Yeni əməkdaşlıq yolları beynəlxalq nəqliyyat dəhlizlərindən keçir

Müasir dünyada qloballaşma və inteqrasiya prosesləri sürətləndikcə, beynəlxalq nəqliyyat dəhlizləri də planetar iqtisadi orqanizmə çevrilir, daha geniş funksiyaların reallaşdırılmasında rol alırlar. Elə bu səbəbdən ekspertlər belə hesab edirlər ki, beynəlxalq nəqliyyat dəhlizləri ölkələrin davamlı inkişafını şərtləndirən əvəzsiz təbii imkandır.
Bu baxımdan Prezident İlham Əliyevin 2023-cü il 23 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-2026-cı illər üçün Fəaliyyət Planı" mühüm əhəmiyyət kəsb edir. Sənəddə 24 istiqamətdə müxtəlif tədbirlərin reallaşdırılması nəzərdə tutulur. 
Mütəxəssislərin qənaətinə görə, məsafə və zaman daşınma xərcləri ilə düzmütənasibdir. Buna görə də sərhəd-gömrük prosedurlarının asanlaşdırılması və sadələşdirilməsi zərurətə çevrilir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri Aqil Əsədov araşdırmasında qeyd edir ki, beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan bu baxımdan aparıcı dövlətlərdən sayılır: "Belə ki, hələ uzun illər öncədən Azərbaycanda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində qəbul edilmiş davamlı və sistemli qərarlar nəticəsində ölkə istənilən növ daşınmanı həyata keçirməyə, qəbul etməyə, saxlamağa və yola salmağa qadirdir". Bunun başlıca səbəbi "Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı", "Azərbaycan Respublikasında nəqliyyat sisteminin inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı", "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı", "Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsi və inkişafına dair Dövlət Proqramı (2006-2015-ci illər)", "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı" və digər müxtəlif istiqamətləri əhatə edən çoxsaylı proqramların uğurla həyata keçirilməsidir. 
Azərbaycan Böyük İpək Yolunun bərpası istiqamətində fərqli tərzdə səy göstərən dövlət kimi artıq 2005-ci ildə Şimal-Cənub nəqliyyat dəhlizinə qoşulmuşdur. Və nəticədə "Şərq-Qərb" (Böyük İpək Yolu) və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkəmizin Avropa və Asiyanın mühüm nəqliyyat tranzit qovşağına çevrilmək imkanları artmışdır. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizləri layihələrinin tikintisində də iştirak edən yeganə ölkədir.
A.Əsədov qeyd edir ki, bu gün "Dəmir İpək Yolu" adlandırılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Çinin elan etdiyi, Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin dəstəklədiyi "Bir kəmər, bir yol" iqtisadi inkişaf strategiyasının tərkib hissəsinə çevrilmışdır: "BTQ-nin başlıca vəzifəsi Çindən və Cənub-Şərqi Asiyanın digər ölkələrindən Avropaya yüklərin daşınmasıdır. İnamla deyə bilərik ki, bu dəmir yolu qitələrarası daşımalar üçün böyük imkanlar vəd edir. Avrasiyanın nəqliyyat xəritəsini yeniləyən BTQ Azərbaycanı əhəmiyyətli tranzit daşımalar mərkəzinə çevirmişdir və  gələcəkdə bu yol ilə 15 milyon tonadək yük daşımaq mümkün olacaq".
Azərbaycanın uğuru ondan ibarətdir ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi - Orta dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən keçməklə Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutun yaradılmasında mühüm rol oynamışdır. Fəaliyyət Planında da qeyd edildiyi kimi, bir sıra önəmli üstünlüklərə malik olan Orta dəhliz boyunca vahid tarifli "bir pəncərə" prinsipi tətbiq olunacaq. İİTKM-in şöbə müdiri məsələyə belə aydınlıq gətirir ki, əlverişli coğrafi mövqe Orta dəhliz üzərində yerləşən dövlətləri iki qitəni birləşdirən əsas tranzit ölkələri kimi gündəmə gətirmişdir. 
Mütəxəssislərin rəyi belədir ki, istər dəniz, istərsə də dəmir yolu üzərindən daşınmalarda Orta dəhliz zaman və məsafə baxımından daha səmərəlidir ki, bu da daşınma xərclərinin xeyli aşağı salınmasını təmin edir. Beləliklə, Orta dəhliz iştirakçı ölkələrə yalnız nəqliyyat-tranzit gəlirləri yox, həm də iqtisadi tərəqqinin təkanverici bir qüvəsinə çevrilməyi vəd edir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin araşdırmasında  Orta dəhlizin digər bir üstünlüyü - onun Türk Dövlətləri Təşkilatına daxil olan ölkələri birləşdirmək imkanı xüsusi vurğulanır: "Belə bir birliyin formalaşması və möhkəmləndirilməsi Azərbaycan və Türkiyənin xarici siyasətində prioritet rola malikdir". Çünki Orta dəhlizin digər marşrutlara inteqrasiyası gözlənilən dividendləri daha da artıracaq. Bu dəhlizlə daşınan yüklər həm də Azərbaycanın ərazisindən keçən "Şimal-Cənub" və "Şərq-Qərb" dəhlizlərinə inteqrasiya edilmiş yollardan istifadə etməyə imkan verəcək. Üstəlik, 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş Şərqi Zəngəzur regionunda da dəhlizin açılması perspektivləri mövcuddur. Bu dəhliz  vasitəsilə Naxçıvandan Türkiyəyə, oradan isə daha geniş coğrafiyaya çıxış mümkün olacaq. Başqa sözlə desək, Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycanın Orta dəhliz vasitəsilə daşınma imkanları daha da genişlənəcək və bütün region dövlətləri üçün yeni fürsətlər yaranacaq. Bu isə həm də o deməkdir ki, "Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-2026-cı illər üçün "Fəaliyyət Planı"nın qəbulu zamanında verilmiş, yüksək siyasi-iqtisadi və strateji əhəmiyyətə malik qərardır.





[email protected]