə bütün səylərinin uğurlu olmasını arzu edirik.


[email protected]