Əslində Azərbaycanda Boloniya sistemi daha da təkmilləşdirilməlidir - Rusiyadan nümunə götürməyə dəyməz

Rusiyanın Təhsil və Elm Nazirliyi Boloniya sistemindən imtina ediləcəyini və "unikal" bir ali təhsil modelini hazırlayacağını bəyan edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiyanın təhsildə Boloniya sistemindən imtina etməsinin obyektiv səbəbləri var. Bundan əvvəl də ölkənin Təhsil və Elm Nazirliyi Rusiyanın Boloniya sistemindən imtina edəcəyini və özünün "unikal" ali təhsil modelini hazırlayacağını açıqlamışdı.

Qeyd edək ki, Azərbaycanda da zaman-zaman təhsil ekspertləri və ölkə ziyalıları səviyyəsində Boloniya sisteminin ləğvi ilə bağlı müxtəlif təkliflər səsləndirilir.

Azərbaycanın ali təhsil pilləsində Boloniya sisteminin tətbiqi uzun bir dövrü əhatə etsə də hələ də sistemə münasibət birmənalı deyil.

Ali məktəblərin bir çoxu öz göstəriciləri ilə Boloniya səviyyəsinə uyğun gəlmir.

Hələ də tələbələr kifayət qədər məlumatlandırılmır və müəyyən nöqsanlar var. Bəzi universitetlər onu formal qəbul edib.

Məsələn, dünyəvi Boloniya sisteminə görə, tələbə istədiyi vaxt mühazirədə iştirak etməyə bilər. Amma bizdə bu dərslərdə iştirak etmək məcburidir. Əks halda qayıb yazılır. Gundemxeber.az xəbər verir ki, Azərbaycanda Boloniya sisteminin 1994-95-ci illərdən tətbiq edilməyə başladığını xatırladan təhsil eksperti Elşən Qafarovun "Şərq”ə açıqlamasına görə, Rusiyadakı ali təhsil müəssisələrinin bir qismi Boloniya sisteminə keçmişdi, bizdə isə ölkənin bütün ali və orta ixtisas məktəbləri bu sistemi qəbul edib:

"Moskva Dövlət Universitetinin rektor, akademik Viktor Antonoviç Sadovniç elə ilk gündən bu sistemin əleyhinə olub. Bunları deməkdə məqsədim odur ki, Rusiyadan fərqli olaraq Azərbaycan ali və orta təhsil müəssisələrində Boloniya artıq oturuşmuş bir sistem hesab olunur və demək olar ki, bütün hüquqi – normativ sənədlərdə bu sistem öz əksini tapıb. Rusiya ilə Avropa arasındakı münasibətlər kəskinləşdiyi üçün onlar bu sistemdən imtina ilə bağlı qərar qəbul ediblər.

Ona görə də onları nümunə götürərək bizdə də bu sistemin ləğvi ilə bağlı məsələ qaldırılmasına ehtiyac görmürəm. Əksinə, bu sistem daha da təkmilləşdirilməlidir”.





[email protected]