Ümummilli Liderin ideyalarının həmişəyaşarlığı

Ümummilli Liderin ideyalarının həmişəyaşarlığı 
İranə Oqtay qızı Məmmədova
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
İbtidai təhsil fakültəsi, İbtidai təhsilin pedaqogikası kafedrasının müəllimi
 
 
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunduğu 2023-cü ilin ədəbiyyatşünaslıq gündəminin əsasını dahi liderin obrazının ədəbiyyatda əksi və bu obrazın ədəbiyyat-tarix kontekstində araşdırılması təşkil edir. Bu proses çağdaş ədəbiyyatşünaslığımızda daha əvvəlki illərdə də izlənilirdi. Müstəqillik illərində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Ümummilli Liderin obrazı elmi əsaslarla işlənilib, bu kontekstdə fərdi araşdırmalarla yanaşı, bir neçə kollektiv monoqrafiya da işıq üzü görüb. Ədəbiyyat İnstitutunun 1998-ci ildə çap olunan "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” adlı kollektiv monoqrafiyası 2009-cu ildə təkmilləşdirilərək yenidən nəşr edilib və Dövlət mükafatına layiq görülüb. 2018-2019-cu illərdə isə çağdaş ədəbiyyatşünaslıq elmini təmsil edən əsas imzaların birgə əməyinin nəticəsi olan, akademik İsa Həbibbəylinin ideya müəllifliyi və ümumi redaktəsi ilə hazırlanmış "Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” ikicildlik kollektiv monoqrafiyası çapdan çıxdı. Bu monoqrafiyada Ümummilli Liderin obrazı fərqli aspektlərdən çağdaş ədəbiyyatın güzgüsündə tədqiq olunub, Heydər Əliyev obrazının müstəqillik dövrü ədəbiyyatımızda inkişaf dinamikası izlənilib.
Ümummilli Lider Heydər Əliyevin obrazı müstəqillik dövrü ədəbiyyatımızın dramatik və lirik növündə də öz əksini müəyyən qədər tapıb. Epik növün sənədli janrları olan xatirə və oçerkdə də Ulu Öndərin obrazı mərkəzi mövqedədir. Lakin epik növün hekayə, roman və povest janrları ədəbi gündəmdə Ümummilli Liderin obrazının təzahürü baxımından çox zəif təmsil olunur. Heydər Əliyev obrazının müəyyən nəsr əsərlərində fraqmentar şəkildə işlənməsi isə obrazın tam açılmasına imkan vermir. Çağdaş nəsrimizdə Heydər Əliyev obrazı bir neçə hekayə ilə təmsil olunur. Bu kontekstdə nəzər saldığımız ilk nümunə Qalib Şəfahətin "Xilaskar” hekayəsidir. Hekayənin qəhrəmanı Nurlan 2020-ci ilin şanlı Vətən müharibəsinin iştirakçısı olan döyüşçünün oğludur. Atasının xiffətini çəkən uşaq müharibə günlərində bir arzu ilə - atasına qovuşmaq arzusu ilə yaşayır. Hər şəhid xəbərindən qübarlanan məktəbli dərs zamanı da özünü xəyalən atasının yanında – cəbhədə hiss edir. Nurlan bilir ki, atasına qovuşmağın yeganə yolu Qarabağın düşmən tapdağından xilas edilməsidir. Dərsdə müəllimin Heydər Əliyevin şəkli ilə bağlı sualı və uşaqların bu kontekstdə müzakirəsi yazıçının Ümummilli Liderin obrazını yaratmaq yolunda maraqlı priyomu kimi yadda qalır. Heydər Əliyevin ideyalarının bu gün də yaşadığını, onun davamçısı olan Prezident İlham Əliyevin timsalında reallaşdığını Qalib Şəfahət bir məktəblinin saf dünyası fonunda məharətlə vizuallaşdırır. Müəlliminin Ümummilli Liderin ideyalarının həmişəyaşarlığı ilə bağlı söhbətindən təsirlənən uşağın ağlayaraq Heydər Əliyevin heykəlindən Qarabağın düşməndən tez alınmasını və atasını qayıtmasını xahiş etməsi ilə Şuşanın azadlığı və müharibənin bitməsi xəbəri üst-üstə düşür. Körpə bir azərbaycanlının qəlbindən yüksələn və hekayənin sonunda verilən "Var olsun Heydər baba, mənim sözümü eşidib. Qarabağ bizimdir!” nidası Ümummilli Liderə və onun davamçısı olan prezidentimizə ümumxalq məhəbbətini, inamı və etibarı simvolizə edir.



[email protected]