SON XƏBƏRLƏR
Uşaq ikən ayaqyalın tərk etdiyimiz yurdlarımıza Ali Baş Komandan bizi qalib əsgər kimi qaytardı

ƏLİYEV VİDADİ RİZVAN OĞLU
ehtiyatda olan hərbçi

1984-cü il iyulun 17-də Ağdam rayonunun Papravənd  kəndində  anadan olub. 1993-cü ildən ailəsi məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşıb. Sumqayıtdakı 10 nömrəli orta məktəbin məzunu olub.
2003-2004-cü illərdə Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmət keçib. 2016-2019-cu illərdə "N" saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu,  2020-ci ildən isə Bakıdakı "N" saylı hərbi hissədə döyüş maşın komandiri kimi fəaliyyət göstərib. 
Vətən müharibəsinin iştirakçısıdır, I qrup Qarabağ müharibəsi əlilidir.
 "İgidliyə görə", "Şücaətə görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və Azərbaycan Silahlı Qüvvələrinin 100 illik "Yubiley" medalları ilə təltif edilib. 
Ailəlidir, 3 övladı var.

Mən Qarabağlıyam, müharibə uşağıyam. O torpaqda doğulmuşam. Mənim üçün Vətən Ağdamdan başlayır. 9 yaşımda "Qrad" mərmilərinin yağışı altında öz doğma kəndimi, rayonumu tərk etmək məcburiyyətində qalmışam. İllərlə boynubükük vəziyyətdə məcburi köçkünlük həyatı yaşamışam. Həyat bizi çox ağır sınaqlardan keçirib. 
Amma zaman yetişdi və Tanrı bizə İlham Əliyev kimi elə bir lider yetirdi ki, sönən çıraqlarımız yenidən alışdı, arzularımız, xəyallarımız çin oldu. 

Qüdrətli dövlət, güclü ordu yaradan Ali Baş Komandan İlham Əliyev yurd, torpaq həsrətimizə son qoyub Azərbaycan xalqının könlündə öz heykəlini ucaltdı. Prezident seçildiyi gündən işğalla barışmayacağını bəyan edən İlham Əliyev vədinə, sözünə sadiq lider kimi qətiyyət nümayiş etdirdi və işğalçı Ermənistanı diz çökdürdü.
Bu gün bizə - müharibə iştirakçılarına qəhrəman deyirlər. Amma mən əminliklə deyirəm ki, əsl qəhrəman İlham Əliyevdir. Çünki Qarabağ məhz Ali Baş Komandanın qətiyyəti, sarsılmaz iradəsi hesabına azad edildi. Əgər bu gün mən yurdsuz-yuvasız, boynubükük köçkün deyiləmsə, bunun səbəbkarı İlham Əliyevdir. Ona görə də bütün qarabağlılar kimi mən də ömrüm boyu Ali Baş Komandanıma minnətdar olacağam. 

 

Atəş altında güllə gilizləri ilə oynayan müharibə uşağı

 

Mən iki müharibə görmüşəm. Böyüdüyüm Papravənd kəndi Ağdam-Ağdərə yolunun üstündə yerləşirdi. Kəndimiz Qarapirim, Qalayçılar, Boyəhmədli kəndləri və şimal tərəfdən Ağdərə şəhəri ilə əhatə olunurdu. Müharibənin qızğın vaxtlarında məktəbə yenicə gedirdim. Hər gün atəş səsləri eşidirdim. Tankların, zirehli texnikaların səsindən qulaq tutulurdu. Babam da, atam da deyirdilər ki, Papravənd kəndi həmişə erməni vandallarına qarşı Azərbaycan xalqının apardığı uzunmüddətli mübarizədə qanlı döyüş meydanı olub. Atam, dayılarım, əmilərim kəndin özünümüdafiə dəstələrində düşmənə qarşı uzun müddət mübarizə aparıblar. 
Uşaqkən oyuncağım güllə gilizləri idi. Böyüyəndə isə o gülləni avtomata salırdım. Səbəbi, yəqin ki, bəllidir: doqquz yaşında valideyinləri ilə doğma kəndini tərk etmək məcburiyyətində qalan, illərlə məcburi köçkün kimi yaşamağa məhkum olan bir uşaq hansı hisslərlə böyüməli idi?!
Əlbəttə ki, qisas yanğısı içimi alışdırıb-yandırırdı. Böyüdükcə hərbçi olmaq istəyim daha da artırdı. Sumqayıt şəhərində məskunlaşmışdıq. Hər dəfə hərbi formalı gəncləri görəndə öz-özümə deyirdim: "Görəsən, mən də hərbçi ola bilərəmmi?"
Zaman yetişdi və 2003-cü ildə hərbi xidmətə yollandım. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmət keçdim. Hərbi xidməti bitirdikdən sonra bir müddət müxtəlif yerlərdə çalışıb ailəmi dolandırdım. 
2016-cı ildə sənədlərimi hazırlayıb müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçu kimi fəaliyyət göstərmək üçün Müdafiə Nazirliyinə göndərdim və müsbət cavab aldım. Təyinatla "N" saylı hərbi hissəyə manqa komandiri göndərildim. 
Çox həvəsli idim və istəyirdim ki, həm öyrənim, həm də gənc əsgərlərə nəsə öyrədim. Ordumuzun arsenalı getdikcə güclənirdi. Həm öz müdafiə sənayemizin istehsal etdiyi yeni silahlar, həm də xaricdən alınan texnikaların sayı artdıqca hiss edirdim ki, bu ordu müharibəyə hazırdır. Həm də şəxsi heyətin mənəvi-psixoloji durumu göstərirdi ki, Azərbaycan hərbçisi döyüşmək istəyir. Çünki müasir gənclik, həqiqətən də, yüksək vətənpərvərlik ruhunda böyümüşdür. Gənclər ancaq Qarabağın azadlığı, Azərbaycanın bütövlüyü barədə danışır, sanki müharibədən ötrü səbirsizlənirdilər. 
Aprel döyüşlərindən sonra mənə tam aydın oldu ki, Ali Baş Komandan İlham Əliyev müzəffər Ordu yaradıb və bu gün Azərbaycan əsgəri istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Bu məni çox sevindirirdi: inanırdım ki, gün gələcək, Qarabağı erməni işğalından qurtaracağıq.

 

Ağbirçək anamın sözləri: "Oğul, səni ölümə yox, öldürməyə göndərirəm!"

 

2019-cu ilədək Qusardakı hərbi hissədə çalışdım. 2019-cu ilin ortalarında isə qərara gəldim ki, özümü Xüsusi Təyinatlı Qüvvələrdə sınayım. Çünki çox həvəsli idim. Nazirliyə müraciət etdim ki, məni Bakıdakı "N" saylı hərbi hissəyə ("Həmlə" taboru) göndərsinlər. Bilirdim ki, həmin hərbi hissə xüsusi təyinatlı dəstələrdən ibarətdir. Müraciətimə müsbət cavab verildi və 2019-cu ilin sonlarından "Həmlə" taborunda döyüş maşın komandiri vəzifəsində çalışmağa başladım. 
Burada da eyni prosesin şahidi oldum: yüksək hazırlıqlı peşəkar şəxsi heyət, ən müasir silah-sursatla təchizat, ən əsası isə, əsgərlərə və zabitlərə xüsusi diqqət göstərən komandanlıq. Polkovnik-leytenant Cavid Fərhadovun rəhbərlik etdiyi taborun döyüş hazırlığı çox yüksək idi. Tez bir vaxtda şəxsi heyətə uyğunlaşdım və mən də xüsusi təyinatlıya çevrildim.
2020-ci ilin iyulunda Tovuz hadisələri baş verdi. Həm sevindik, həm də çox üzüldük. Sevindik ona görə ki, Aprel döyüşlərində olduğu kimi, yenə də düşmənə ağır zərbələr endirdik. Üzüldük, ona görə ki, bu savaşda generalımız Polad Həşimovu, yüksək rütbəli zabitlərimizi itirdik. O qəhrəmanlar arxada deyil, ön cəbhədə əsgərlərlə çiyin-çiyinə döyüşürdülər. 
Tovuz döyüşləri bizim qisas hissimizi daha da alovlandırdı. Hərbi hissədə hər kəsin arzusu müharibənin başlanması idi. Amma Aprel döyüşlərində olduğu kimi, atəşkəs elan edilsə də, nədənsə bu dəfə ölkədə ab-hava dəyişmişdi. Xalq sanki ayağa qalxmışdı. Heç kim zabitlərimizin itkisi ilə barışa bilmirdi. Həm bu proses, həm də düşmənin növbəti təxribat cəhdləri xalqın istəyini, arzusunu reallaşdırdı. Sentyabr ayında bizim haqq savaşımız başladı. Mənim isə uşaqlıq arzum gerçəkləşdi. İllər öncə oynadığım güllə gilizlərini atan silaha sarılaraq Qarabağa yollandım. 
Bəzən deyirlər ki, vaxtilə elindən-obasından ayaqyalın çıxan uşaqlar 2020-ci ildə yurduna tankın üstündə qayıtdılar. Bax, onlardan biri də mən idim.
Mənim məcburi köçkünlük həyatı yaşamış, acılar çəkmiş yaşlı anam var. Müharibə başlayanda çox soyuqqanlı şəkildə üzünü mənə tutub dedi ki, oğul, zaman yetişib, səni ölməyə yox, öldürməyə göndərirəm. Get, qisasımızı al! 
Mən də dedim ki, bu mübarizə üçün verə biləcəyim canım və qanımdırsa, o da vətənə fəda olsun! Yetər ki, 3 oğlum gələcəkdə başı dik, məğrur gəzsin!

 

Cibimdə 3 güllə gəzdirirdim

 

Sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətindən sonra bizə də komanda verildi və hazırlıqları görüb hərbi hissəni tərk etdik. Taborun şəxsi heyəti arasında elə bir ab-hava var idi ki, sanki savaşa yox, hansısa bayrama, şənliyə  gedirik. Çox qürurverici anlar idi.  
Biz Cəbrayıl istiqamətində toplandıq və taborumuz Bakının Xüsusi Təyinatlı Qüvvələrinin sərəncamına verildi. Gecə tapşırıq aldıq və əmrin icrasına başladıq. "Həmlə" taborunun vəzifəsi düşmən üzərinə hücum edərək atəş xəttini yarıb arxadan gələn qüvvələrimizə yol açmaqdan ibarət idi. 
Komandirimiz Cavid Fərhadov çox peşəkar və yüksək hazırlıqlı zabit idi. Onun tapşırıqları ilə hər bir əməliyyatımız uğurlu alınırdı. Onu da deyim ki, polkovnik-leytenant təkcə komandan yox, həm də bizə böyük qardaş idi. Hər bir əsgərin qayğısına qalır, yardımına yetişir və çox ibrətamiz fikirləri ilə şəxsi heyəti ruhlandırırdı. Onun hər bir kəlməsi əsgərlərin döyüş əzmini daha da artırırdı. 
Biz Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində çox ağır döyüşlərdə iştirak etdik. Ən ağır döyüşlərdən biri Füzulidə "Karyer" deyilən yerdə oldu: öncə Xocavənd-Füzuli yolunu bağladıq. Orada düşmənin müdafiə bunkeri var idi. Bizə tapşırıq verildi ki, arxadan manevr etməklə həmin ərazini ələ keçirək. Düşmən bizi minaatanlardan ağır atəşə tuturdu, buna baxmayaraq, döyüşə girib tapşırığı yerinə yetirdik. 
Demək olar, hər günümüz döyüşlə keçirdi. Cibimdə 3 güllə gəzdirirdim. Deyirdim, birdən yaralansam, düşmənə əsir düşməmək üçün özümü vuraram. O qədər ağır döyüşlər olurdu ki, sağ qalacağıma inanmırdım. 
İki həftədən sonra bizi Naxçıvanın Xüsusi Təyinatlı Qüvvələrinin sərəncamına verdilər və yeni tapşırıq aldıq: Füzulinin Dilağarda kəndini düşməndən təmizləməli idik. Ağır döyüş əməliyyatı keçirdik. Bu döyüşdə komandirimiz Cavid Fərhadov yaralansa da, şəxsi heyətə bildirmədi. Mən bir daha komandirimlə fəxr etdim. Çünki komandir yaralandığını bildirsəydi, şəxsi heyətdə ruh düşkünlüyü yarana bilərdi. Yaralı vəziyyətdə bizimlə bərabər döyüşdü və Dilağarda kəndini düşməndən təmizlədik. 
Sonra Xocavənd istiqamətində irəlilədik. Xəritəyə baxanda gördük ki, qarşımızdakı yüksəkliyin arxasında düşmənin hərbi hissəsi yerləşir. Komandir dedi ki, üzbəüz döyüşə girsək, ağır itki verə bilərik. Çünki düşmən yüksəklikdən bizi rahat şəkildə atəş altında saxlaya bilərdi. Ona görə də komandir dedi ki, yüksəkliyin ətəyi ilə hərəkət edib arxadan düşmənə zərbə endirsək, daha əlverişli olar. Demək olar, birgünlük yolu 2 saata qət etdik. Gecə hərəkət edib təyin olunmuş mövqeyə çatdıq. Gördük ki, qarşımızda böyük bir alay var. Bir qədər gözlədik və komanda verildikdə hücuma keçdik. Düşmən təlaşa düşmüşdü. Elə bilirdilər ki, onları hər tərəfdən mühasirəyə almışıq. Çünki bizim arxa tərəfdən hücuma keçməyimizi ağıllarına da gətirməzdilər. Biz alayın yerləşdiyi ərazini arxadan həmlə ilə ələ keçirdik və qarşıdakı erməni hərbçiləri yüksəklikləri qoyub qaçdılar. 
Hərbi hissəyə daxil olduq və Ermənistan bayrağını endirib, öz bayrağımızı ucaltdıq. Ermənilər digər yüksəkliklərdən bizi ağır artilleriya atəşinə tutdular. Hərbi hissəni tərk etmədik. Sonra qırıcı təyyarə ilə bizi atəşə tutmağa başladılar. Yenə də mövqelərimizdən çəkilmədik. Həmin döyüşdə komandirimiz Cavid Fərhadov növbəti dəfə yaralandı. Amma yenə də komandir təxliyə olunmadı və bizimlə irəliləməyə davam etdi. 
Biz çox sürətlə irəliləyirdik. Yorulsaq da, ac qalsaq da, ayağımızda təpər var idi. Bizi  aparan qüvvə vardı sanki... Ağdamı, kəndimizi görmək, torpağı qucaqlamaq üçün alışıb-yanırdım. Ona görə də həvəslənirdim və Ali Baş Komandanın qələbə xəbərləri məni çox ruhlandırırdı. Biz Ali Baş Komandanımıza inanırdıq, güvənirdik. Bilirdik ki, bu savaş Aprel döyüşləri kimi yarımçıq dayanmayacaq. Çünki Prezidentin qətiyyətli çıxışları göstərirdi ki, Azərbaycan Ordusu Qarabağı tam azad etməyincə döyüş dayanmayacaq.    
Hərbi hissəni ələ keçirdikdən sonra Xocavənd rayonunun mərkəzinə tərəf irəliləməyə başladıq. Geri qayıda bilməzdik. Çünki düşmən qüvvələrinin arxasına keçmişdik. Ona görə də irəli getdik. 
Noyabrın 3-də bizə tapşırıq verildi ki, yüksəkliyə qalxıb mövqelənək. Səhərə yaxın tank bölmələrimiz həmin əraziyə hücuma keçəndə biz də arxadan dəstək verməli idik. Yəni biz düşmənin əhatəsində idik. Gecə hərəkətə başlayıb yüksəkliyə qalxdıq. Səhərə qədər gözlədik və hava açılanda xəbər gəldi ki, biz mövqeyimizi dəyişməliyik. Hərəkət etməyə başlayanda bizi gördülər və 4 tərəfdən atəşə tutmağa başladılar. Bütün silahlardan atəş açırdılar. 
Arxa tərəfdə düşmən qüvvələri daha çox idi. Biz də məcbur olub gecə düşmənin üzərinə doğru hərəkət etdik. Onların ağlına da gəlməzdi ki, bir gecənin içində biz Xocavəndə yetişə bilərik. 
Qarşımızda "530" yüksəkliyi var idi. Biz həmin yüksəkliyə qalxdıq və  yenə də düşmən bizi gördü. Ağır artilleriya ilə vurmağa başladılar. Silahdaşlarımız arasında yaralananlar oldu. Gördüm ki, əsgərlərin çoxu açıq sahədə qalıb. İstədim ki, onları çağırıb yeni tutduğumuz səngərə yerləşdirim. Bir az irəliləmişdim ki, başıma güllə dəydi. Məsafə çox yaxın olduğu üçün güllə başımdakı kaskanı deşib keçmişdi. Huşumu itirdim, sonrasından xəbərim olmadı. 
Həmin vaxt bölük komandirim Nizami Hüseynli məni tez səngərə salıb ilk tibbi yardım göstərdi. Başımı bintlə sarıyaraq kaskanı geyindirdi ki, qanaxma artmasın. Allah mənə sanki güc vermişdi. Məni arxadan təminat gətirən qüvvələrlə geri qaytardılar. Yolda bir neçə dəfə yıxılıb-qalxmışam. Lakin yenə də öz ayaqlarımla Füzuliyə qədər getmişəm. Gözüm görmürdü, danışa da bilmirdim. Füzuliyə çatanda məni ambulansa  mindirib Əhmədbəyli hospitalına gətirdilər. Burada həkimlər başımda əməliyyat apardılar və gördülər ki, güllə sinirə toxunub, ona görə də təcili Bakıya göndərdilər. Noyabrın 5-də Bakıda yenidən əməliyyat ediblər, lakin güllənin çıxarılması mümkün olmayıb. 

 

Ali Baş Komandan xalqın xilaskar lideri kimi tarixə düşdü

 

5 gün komada qalmışam. Noyabrın 10-da palatada səs-küyə oyandım. Gözüm görmürdü, amma həkimlərin səsindən başa düşdüm ki, müharibə qurtarıb. Tibb bacılarını çağırıb soruşdum ki, nə baş verib? Dedilər ki, Qələbə qazanmışıq. Bundan gözəl xəbər ola bilməzdi. Hönkürüb ağlamaq istədim, amma özümü güclə saxladım. 
Sonra həkim gəlib dedi ki, gülləni başımdan çıxara bilməyiblər. Əgər gülləyə toxunulsa, ölə bilərəm. İndi də bu vəziyyətdə yaşayıram, həkimlər deyir, zaman lazımdır. 
Bir müddətdən sonra yenə əməliyyat olunmalıyam. Sol gözüm görmür, sağ hissəmdə bəzi sinirlərimin fəaliyyəti bərpa olunmayıb. Birinci qrup müharibə əliliyəm. Amma Allaha min şükür, dövlətimdən heç bir narazılığım yoxdur. Xüsusən də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyindən çox razıyam. Hospitalda müalicə vaxtı bizə xüsusi diqqət, qayğı göstərib, müalicə prosesimiz daim onun nəzarəti altında olub. Mənə lazım olan hər cür qayğı göstərilib. 
Bu savaşda iştirak etdiyim üçün çox qürurluyam. Ali Baş Komandan İlham Əliyevə nə qədər minnətdarlıq etsək, azdır. Çünki Baş sərkərdəmiz mənim doğma yurdum Ağdamı, Kəlbəcəri, Laçını bir güllə atmadan azad etdi. Əgər həmin ərazilərdə savaş olsaydı, çox itkilər verərdik. Amma İlham Əliyev düşməni məcbur etdi ki, bu torpaqlardan rədd olsun. Yəni Ermənistan Azərbaycan Prezidentinin diplomatiyası qarşısında diz çökdü və Baş sərkərdəmiz Azərbaycan xalqının xilaskar lideri kimi adını tariximizin şanlı səhifəsinə yazdı. 
Qalib dövlətin qalib əsgəri kimi hər zaman Prezidentimlə, dövlətimlə və qədirbilən xalqımla qürur duyur, fəxr edirəm.




[email protected]