Heydər Əliyev və müasir Azərbaycan

XX əsrdə xalqımızın ən böyük tarixi nailiyyəti, şübhəsiz ki, müstəqil Azərbaycan dövlətinin yaradılmasıdır. Xalqımız müstəqil dövlət quruculuğu sahəsində qazanılan müstəsna uğurlarda başlıca imzanın məhz Heydər Əliyevə aid olduğunu heç zaman unutmayıb və unutmayacaq. Tarixi yazmaq yalnız dahilərə məxsus xüsusiyyətdir, ölkələrin, millətlərin taleyini müəyyən edən, mövcudiyyətini davamlı qılan məhz həmin dahi şəxsiyyətlərdir. Müasir Azərbaycanın tarixi də Ümummilli lider Heydər Əliyevin adı olmadan təsəvvür edilə bilməz. Onun adı təkcə dünənlə yox, gələcək nəsillərlə, müstəqil ölkəmizin gələcəyi ilə birgə anılır. Bu nüans liderin ölməzliyinə, onun azərbaycançılıq ideologiyasının əbədiliyinə bir daha əminlik yaradır.
Bir ölkənin mədəni zənginliyinin əsas göstəricisi, onu dünya ölkələri arasında ön sıralara qoyan mühüm amillərdən biri şübhəsiz ki, onun dilidir. Tarixi faktlardan məlumdur ki, 1977-ci ilin oktyabrında Heydər Əliyev SSRİ Ali Sovetinin sessiyasında Azərbaycan SSR-in yeni konstitusiya layihəsini hazırlayan komissiyanın sədri kimi çıxış etmiş, Azərbaycan dilinin ölkənin dövlət dili olması haqqında maddənin respublika konstitusiyasına daxil edilməsinə nail olmuşdur. Bu, Heydər Əliyevin Azərbaycanın mədəniyyətinə verdiyi çox böyük töhfə idi, çünki hələ XIX əsrin ortalarından başlayaraq, ədiblərimiz, dahi mütəfəkkirlərimiz milli kimliyimiz olan dilimizin mövcudluğu, zənginliyi ilə bağlı həyəcan təbili çalmış, bu sahədə görülməli olan işlərin vacibliyini vurğulamışlar. Ümummilli lider hərtərəfli biliyi və dərin təəssübkeşliyi ilə xalqın mövcudluğu üçün lazım olan bütün amilləri nəzərdə saxlamış, müstəqil Azərbaycanın dünya səhnəsində parlamasına zəmin hazırlamışdır.
Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ilk illərdən iqtisadiyyat sahəsinə də geniş diqqət ayrılmış, əhatəli iqtisadi konsepsiya hazırlanmış, sənaye bazasının genişləndirilməsi və müasirləşdirilməsi nəticəsində Azərbaycanın iqtisadi potensialı artırılmışdır. Məlumdur ki, ölkəmizin zəngin təbii sərvətləri, münbit torpaqları daim dünyanın aparıcı dövlətlərinin nəzərində olmuşdur. Azərbaycanın rifahında, iqtisadi cəhətdən sürətli və yüksək inkişafında bu amildən düzgün istifadə əsaslı rol oynamışdır. Müasir Azərbaycanın qüdrətinin digər göstəricilərindən biri də Heydər Əliyevin siyasi xəttini böyük məharətlə davam etdirən müzəffər Ali Baş Komandan İlham Əliyevin insan kapitalına xüsusi dəyər verməsidir. Neft kapitalının zamanla insan kapitalına çevrilməsi siyasəti xalqa göstərilən dəyərin, həyat standartlarının artmasına xidmət edən davamlı fəaliyyətin əsas sübutlarından biridir. 1969-1982-ci illər aralığında Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdən başlayaraq milli ruhun, özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, millətdə dövlətçilik ideyalarının güclənməsi üçün əvəzsiz işlər görülmüşdü. Tək rəhbərlik dövründə deyil, Moskvada işlədiyi vaxtlarda da Ümummilli lider həmişə doğma vətənini düşünmüş, onun dərdlərini öz dərdi kimi yaşamış, respublikanın təkcə SSRİ məkanında deyil, həmçinin, bütün dünyada tanınması üçün əlindən gələni etmişdir. Heydər Əliyevin fəaliyyətləri ümumittifaq məkanında da daim yüksək qiymətləndirilmiş, təvazökar şəxsiyyəti və işgüzar xarakteri onun daha da ucalmasına şərait yaratmışdır. Onun dörd dəfə Lenin ordeninə, Qırmızı Ulduz ordeninə layiq görülməsi, 1979 və 1983-cü illərdə olmaqla, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını alması heç də təsadüfi deyil. Lakin bu böyük lider yeri gəldikdə gördüyü yanlışlıqları cəsarətli bir şəkildə dilə gətirməkdən də çəkinməmiş, mövcud sistemin zəifliklərinin düzəlməsi üçün qətiyyətli addımlar atmışdır. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasətin yanlışlığına etiraz olaraq tutduğu vəzifələrdən istefa vermişdir. Bu fakt bir daha sübut edir ki, gerçək idarəçinin həyatının mərkəzində onun xalqı, onun ölkəsi və onların rifahı dayanmalıdır. Bu cəhətdən Heydər Əliyev məktəbi dünyanın siyasi tarixinin ən önəmli səhifələrini təşkil etməkdədir. Elə 1990-cı ilin 20 Yanvarında Sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciəyə ertəsi gün Moskvada bəyanatla çıxış edərək sərt etirazını bildirmiş, Azərbaycan xalqına qarşı silah işlədilməsini kəskin şəkildə qınamışdır. Olduqca ağır bir tarixi dövr üçün bu addım çox təhlükəli hesab olunsa da, Heydər Əliyev xalqının ağır günündə ona dayaq olduğunu bir daha sübut etmişdi.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövrlə ikinci dövr arasındakı zaman müasir tariximizin hərc-mərclik, tənəzzül dövrü idi. Heydər Əliyev ömrünün Naxçıvan səhifələri, dahi liderin doğma yurdunu rifaha qovuşdurması bu iddiamızı sübut edən əsas faktordur. Naxçıvanda olduğu müddətdə Ümummilli lider milli dövlətçilik ənənələrinin dirçəldilməsi istiqamətində əvəzsiz işlər görmüş, Muxtar Respublikanın adından "sovet” və "sosialist” sözlərinin çıxarılmasını təmin etmiş, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsinə nail olmuş, 31 Dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qəbul edilməsi barədə əmr vermişdir. Bunlar sadəcə ayın görünən tərəfidir. Naxçıvan Muxtar Respublikasının ictimai-mədəni həyatının yüksək rifaha çatması istiqamətində görülmüş və görülən işlərin əsasında məhz Heydər Əliyev siyasi iradəsi dayanır.
1993-cü ilin iyununda Heydər Əliyevin Respublikada hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda kəskin dönüş baş verdi. Böyük şahmat taxtasını dərindən analiz etməyi bacaran Ulu öndər bir neçə vacib və müstəsna əhəmiyyətə malik siyasi gedişlə vətəndaş müharibəsinin qarşısını almağa nail oldu. Azərbaycan istər daxilindəki düşmənlərdən, istərsə də xarici düşmənlərin etdikləri davamlı təzyiqlərdən yaxa qurtarmağı bacardı. Məhz bu tarixi dövrdə ölkəmizin əbədi inkişafının təməli atılmış oldu. Böyük dövlət xadimi kimi Heydər Əliyevin ən böyük nailiyyətlərindən biri də ölkə daxilində yaratmış olduğu sabitlikdir. Bu gün Azərbaycan dünyanın daxili sabitliyi yüksək səviyyədə olan, təhlükəsiz dövlətlərindən biridir. Ulu öndər yürütdüyü uğurlu daxili siyasətlə yanaşı, xarici siyasətdəki məharəti ilə də xalqın ürəyində taxt qurmağı bacarmışdı. Atılan ən önəmli ilkin addımlardan biri Azərbaycanın türk dünyasından təcrid olunmuş vəziyyətdən çıxarılması idi. Bizimlə eyni dövrdə müstəqilliklərini bərpa etmiş türk dövlətləri olan Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Türkiyə Respublikası ilə dost, qardaş münasibətləri quruldu. Təsadüfi deyil ki, Heydər Əliyev türk dünyasında müasir Atatürk adlandırılmış, adını türk dünyası tarixinə qızıl hərflərlə əbədi yazdırmışdır. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycanın islam dünyasındakı nüfuzu da sürətlə artmış, sarsılmaz bir mövqeyə çatmışdır.
Ümummilli lider Heydər Əliyev xarici düşmənlərimizin bütün dövrlərdə ölkəmizi diz çökdürmək məqsədilə istifadə etdikləri "erməni kartı”na qarşı uzunmüddətli perspektivlərə malik neft strategiyasını işləyib hazırlamışdı. Bakı-Tbilisi-Ceyhan əsas neft ixracı kəmərinin, həmçinin, Bakı-Ərzurum qaz kəmərinin region ölkələri, eyni zamanda, türk dünyası dövlətləri üçün necə böyük əhəmiyyətə sahib olduğu hər birimizə olduqca bəllidir. Heydər Əliyev yürütdüyü uzaqgörən və məharətli siyasət nəticəsində ölkəmizin xarici ölkələrlə əlaqələrinə zərbə vuran qüvvələri zərərsizləşdirməyi bacarmışdır. Böyük İpək Yolu ideyasını dirçəltməklə Azərbaycanı iqtisadi blokadadan çıxarmışdı. Böyük İpək Yolunun dirçəldilməsi yalnız Azərbaycanın deyil, bütün türk dünyasının dirçəlişində, iqtisadi-mədəni oyanışında misilsiz rol oynayıb.
Müasir və qüdrətli Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Heydər Əliyev ənənələrini davam etdirərək apardığı uğurlu siyasət nəticəsində Azərbaycan artıq regionun coğrafi-siyasi mərkəzinə çevrilmişdir. Azərbaycanın bölgədəki və onun hüdudlarından kənardakı proseslərə təsiri getdikcə artmaqdadır. Heydər Əliyev irsi Azərbaycan xalqı üçün əvəzolunmaz nemətdir. Məhz onun dönməz iradəsi, sarsılmaz əzmi sayəsində xalqımızı elə bir tarixi imkan əldə etmişdir ki, bunun sayəsində Azərbaycan köhnə dünyadan və onun ənənələrindən sürətlə uzaqlaşmağa, elm, mədəniyyət, təhsil, ən əsası ictimai-siyasi intibah yoluna qədəm qoymağa nail olmuşdur.
 Heydər Əliyev və müasir Azərbaycan
Əliyeva Aygün Cahangir qızı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində
Azərbaycan Dövlət Pedaqoji kollecində İnformatika müəlliməsi
 
21.09.2023

 




[email protected]