Böyük Qələbənin memarı və strateqi İlham Əliyev: Ali Baş Komandan, Prezident, döyüşçü...

Dünyadakı bütün azərbaycanlılar üçün bu gün gerçəkdən, böyük qürur günüdür. Mübaliğəsiz-filansız, bu gün biz yalnız Şuşanın yox, həm də xalqımızın təzədən doğulduğu günün ilk ildönümünü qeyd edirik. O xalq ki, düşmənin "miatsum” arzusunu, "məğlubedilməz ordusu”nu cəmi 44 gündə çilik-çilik etdi. Ermənistana və onun gizli-açıq havadarlarına öz yerini göstərdi, əməllicə dərs verdi.

30 illik işğal dövründə İrəvan və havadarları çox çalışdılar ki, bizi işğalla, ərazi itkisi ilə, ikinci saxta "erməni dövləti”nin varlığı ilə barışdırsınlar. Bizi halal və qanuni torpaqlarımızdan soyutsunlar. Bunun üçün hansı oyunlardan çıxmadılar.

Ancaq bacarmadılar. Azərbaycan xalqının böyüklüyünü, müdrikliyini, potensialını hesablaya bilmədilər. Biz yenə o torpaqlara qayıtdıq. Bu dəfə əbədi. Çünki təcavüzkar və onu himayə edənlər unutmuşdular ki, bir ordunu məğlub eləmək olar, ancaq xalqa qalib gəlmək mümkün deyil!

Elə də oldu. Xalq yumruq kimi öz Ali Baş Komandanının ətrafında birləşərək işğala cəmi ayarıma son qoydu. İşğalçıları iti qovan kimi torpaqlarımızdan qovdu. Doğrudur, şəhidlərimiz, qazilərimiz oldu. Ancaq erməni tərəfi qat-qat çox canli, maddi və mənəvi itki verdi.

Ən əsası, düşmənin özündənrazı, qalib ədası həmişəlik sındırıldı, erməni faşizminin başı əzildi. Erməni lobbisi layiqli dərs aldı. "Dənizdən-dənizə Böyük Ermənistan” planları darmadağın edildi, "status məsələsi” tarixin zibilliyinə atıldı.

Vətən müharibəsindəki qələbəmizi, Şuşanın qurtuluşunu reallaşdıran sözsüz ki, şanlı Ordumuz oldu. Ancaq əlbəttə ki, bu qələbənin memarı müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Bir strateq olaraq, o, torpaqlarımızın azadlığı, Vətən müharibəsi üçün olduqca əlverişli zaman kəsiyi seçməyi, mürəkkəb bölgəmizdə proseslərin nəbzini tutmağı, optimal regional və beynəlxalq şərtləri təmin etməyi, o sırada Ermənistanın 1 nömrəli strateji müttəfiqi Rusiyanın neytrallığını təmin etməyi bacardı. 27 sentyabr 2020-ci ilədək bir çoxlarının, eləcə də mənfur ermənilərin mümkünsüz saydığını məhz İlham Əliyev mümkünə çevirdi! Dövləti, xalqı, ordunu, iqtisadiyyatı illərlə, səbirlə qələbəyə hazırladı. Əsgərimizlə bərabər hərb meydanında, eyni zamanda diplomatiya, informasiya və təbliğat meydanlarında qeyri-bərabər qüvvələrə qarşı, beynəlxalq ermənipərəst çevrələrə və paytaxtlara və onların güclü təbliğat maşınına qarşı 44 gün, yorulmadan, gecə-gündüz döyüşərək Böyük Zəfərimizin hərbi-siyasi-diplomatik əsaslarını təmin etdi. Üstəlik, "Ermənistan” adlı tarixi torpaqlarımıza - Qərbi Azərbaycana dönüş üçün güclü ideoloji zəmin yaratdı...

Təşəkkürlər, Ali Baş Komandan! Təşəkkürlər, Azərbaycan əsgəri! Şanlı Qələbən mübarək, Azərbaycan! Qarabağ Azərbaycandır!..





[email protected]