"Əbədi məşəl" şəhidlərin ruhuna keşik çəkir

Ürəyimizi yandıran, qəlbimizi göynədən 20 Yanvar faciəsindən illər keçsə də, xalqımız azadlığı uğrunda şəhid olan oğul və qızlarını heç vaxt unutmur. Zaman-zaman onları ehtiramla yad edir, hörmətlə anır. Hər il bu qanlı hadisənin ildönümündə yüzlərlə, minlərlə insan faciənin qurbanlarının xatirəsini yad etmək üçün kövrək hisslərlə Şəhidlər xiyabanına üz tutur.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ölkəmizin paytaxtı Bakı şəhərində Azərbaycan tarixinin ən qanlı hadisələrindən biri baş verdi. Sovet imperiyasının ağır hərbi texnikaları və ən müasir silahları ilə təchiz olunmuş qoşunları bir neçə istiqamətdən şəhərə hücum etdilər. Günahsız dinc əhalini tankların tırtılları altında əzdilər. Kremlin məqsədi xalqımızın müstəqillik arzusunu qan içində boğmaq idi. Amma imperiya əsgərləri nə qədər amansızlıq göstərsələr də, xalqımızın polad iradəsini qıra bilmədilər.
Həmişə tarixin sınaqlarından üzüağ çıxmış məğrur xalqımız gözləmədiyi bir vaxtda - 1990-cı ilin 20 yanvarının səhərini güllə səsləri və göz yaşları içində açdı. Çox dəhşətli, tükürpərdici faciə baş vermişdi. Həmişə insanların qürurla, üzlərində təbəssüm gəzib-dolaşdıqları küçə və yollar bir gecənin içində al-qana boyanmışdı. Səhər-səhər havadan barıt qoxusu gəlirdi. Yaşamaq, ömür sürmək arzusunda olan neçə-neçə insanın ömür yolu bir gecənin içində yarımçıq qalmışdı. Sovet əsgərlərinin atdığı odlu güllələr onları harada gəldi yaxalamışdı. Ayrı-ayrı illərdə, ayrı-ayrı bölgələrdə, ayrı-ayrı il və günlərdə doğulmuş şəhidlərimizin ölüm tarixləri eyni gün, eyni il, eyni yer oldu: Bakı şəhəri, 20 Yanvar 1990-cı il. 
Qəddar sovet əsgərləri binaların divarlarını, yol kənarında dayanmış avtomobilləri də nişangaha götürmüşdülər. Cəlladlar heç kəsə aman verməmişdilər. Qarşılarına çıxan şəhər sakinlərini son dərəcə amansızlıqla qətlə yetirmişdilər. Xalqımızın azadlığı uğrunda mübarizəyə qalxmış və bu yolda şəhid olmuş oğul və qızlarımızın qanlarını tökmüşdülər. 
Hamımızı sarsıdan qanlı şənbə gecəsində azadlığımız naminə şəhid olanların dağüstü parkda dəfn olunması qərara alındı. Bundan sonra bura Şəhidlər xiyabanı adlanacaq və xalqımızın müqəddəs ziyarətgahına çevriləcəkdi. 
1990-cı il yanvarın 21-də şəhidlərə məzar qazmaq üçün hamı xiyabana axışırdı. Ürəyində insanlıq və azadlıq sevgisi olan şəhər sakinləri çiyin-çiyinə verərək bir-birilərinə kömək edə-edə işləyirdilər. O günlərdə ümumi dərd, ümumi ağrı xalqı bir yumruq kimi birləşdirmişdi. Məzar qazanlardan kimsə "yoruldum" kəlməsini dilinə gətirmirdi. Çünki ertəsi gün müstəqilliyimiz yolunda canından keçənlər torpağa tapşırılacaq.
Dəhşət püskürən 20 Yanvar gecəsində Bakıda, həmçinin müxtəlif rayonlarda sovet əsgərləri tərəfindən 147 nəfər qətlə yetirildi. 744 nəfərdən çox vətəndaş ağır yaralandı və müxtəlif dərəcəli bədən xəsarəti aldı. 841 nəfər qanunsuz həbs olundu. 12 nəfər itkin düşdü. Bu qanlı faciədə təkcə azərbaycanlılar deyil, şəhərimizdə yaşayan başqa millətlərin nümayəndələri də əsgərlərin atdığı güllələrə tuş gəlmişdilər.
20 Yanvar faciəsində azərbaycanlılarla yanaşı, 6 rus, 3 tatar və 3 yəhudi imperiya əsgərlərinin gülləsinə tuş gəlmişdi. Faciəli şəkildə həlak olanların arasında 4 milis işçisi, 1 həkim, 12 tələbə, 1 aspirant, 3 elmlər doktoru olub. Qeydə alınan 744 nəfər yaralının 25-i qadın, 20-si isə azyaşlı uşaq idi. Ürək dağlayan bu ağrılı faktlarla yaxından tanış olduqca bir daha aydın görünür ki, şəhərimizə soxulmuş imperiya əsgərləri nə qadınlara, nə də azyaşlı uşaqlara aman verməmiş, hamını güllə yağışına tutmuşdular. 
Azərbaycan xalqının tarixində qəhrəmanlıq səhifəsi kimi qalacaq 20 Yanvar faciəsi həmişə iftixar və qürurla xatırlanacaq.  Həmin axşam Azərbaycan xalqının oğul və qızları igidlikləri ilə qəhrəmanlıq tariximizə yeni səhifələr yazdılar. Qanla yazılmış bu tarixin bütün səhifələri bizim üçün dəyərlidir. Çünki biz onun səhifələrindən müstəqillik uğrunda aparılan mübarizənin tarixini öyrənirik.  
Hər il 20 Yanvar faciəsinin ildönümü ərəfəsində "Bu qan yerdə qalmayacaq" cümləsi yaddaşlara köçüb dillərdə dolaşır. Yenə də əllərimizdə qan rəngli qərənfillər şəhidlərin məzarı önündə dayanıb baş əyərək bu sözləri təkrar edirik. İnanırıq ki, bu qan heç vaxt yerdə qalmayacaq.
Daim böyük iftixarla yada saldığımız bu tarix, bu gün illərin təqviminə qara hərflərlə yazılıb. 20 Yanvar ölkəmizdə Hüzn Günü kimi qeyd edilir. Həmin gün xiyabana ziyarətə gələnlərin ardı-arası kəsilmir. Qanlı faciənin ildönümü günlərində bir çox təşkilatlarda, tədris müəssisələrində şəhidlərin anım mərasimləri keçirilir. Onların göstərdikləri qəhrəmanlıq nümunələri təkrar-təkrar gənc nəsillərə çatdırılır. 
Yaşanmış şərəf dolu tarix göstərdi ki, xalq qəhrəmanlarını heç vaxt yaddan çıxarmır. Müqəddəs ziyarətgaha çevrilmiş Şəhidlər xiyabanında "Əbədi məşəl" abidə-kompleksi ucaldılıb. Gecə-gündüz yanan məşəl sanki şəhidlərin ruhuna keşik çəkir.


[email protected]