Rəşad Dağlının dostunu güllələyən şəxsin cəzası azaldıldı

Bakıda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Tural Nağıyevin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb və onun cəzası azaldılıb.

Bu barədə Bakı Apellyasiya Məhkəməsinin hakimi Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Məhkəmənin qərarına əsasən, onun 13 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 6 ay azaldılıb.

Qeyd edək ki, hadisə 2019-cu il dekabrın 22-də Yasamal rayonu, Şərifzadə küçəsi, 67A nömrəli evin qarşısında baş verib.

Belə ki, T.Nağıyev "Niva” markalı avtomobilə atəş açıb. Nəticədə həmin vaxt maşında olan 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu və 1984-cü il təvəllüdlü Bağıyev İlkin Gülhüseyn oğlu yaralanıb. Z.Muradov sinəsindən, İ.Bağıyev isə bud nahiyəsindən yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Daha sonra T.Nağıyev tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Yasamal Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Nağıyev 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Xatırladaq ki, güllələnən Z.Muradov tanınmış meyxanaçı Rəşad Dağlının dostudur. O, xəstəxanadan çıxandan sonra həbs edilib. Ona qarşı külli miqdarda narkotik vasitə əldə etmə və satma maddəsi ilə ittiham irəli sürülüb və 6 il müddətinə azadlıqdan məhrum edilib.




[email protected]